Forum Lənkəran Şəhər İcra Hakimiyyətinin, Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Regional Mədəniyyət İdarəsinin tərəfdaşlığı ilə Lənkəranda ilk Gənclər Forumunun keçirilməsinin 30 illiyinə həsr olunub.
Çıxışlarda bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nəticəsində Azərbaycan gəncləri bu gün bütün sahələrdə fəaldırlar. Qeyd olunub ki, gəncliyin yüksək intellektual biliyə, sağlam ruh və bədənə malik olması, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi hər bir dövlətin milli prioritet istiqamətlərindən sayılır. Azərbaycan gəncliyi tarixin bütün dövrlərində cəmiyyətin həyatında mühüm rol oynayıb, xalqımızın əldə etdiyi uğurlarda ondə olub. Dövlət müstəqilliyinin əldə edilməsində, sovet imperiyasına qarşı azadlıq mübarizəsində, Qarabağın işğaldan azad olunmasında ön sıralarda məhz gənclərimiz gediblər. Vurğulanıb ki, dövlətin göstərdiyi qayğı və diqqətə gənclərimiz nümunəvi fəaliyyətləri, konkret mövqeləri ilə cavab verirlər.
Bu mövzuda forum Lerikdə də keçirilib. Forumda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, 1996-cı ilin fevralında keçirilmiş Azərbaycan Gənclərinin I Forumunun iştirakçıları, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əkbər Abbasov gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının vacibliyini qeyd edərək onların bilik və bacarıqlarının Azərbaycanın davamlı inkişafına töhfə verdiyini bildirib. Digər çıxış edənlər isə Heydər Əliyev ideyalarının ölkənin inkişafı yolunda həlledici rolundan, gənclərin bu ideyalar ətrafında birləşməsinin əhəmiyyətindən bəhs ediblər.
Seyran CAVADOV,
"Azərbaycan"