11 Fevral 2026 09:10
229
Mədəniyyət
A- A+
Zəhmətkeş alim, qayğıkeş müəllim, dəyərli ziyalı

Zəhmətkeş alim, qayğıkeş müəllim, dəyərli ziyalı


Keçmiş nəsillərin yaratdığı maddi mədəniyyət abidələri, ənənələr, muğamlarımız, milli ornamentlərimiz, xalq mahnılarımız, təbii nemətlərimiz və sərvətlərimiz, milli mətbəximiz və s. öyrənilir və qorunur. Göstərilənlərin bir çoxunu yaşadan insanlar, onların təcrübələri, əmək vərdişləri, vətənpərvərliyi, dözümlüyü, ruhaniliyi aparıcı rola malik olmuşdur. Belə insanları yada salmaq, onun keçmişindən bəhs etmək özü də bir mənəvi borcdur.

Zaman amansız olsa da, bəzi insanlar öz əməlləri və şəxsiyyətləri ilə ona qalib gəlməyi bacarırlar. Bu il Azərbaycanın görkəmli tarixçi alimi, təhsil fədaisi, şərəfli ömür yolu keçmiş Sabir Kərimovun anadan olmasının 100 illiyi qeyd olunur.

Sabir müəllimi tanıyan hər kəsə məlumdur ki, o, universitet divarları arasında yalnız bir müəllim deyil, həm də zəhmətkeş alim, nəcib ziyalı, əsl vətəndaş və sadiq dost idi. 

Alim ömrünün 50 ilini Azərbaycan tarix elminin müxtəlif problemlərinin araşdırılmasına, vətən tarixinin təbliğinə, tədrisinə sərf etmişdir. O, ləyaqətin,  comərdliyin canlı timsalı idi. Məhz ona görə də ona yaxın olanlar, dostları, sevdikləri onunla fəxr etmişlər. Sabir müəllimin oturub-durduğu istər cavan, istər yaşlı adamlar onun təbiətinə yaxın idilər. Onun münasibətlərində təmənna ola bilməzdi. Valideynləri üçün dəyərli övlad idi.

Həyat elə gətirdi ki, bizim nəsil 1990-cı illərdə zamanın dəyişdiyini, ruzigarın soyuq üzünü gördük. Doğma, dost saydıqlarımızın bir çoxu ögeyləşdilər. Sabir müəllim isə dürüst insan kimi elə Sabir müəllim olaraq qaldı. 

Sabir Kərimov 12 fevral 1926-cı ildə Quba rayonunun Digah kəndində anadan olmuşdur. 1941-ci ildə kənd orta məktəbini bitirmişdir. 1946-cı ildə Quba Dövlət İnstitutunun dil-ədəbiyyat fakültəsini qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin (indi BDU) Tarix fakültəsinə daxil olmuşdur. 1951-ci ildə universiteti bitirdikdən sonra Nügədi kənd orta məktəbində tarix müəllimi, həm də dərs hissə müdiri vəzifəsində işləmişdir. 1955-ci ildən 1959-cu ilədək S.Kərimov Quba şəhər 1 və 3 saylı orta məktəblərində tarix müəllimi, Quba şəhər 8 saylı Kənd Təsərrüfatının Mexanikləşdirilməsi məktəbində siyasi fənn müəllimi və siyasi tərbiyə işləri üzrə direktorun köməkçisi vəzifələrində çalışmışdır. 1959-cu ildə o, Quba rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

1961-ci ildə S.Kərimovun həyatında yeni mərhələ başlamışdır. O, həmin il BDU-nun "SSRİ tarixi" kafedrasının aspirantı, aspirant müddəti başa çatdıqdan sonra həmin kafedranın baş laborantı, çox keçmədən müəllim, baş müəlim, 1975-ci ildən isə dosent olmuşdur. 1973-1976-cı illərdə S.Kərimov universitetin Tarix fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır. 1986-cı ildə Azərbaycan Dövlət Universitetində Tarix fakültəsinin partiya təşkilatının katibi vəzifəsində fəaliyyət göstərmişdir. 

Göstərilən məsuliyyətli dövlət və ictimai işləri ilə yanaşı, o, daim elmi tədqiqatları ilə də məşğul olmuşdur. 1973-cü ildə böyük müvəffəqiyyətlə "Azərbaycan kəndində mədəni quruculuq" (1922-1932) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Apardığı elmi tədqiqatları və dərc etdirdiyi əsərləri ilə o, adını mədəni quruculuq sahəsində Azərbaycan tarixşünaslığı salnaməsinə həkk etdirmişdir. S.Kərimov ən müxtəlif mövzularda yazılan tematik məcmuələrin, kafedra əməkdaşlarının əsərlərinin redaktoru olmuşdur. Eyni zamanda tələbələr üçün tədris-metodiki ədəbiyyatın hazırlanıb buraxılmasında da fəallıq göstərmişdir.

Postsovet məkanında hər bir məsələnin Moskvada həll olunduğu kimi, dərs vəsaitləri və dərsliklər də rus dilində hazırlanırdı. Onların Azərbaycan dilinə tərcümə edilməsində S.Kərimov böyük əmək sərf etmişdir. Onun iştirakı ilə İ.B.Berxinin keçmiş ittifaqa dair 2 hissədən ibarət "SSRİ tarixi" dərsliyi, 1980-1982-ci illərdə, P.L.Kabanovun rəhbərliyi ilə yenə 2 hissədən ibarət "SSRİ tarixi" 1985-ci ildə çapdan çıxmışdır. Bununla böyük bir kursun nəşrinə səy göstərmişdir. Kitabların tərcüməsində və nəşrində Sabir müəllimin əməyi böyük olmuşdur.

Respublikanın ali məktəblərinin hazırlıq şöbələrinin pedaqoq və dinləyiciləri üçün tarix fənni üzrə proqramın tərtibi və nəşr edilməsi də S.Kərimovun adı ilə bağlıdır. O, həmin illərdə tarixçi kadrların hazırlanmasının keyfiyyətcə yüksəldilməsi, tarix elminin tədrisinin yenidən qurulması, tədris planlarının təkmilləşdirilməsi üçün genişmiqyaslı fəaliyyət göstərmişdir.

Ümumiyyətlə, S.Kərimovun elmi fəaliyyətində 1920-ci illərin sonu - 1930-cu illərin əvvəllərində Azərbaycan kəndində mədəni-maarif işi, savadsızlığın ləğvi uğrunda aparılan mübarizə, 1920-1975-ci illərdə kənd əhalisinin sosial-peşə tərkibi və təhsil səviyyəsi, Azərbaycan SSR əhalisinin milli tərkibi, alman faşistləri üzərindəki qələbəyə Azərbaycan alimlərinin töhfəsi və başqa məsələlər əsas istiqamətlər kimi üstünlük təşkil etmişdir. "Azərbaycanda orta ixtisas təhsilinin inkişafı" adlı 1990-cı ildə 36.6 çap vərəqi həcmində nəşr edilmiş sanballı tədqiqat əsərinin həmmüəlliflərindən biri olmuşdur. 

S.M.Kərimov dəfələrlə müxtəlif səviyyədə elmi forumlarda dəyərli, sanballı məruzələrlə çıxış etmiş, Azərbaycan tarix elmini ləyaqətlə təmsil etmişdir. Onun Polşanın Lodz Universitetində keçirilən beynəlxalq simpoziumda "Azərbaycan SSR-də tələbə gənclərin beynəlmiləl tərbiyəsi" mövzusunda çıxışı iştirakçıların böyük rəğbətinə səbəb olmuşdur.

S.Kərimovun həyatında elmi-tədqiqat işləri mühüm yer tutmuşdur. Lakin onun fəaliyyətinin əsas qayəsini müəllimlik işi təşkil etmişdir. O, bu müqəddəs peşəyə qəlbinin hərarətini, zəngin intellektual potensialını, sınaqlardan çıxmış təcrübəsini gətirə bilmişdir. Odur ki, onun yüksək ixtisasa sahib olan keçmiş tələbələri bu gün cəmiyyət həyatının müxtəlif sahələrində uğurla çalışırlar. Onun keçmiş tələbələri S.Kərimovun istər "SSRİ tarixi", istərsə də 1991-ci ildən adı dəyişdirilib "Türk və Qafqaz xalqlarının tarixi" kafedrasının dosenti kimi oxuduğu mühazirələri dərin elmi məziyyətinə, izahların səlisliyinə görə məmnuniyyətlə xatırlayırlar. Onun mühazirələri yalnız elmi biliklərin ötürülməsi deyil, həm də həyat fəlsəfəsinin, mənəviyyatın və vətənpərvərliyin aşılanması idi. Hər bir dərsinə bir bayram əhvali-ruhiyyəsi ilə gələr, auditoriyanı öz intellekti və xarizması ilə fəth edərdi. S.Kərimov işinə məsuliyyətlə, xüsusi prinsipiallıqla yanaşmaqla bahəm, həm də çox qayğıkeş, humanist, beynəlmiləl məramlı bir insan idi. 

S.Kərimov məhsuldar elmi-pedaqoji fəaliyyətinə görə dəfələrlə təşəkkürlər almış, fəxri-fərmanlarla təltif edilmişdir. Bakı Dövlət Universitetinin 75 illiyi münasibətilə ona xatirə medalı təqdim olunmuşdur. Əlbəttə, bunlar Sabir Kərimovun həyatına əbədiyyət möhürü vuran sənədlər idi. Amma onun ömrünün əsl ölməzlik göstəriciləri yetişdirdiyi tələbələri və övladları olmuşdur. Onun böyük oğlu Rafiq Kərimov şərqşünaslığı özünə peşə seçərək hazırda Moskvada fəaliyyət göstərir. Kiçik oğlu Elmar Kərimov isə hüquqşünasdır. Çox fərəhli haldır ki, Sabir müəllimin çoxsaylı tələbələri kimi, doğma qızı Tamilla xanım da onun yolunun layiqli davamçısı olmuşdur. Tamilla Kərimova-Kocayeva hazırda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisidir. O da mədəniyyət tariximizin çox zəhmətkeş tədqiqatçılarından biridir. Alim "Azərbaycan Milli Elmlər Akademiyasının tarixindən" (rus dilində, Bakı, 2005), "Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması" (Bakı, 2015) adlı və 15 fundamental elmi əsərlərin müəllifidir. Tamilla xanımın əsərləri bütövlükdə Azərbaycan tarixşünaslığına, ən başlıcası isə, atası Sabir müəllimin ruhuna layiqli bir hədiyyədir. O, tarix elmləri doktorudur. Sabir müəllimin qoyub getdiyi irs - yetişdirdiyi minlərlə mütəxəssis, yazdığı dəyərli əsərlər və qəlblərdə qurduğu mənəvi taxt onu hər zaman yaşadır. 

Sabir Kərimov layiqli tələbə, fədakar müəllim, nüfuzlu tarixçi alim olmaqla yanaşı, həm də çox alicənab, mərd, təvazökar, təmiz, saf, xeyirxah, zəngin elmi yaradıcılıq düşüncəsinə malik insan idi, gözəl ailə başçısı, qayğıkeş ata, səmimi dost, övlad, qardaş idi. 


Şövqi GÖYÇAYSKİ, 

BDU-nun professoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Amerikalı ekspert: Vensin səfəri ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün çox vacibdir 

11:42
11 Fevral

Bakı–Şamaxı–Yevlax yolunda buzlaşmaya görə sürücülərə xəbərdarlıq edilib 

11:25
11 Fevral

Dünya reytinqi: “Qarabağ” 9, “Sabah” 13 pillə irəliləyib

10:58
11 Fevral

Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA  

10:37
11 Fevral

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens Şəhidlər xiyabanını ziyarət edib

10:14
11 Fevral

Rohinca müsəlmanlarının soyqırımı ilə bağlı BƏM-ə təkzibolunmaz dəlillər təqdim edilib

09:20
11 Fevral

Paytaxtın İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri davam etdirilir

09:15
11 Fevral

Zəhmətkeş alim, qayğıkeş müəllim, dəyərli ziyalı

09:10
11 Fevral

Baharın ayaq səsi

09:05
11 Fevral

Türkiyə hökumətinin tərkibində dəyişiklik edilib

09:02
11 Fevral

Burada tariximiz yaşayır

09:00
11 Fevral

Qarlı hava şəraitində Qusarda sahələrin monitorinqi davam edir

08:55
11 Fevral

Lənkəranda və Lerikdə "Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu" adlı forum keçirilib

08:50
11 Fevral

Onlar dövlətin qüruru, dövlət onların dayağıdır

08:45
11 Fevral

Dirçələn torpaq, güclənən iqtisadiyyat

08:40
11 Fevral

Sosial-iqtisadi inkişafın monitorinqinin nəticələri açıqlanıb

08:35
11 Fevral

1,1 milyon təqaüdçünün pensiyası artırıldı

08:30
11 Fevral

Qarşılıqlı etimad, dərinləşən əməkdaşlıq

08:25
11 Fevral

Sülh, həmrəylik və tolerantlıq

08:20
11 Fevral

Azərbaycan və ABŞ arasında yeni strateji mərhələnin başlanğıcı

08:15
11 Fevral

TRIPP artıq reallıqdır

08:10
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!