Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı konkret tədbirin hüdudlarını xeyli aşaraq bir növ proqram sənədi idi. Bu çıxış dövlət rəhbərliyinin keçilmiş yolu necə qiymətləndirdiyini və ölkənin bundan sonrakı hərəkətini necə gördüyünü başa düşməyə imkan verir: “Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.
Qurultayın keçirildiyi yer – Heydər Əliyev Mərkəzi bu çıxışa əlavə rəmzi məna qazandırdı. Həmçinin simvolik haldır ki, bu, Azərbaycanın ərazi bütövlüyünü və ölkənin suverenliyini tam bərpa etməsindən sonra YAP-ın ilk Qurultayı idi. Bununla belə, dövlət başçısı ümumilikdə öz nitqində bir neçə suala faktiki olaraq, eyni anda cavab verdi:
✔ Azərbaycan ən yeni tarixinin böhranlı, ağır səhifələrindən nə üçün keçə bildi;
✔ ölkə ərazi bütövlüyünü necə bərpa etdi;
✔ dövlət qarşısında artıq başqa vəzifələrin durur;
✔ hazırda dövlətimizin inkişafını hansı prinsiplər müəyyən etməlidir.
Prezident İlham Əliyev müasir dövlət strategiyasını haqlı olaraq, bir daha Ümummilli Lider Heydər Əliyevin siyasi irsi ilə əlaqələndirdi. Onun sözlərinə görə, taktiki və hətta ayrı-ayrı strateji məqsədlər zaman keçdikcə dəyişə bilər, lakin baş xətt dəyişməz olaraq qalır: müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz resurslarından maksimum səmərəli istifadə.
Bu, bəlkə də indiki çıxışın əsas məna mərkəzlərindən biridir. Söhbət təkcə iki siyasi dövrün varisliyindən deyil, həm də Bakıda mövcud dövlət modelinin Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra təməlini qoyduğu kursun davamı kimi qiymətləndirilməsindən gedir. Prezident İlham Əliyev bir daha vurğuladı ki, "Yeni Azərbaycan" Partiyasının yaradılması və Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması həmin dövrün ictimai vəziyyətindən, xalqın tələbindən irəli gəlirdi: “O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi”.
Tarixə indiki interpretasiyada məhz bu dövrlə müstəqil dövlətçiliyin əsaslarının, siyasi sabitliyin və Azərbaycanın sonrakı iqtisadi inkişafının formalaşması bağlanılır. Qarabağ probleminə müraciət etmək xüsusilə vacib idi. Prezident İlham Əliyev bəyan etdi ki, əgər Qarabağda separatçılıq meyillərinin yarandığı dövrdə Heydər Əliyev Azərbaycanda olsaydı, o, hadisələrin ölkənin üzləşdiyi ssenari üzrə inkişaf etməsinə imkan verməzdi. Dövlət başçısı həmçinin, haqlı olaraq vurğuladı ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkənin xilas olacağına ümid bağlayırdı.
Çıxışın bu hissəsində Heydər Əliyev siyasi irsi ilə son onilliklərin nəticələri arasındakı əlaqə xüsusilə aydın görünür. Məsələnin özünün tarixi dramatikliyini qeyd etməmək olmaz: 1990-cı illərin əvvəllərində Azərbaycan müharibə ilə, ərazisinin əhəmiyyətli hissəsi üzərində nəzarətin itirilməsi ilə, çoxlu sayda qaçqın və məcburi köçkünlərlə, həmçinin dərin siyasi və iqtisadi böhranla üzləşdi. Məhz onilliklər sonra ərazi bütövlüyünün bərpa olunması illərlə davam edən dövlət strategiyasının əsas yekunu oldu.
Bu strategiya ardıcıl zəncirə bənzəyir: dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası, müasir ordunun yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, müstəqil xarici siyasətin formalaşdırılması və son nəticədə ərazi bütövlüyünün bərpası. Prezident İlham Əliyevin özü vurğuladı ki, Qələbədən sonra iş ərazi bütövlüyünün tam bərpa olunmasına yönəldilib və İkinci Qarabağ müharibəsi ilə antiterror əməliyyatı arasındakı dövrdə Azərbaycan eyni vaxtda bir neçə istiqamətdə hərəkət edib.
Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, Tarixi Qələbə dövlət üçün son nöqtə olmayıb. Əksinə, o, yeni gündəm yaratdı. Artıq azad edilmiş ərazilərin bərpası, insanların geri qayıtması, infrastrukturun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inteqrasiyası və yeni regional reallıqların möhkəmləndirilməsindən söhbət gedir. Başqa sözlə desək, hərbi qələbə sülh quruculuğunda davamını tapmalıdır.
Buradan Prezident İlham Əliyevin digər tezisi də aydın olur – hərbi potensialın daha da gücləndirilməsinin zəruriliyi. O, bunu birbaşa formulə etdi: təhlükəsizlik yalnız əlverişli vəziyyətin əbədi qalacağı ehtiyacına əsaslana bilməz. Müharibə və ərazisinin əhəmiyyətli hissəsinin işğalını yaşamış dövlət üçün güclü ordunun mövcudluğu milli təhlükəsizliyin elementlərindən biri kimi qiymətləndirilir. Məhz buna görə də Prezident hərbi qüdrətin bundan sonra da artırılmasını ölkənin əsas vəzifələrindən biri adlandırdı.
