18 Noyabr 2025 01:18
2933
Fərmanlar
A- A+
Mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi əsasnaməsi

Mərkəzi icra hakimiyyəti orqanlarının nümunəvi əsasnaməsi


Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir



1. Ümumi müddəalar

1.1. Mərkəzi icra hakimiyyəti orqanı (bundan sonra - Orqan) normativ hüquqi aktlarla müəyyən edilmiş sahələrdə (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini, dövlət nəzarətini, dövlət tənzimləməsini və əlaqələndirməni həyata keçirir.

1.2. Orqan öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Orqan haqqında Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Orqanın hüquqi aktlarını rəhbər tutur.

1.3. Orqan öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Orqanın müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Orqanın saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. 

1.6. Orqan Bakı şəhərində yerləşir.


2. Orqanın fəaliyyət istiqamətləri

2.1. Orqanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

2.1.2. müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək; 

2.1.3. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.4. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək; 

2.1.5. Orqan haqqında Əsasnamədə göstərilən və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.


3. Orqanın vəzifələri

3.1. Orqan haqqında Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Orqanın vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

3.1.2. müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini aidiyyəti dövlət orqanları ilə birlikdə təmin etmək;

3.1.3. müvafiq sahədə dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsi üçün tədbirlər görmək; 

3.1.4. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq sahədə korrupsiya risklərini azaltmaq məqsədilə korrupsiya risklərini və həmin risklərə uyğun olaraq hədəfləri müəyyən etmək, eləcə də həmin risklərin təhlili, qiymətləndirilməsi və qarşısının alınması üzrə tədbirlər görmək; 

3.1.5. müvafiq sahə ilə bağlı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək;

3.1.6. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.1.7. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

3.1.8. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq olaraq lisenziya və icazə vermək, lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət etmək, lisenziya və icazə verən orqanın digər səlahiyyətlərini həyata keçirmək, Orqanın fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı lisenziya və icazə verilməsinə rəy (razılıq) vermək, habelə normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada digər hüquqmüəyyənedici sənədlər vermək; 

3.1.9. müvafiq sahədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.1.10. müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunmasına nəzarət etmək və dövlət maraqlarının qorunmasını təmin etmək;

3.1.11. müvafiq sahədə inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə, müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun tədbirlər görmək;

3.1.12. müvafiq sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı üçün tədbirlər görmək;

3.1.13. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək, habelə elmi tədqiqatlar aparılmasını təşkil etmək;

3.1.14. müvafiq sahəyə ayrılan büdcə vəsaiti, fəaliyyət istiqamətləri üzrə əldə edilən büdcədənkənar vəsaitdən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.15. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.16. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin internet informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daimi yenilənməsini təmin etmək;

3.1.17. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.1.18. fəaliyyət sahəsində əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək;

3.1.19. Orqanın Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görmək;

3.1.20. Orqanın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək; 

3.1.21. Orqanın Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə, o cümlədən vəzifələrini yerinə yetirmək üçün ayrılan büdcə vəsaitindən və digər vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;

3.1.22. Orqanın strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən fəaliyyət istiqamətləri üzrə daxil olan təklifləri ümumiləşdirmək və tədbirlər görmək;

3.1.23. Orqanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.24. Orqanın sistemində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi işini təşkil etmək;

3.1.25. müvafiq sahə üzrə statistik uçot aparılmasını təmin etmək;

3.1.26. Orqanda kargüzarlıq, rəqəmsal sənəd dövriyyəsi və arxiv işinin aparılmasını təşkil etmək;

3.1.27. Orqanda icra və əmək intizamına riayət olunması üçün tədbirlər görmək;

3.1.28. inzibati icraata dair fəaliyyətini "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş prosedur qaydaları daxilində və prinsiplər əsasında həyata keçirmək;

3.1.29. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Orqan yanında İctimai Şura yaradılmasını təmin etmək;

3.1.30. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, səfərbərlik hazırlığı və səfərbərlik tədbirlərinin həyata keçirilməsində iştirak etmək;

3.1.31. Orqan haqqında Əsasnamədə göstərilən və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.


4. Orqanın hüquqları

4.1. Orqan haqqında Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün Orqan aşağıdakı hüquqlara malikdir:

4.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.1.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.1.3. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;

4.1.4. fəaliyyət istiqamətlərinə aid məsələlərə dair dövlət orqanlarına (qurumlarına) və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.5. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, verilmiş səlahiyyətlər daxilində beynəlxalq əməkdaşlığı həyata keçirmək;

4.1.6. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, tədqiqatlar, araşdırmalar, yoxlamalar və ümumiləşdirmələr aparmaq, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq; 

4.1.7. normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada tabeliyində müvafiq qurumlar və ya strukturu daxilində bölmələr (idarə, şöbə) yaratmaq, yenidən təşkil və ləğv etmək, həmçinin strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək;

4.1.8. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi və elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;

4.1.9. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.10. istifadəsinə verilmiş dövlət əmlakı üzərində  normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;

4.1.11. səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;

4.1.12. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;

4.1.13. Orqan haqqında Əsasnamədə göstərilən və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.


5. Orqanın fəaliyyətinin təşkili

5.1. Orqanın Aparatı və onun strukturuna daxil olan qurumlar (dövlət agentlikləri, dövlət xidmətləri, yerli bölmələr və s.) və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi şəxslər və s.), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı (əgər vardırsa) Orqanın vahid sistemini təşkil edir. Orqan öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Orqan işçilərinin ümumi say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Orqanın strukturunu Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Orqanın strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Orqanın fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (nazir, sədr, rəis və s.) rəhbərlik edir. Orqanın rəhbəri Orqana həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Orqanın rəhbərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (müavinləri) vardır. Orqan rəhbərinin müavini ona Orqan rəhbərinin həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.5. Orqanın rəhbəri:

5.5.1. Orqanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, habelə Orqanın digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. Orqanın Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və Elmi-Texniki Şurasının əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini təsdiq edir;

5.5.4. bu Əsasnamənin 5.11-ci bəndində Orqanın Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;

5.5.5. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Orqanın strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq üçün təqdim edir;

5.5.6. dövlət büdcəsindən ayrılmış vəsait və işçilərin müəyyən olunmuş say həddi daxilində Orqanın Aparatının struktur bölmələrini və Orqanın strukturuna daxil olan qurumların struktur bölmələrini (müvafiq strukturların Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildiyi hallar istisna olmaqla) yaradır və ləğv edir; 

5.5.7. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı tədbirlər görür, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini, həmçinin bu məlumatların qəbul edilməsi və araşdırılması, maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi və korrupsiya risklərinin idarə edilməsi üçün bir və ya bir neçə səlahiyyətli struktur bölməni (şəxsi) müəyyən edir; 

5.5.8.Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Orqanın Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu (bu Əsasnamənin 5.5.6-cı yarımbəndi nəzərə alınmaqla), ştat cədvəlini, ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində onların gəlir və xərclər smetasını təsdiq edir;

5.5.9. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyindəki qurumların göstərdiyi xidmətlərdən (gördüyü işlərdən) əldə olunan gəlirlərin sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Orqanın Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım, mükafat və qanunla müəyyən olunmuş digər ödənişlərin verilməsini təmin edir; 

5.5.10. Orqanın səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir; 

5.5.11. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər ilə, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə Orqanı təmsil edir, verilmiş səlahiyyətlər daxilində danışıqlar aparır və müvafiq beynəlxalq sənədləri imzalayır; 

5.5.12. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;

5.5.13. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar və Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxslər istisna olmaqla, Orqanın Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların  işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.14. Orqanın Aparatının, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinə müvafiq olaraq xüsusi, hərbi, diplomatik rütbələr və ixtisas dərəcələri verir, ali xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin verilməsi, həmçinin xüsusi fərqlənmiş işçilərə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət təltifləri ilə təltif olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir; 

5.5.15. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Orqanda qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.16. Orqanın vəzifəli şəxslərinin normativ hüquqi aktlara zidd olan qərarlarını ləğv edir;

5.5.17. Orqan haqqında Əsasnamədə göstərilən və normativ hüquqi aktlara uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

5.6.Orqanın rəhbəri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.

5.7. Orqanın strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.8. Orqanda Orqanın rəhbərindən (Kollegiyanın Sədri), onun müavinindən (müavinlərindən), Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının (əgər vardırsa) rəhbərindən və Orqanın digər rəhbər işçilərindən ibarət Kollegiya yaradılır. Orqanın Kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər.

5.9. Orqanın Kollegiyası üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.10. Orqanın Kollegiyası öz iclaslarında Orqanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

5.11. Orqanın Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.11.1. Orqanla digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Orqana tapşırılmış konkret normativ hüquqi aktlar;

5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

5.11.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

5.11.5. bu Əsasnamənin 5.11.1-5.11.4-cü yarımbəndlərinə uyğun olaraq Orqanın Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktlar.

5.12. Orqanın Kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Orqanın Kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Orqanın Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olduqda, Kollegiya sədrinin səsi həlledici hesab edilir.

5.13. Orqanın Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Orqanın rəhbəri bu barədə bu Əsasnamənin 5.9-cu bəndinə əsasən, müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Orqanın Kollegiyasının üzvləri şəxsi fikirlərini bu Əsasnamənin 5.9-cu bəndinə əsasən, müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər (hərbi qurumlara münasibətdə həmin sahədə qanunların tələbləri nəzərə alınmaqla).

5.14. Orqanın Kollegiyasının iclaslarına digər dövlət orqanlarının (qurumlarının) və hüquqi şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər. 

5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Orqanda ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən Elmi-Texniki Şura yaradıla bilər. 

5.16. Orqanda, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Orqanın, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"nin 1.9-cu bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

Xarici işlər naziri: Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir

18:08
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!