Dövlət başçısı çıxışının digər mühüm məqamı – Azərbaycanın indiki beynəlxalq mövqeyinin dərk edilməsidir. Prezident İlham Əliyev bəyan etdi ki, bu gün respublika beynəlxalq aləmdə böyük hörmətə layiq olan ölkədir, bir sıra tanınmış ekspertlər və analitiklər isə Azərbaycanı artıq orta güclər kateqoriyasına aid edirlər. Eyni zamanda, o, belə statusu hər şeydən əvvəl iqtisadi müstəqillik, siyasi çəki və dövlətin öz taleyini müstəqil müəyyən etmək qabiliyyəti ilə əlaqələndirdi.
"Bizim taleyimiz – öz əlimizdədir" düsturu bu kontekstdə xüsusilə əyani səslənir. Xarici siyasət, çıxışın məntiqinə görə, qərarların qəbul edilməsində maksimum azadlığı təmin etməlidir. Prezident bir daha bəyan etdi ki, Azərbaycan xarici himayədarlıq və onun daxili işlərinə müdaxilədə maraqlı deyil.
Bu mövqe ölkənin indiki rəhbərliyinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin əsas elementlərindən biri hesab etdiyi müstəqillik anlayışı ilə birbaşa bağlıdır.
Lakin XXI əsrdə müstəqillik təkcə siyasi suverenlik deyil. O, iqtisadi təməl olmadan qeyri-mümkündür. Ona görə də çıxışda sosial-iqtisadi tərkib hissəsi heç də ikinci dərəcəli yer tutmadı. Prezident İlham Əliyev məlumat verdi ki, gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı artıq tapşırıq verilib. Beləliklə, əhalinin rifahının bundan sonra da yüksəldilməsi birdəfəlik tədbir kimi deyil, dövlət siyasətinin davamı kimi qeyd olundu. Bu tezis həm də ona görə vacibdir ki, Prezidentin təqdim etdiyi koordinatlar sistemində iqtisadi müstəqillik vətəndaşlar tərəfindən həyat səviyyəsinin yaxşılaşdırılması vasitəsilə birbaşa hiss olunmalıdır.
Dövlət başçısı ideoloji işə xüsusi diqqət ayırdı. Burada şablonlardan və tədbirlərin formal keçirilməsindən imtina edərək müasir iş üsullarına keçmək çağırışı səsləndi. Prezidentin formalaşdırdığı prinsip özü vacibdir: Azərbaycanın ideoloji məkanı yad təsirlərdən azad olmalıdır. Eyni zamanda, çıxışın kontekstindən göründüyü kimi, söhbət süni miflərin yaradılmasından deyil, real hadisələrə və əldə edilmiş nəticələrə əsaslanan öz tarixi narativinin formalaşdırılmasından gedir. Prezident İlham Əliyev vurğuladı: "Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil”. Və burada gələcək nəsillərlə işin nədən ibarət olmalı olması sualı ortaya çıxır. Indiki şəraitdə ona cavab kifayət qədər aşkar görünür: öz tarixinə bələd olmaqdan. Gənc azərbaycanlılar ölkənin hansı sınaqlardan keçdiyini, müstəqilliyin hansı qiymətə qorunub saxlanıldığını, ərazi bütövlüyünün nə üçün milli vəzifəyə çevrildiyini və onun necə bərpa olunduğunu başa düşməlidirlər. Eyni zamanda, söhbət təkcə Qələbənin hərbi tərəfdən deyil, həm də ondan əvvəl gələn on illiklərlə iqtisadi, diplomatik, institusional və hərbi hazırlıqdan gedir.
Məhz buna görə də Prezident İlham Əliyevin indiki çıxışını keçmiş, bu gün və gələcək arasında bir növ birləşdirici bənd kimi nəzərdən keçirmək olar. Onun məntiqində Azərbaycanın nailiyyətləri uğurlu təsadüflər zəncirinin nəticəsi deyil. Onlar varisliyin uğurun əsas şərtlərindən biri kimi nəzərdən keçirildiyi ardıcıl dövlət siyasətinin nəticəsi kimi təqdim olunur.
Azərbaycan həqiqətən də artıq tamamilə başqa tarixi reallıqda yaşayır. Hələ bu yaxınlarda əsas məsələ ərazi bütövlüyünün bərpası idi. Bu gün bu vəzifə həll olunub və ön plana azad edilmiş torpaqların bərpası, vətəndaşların rifahının yüksəldilməsi, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, hərbi potensialın qorunub saxlanılması və beynəlxalq mövqelərin daha da gücləndirilməsi çıxır.
Gələcək nəsillər üçün isə bu, müasir Azərbaycanın əsas dərkəsidir: dövlət yalnız onun payına hansı sınaqların düşdüyü ilə deyil, həm də bu sınaqlardan necə keçməyi bacarması ilə qiymətləndirilir. Bu mənada "Yeni Azərbaycan" Partiyasının VIII Qurultayı- sadəcə növbəti partiya tədbiri deyil, ölkənin keçmişinin, bu gününün və gələcəyinin bütöv mənzərəsinin formalaşdırıldığı platforma oldu.
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri