06 Fevral 2022 00:41
1789
Mədəniyyət
A- A+
Kamilin qaboyunda dil açan musiqi könülləri ovsunlayır

Kamilin qaboyunda dil açan musiqi könülləri ovsunlayır

 

Musiqi alətdə, nəğmə dildə ifa edilir. Bəzi ifaçılar haqqında söz düşəndə deyirlər ki, “musiqi onun barmaqlarında dil açmışdı”. Ona görə də ifa etdiyi musiqi aləti ilə xalqın yaddaşına yazılan sənətkarlarımız barmaqla sayılacaq qədər olsalar da, şöhrətləri dildə-ağızda, el-obada,  mahaldan-mahala dolaşmaqda, dünya xalqlarının da diqqətini cəlb etməkdədirlər. Belələrindən biri də məşhur qaboy ifaçısı Kamil Cəlilovdur. O, dinləyicilərini daim kövrək hisslərə kökləyir, düşündürür, musiqinin dili ilə qəlblərin ağrı-acısını ifadə edir.

Qəribədir ki, onun ifalarını radio dalğalarından, televiziya  kanallarından dinləyirik və təəssüf ki, ancaq matəm günlərində. Səbəbini özü çox sadə bir şəkildə dilə gətirir: “Neçə il əvvəl Xalq yazıçısı Anar bir verilişdə musiqi ilə bağlı söhbətində demişdi: “...ney ağlayır, hönkürür, sızıldayır, özünü, necə deyərlər, şəhid eləyir, amma onun səsini eşitmirlər. Lakin bir dumbul ortalığa düşür, hay-həşir salır, onun səsini tez eşidirlər”.

Daha ağrılı bir məqam: ustad ancaq qəmli mahnılar ifa etməsi barədə yayılan söz-söhbətlərdən üzülür: “Bəziləri elə bilirlər ki, ancaq matəm mərasimlərində çıxış edə bilərəm. Mənim çox zəngin repertuarım var: “Azərbaycan təranələri”ndən tutmuş, bəstəkarlarımızın mahnılarınadək...” 

Maestro Niyazi onun sənətkarlığına yüksək qiymət verib: “Kamil o qədər sadədir ki, özü bilmir onda necə böyüklük var. Bəlkə elə bu böyüklükdən xəbərsiz olduğuna görə Kamil sənət zirvəsinə yüksələ bilib”.

1990-cı ilin qanlı Yanvarında Kamilin qaboyu da matəm libası geyindi. Qaboy xalqımızın dərdini, kədərini, azadlıq aşiqlərinin nakam ömürlərinin, tanklar altında qalıb qaralan işıqlı arzu və istəklərinin, söndürülmüş tale ulduzlarının fəryadını  dilə gətirdi.    

Kamil Cəlilov  həm böyük sənət ustadı, həm də geniş qəlbə malik, həssas ürək sahibidir. O, yanğılı nəğmələrin ifaçısı kimi sevilir. Məhz buna görədir ki, nəfəsindən qopan hər melodiya bizi ovsunlayır...

Muğam və segahın özünəməxsuz ifaçısı kimi yaddaşlara yazılan unudulmaz Rübabə Muradova  Kamil Cəlilova belə vəsiyyət etmişdi: “Mən öləndə tabutum önündə bir “segah” çal. Bil ki, onda sən məni behiştə yola salmış olarsan”.

O, sənət dostunun vəsiyyətinə ürəkağrısı ilə əməl etmişdi: Rübabə xanımın ölümünün qaboyu necə ağlatdığının şahidi olanlar  həmin matəm musiqisinin təsirindən uzun müddət çıxa bilmədilər.

Balaban ilə çaldığı melodiya “Voyager qızıl plastinkası”na daxil  edilən, “Şöhrət” ordenli Kamil Cəlilov illərdir qaboyda ifa etdiyi muğamla bizi dünənimizə aparır. Onun ifasında ahəngində biz “Zəminxarə”, “Rahab”, “Zabul”, “Şur”, “Çahargah”, “Kəsmə-şikəstə”... kimi əbədiyaşar muğamlarımızı dinləyirik. Yarım əsrə yaxın müddətdə cəmi 3 qaboy dəyişib. Sonuncu qəlb həmdəmi ilə sirdaşlığı 30 ildən çoxdur. Qaboyu simfonik orkestrdən qoparıb xalq çalğı alətlərinin sırasına qoşub.

Dərdlərini ifasında anlatmağa çalışan Kamil Cəlilovun söhbətlərini dinləyəndə də sanki qaboya qulaq kəsilirsən. Uşaqlığından ağrı-acılı bir ömür yolu keçib. Sonra da deyirlər ki, “niyə belə yanğılı dili, nəfəsi var”.

Kamil Cəlil oğlu  Cəlilov 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gəlib. Atası Cəlil Böyük Vətən müharibəsindən iki ayağı şikəst qayıtdıqdan sonra Kamil cavan bacı da itirib. Onun ölümünü heç unuda bilmir: “Can verəndə yaş yarımlıq körpəsini ona göstərdilər. Gözlərindən iki gilə yaş gəldi və dərindən nəfəs alıb canını tapşırdı. Anamı da tez itirdim. Ona görə də həmişə dərdimi qaboyla bölüşürdüm.  Bacım xəstə olanda anam deyirdi ki, o, müvəqqəti qonaqdır. Sonra bildim ki, öləcək. Evimizin zirzəmisinə girib o qədər ağlayırdım ki... Sonralar da xalqımızın başına gələn faciələr məni daha da tərpətdi...” Sonra əlavə edir: “Azərbaycan təranələri” mənə yuxuda gəlib, sonra durub gecə ilə onu maqnitofona hissə-hissə yazmışam. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Cəlilov, “Azərbaycan təranələri”ni dinləyəndə elə bil Azərbaycanın xəritəsini görürəm. Meşələrini, dağlarını, bulaqlarını, bir sözlə, mənzərəsini görürəm”. Bir dəfə mənə danışdılar ki, Ulu Öndər Heydər Əliyev Ağsu aşırımından keçirmiş, radioda elan ediblər ki, Kamil Cəlilov “Azərbaycan təranələri”ni çalır. Maşınları saxlatdırıb ki, yerinə düşdü, bu mənzərədə Kamilə qulaq asmasaq, olmaz. Sonra Gülarə xanımdan mənim ifalarımın səsyazmasını istəmişdi. Səfərlərə gedəndə qulaq asırmış. Ümummilli Lider elə bir şəxsiyyət idi ki, yaxşı iş heç vaxt onun nəzərindən qaçmazdı”.

Prezident təqaüdçüsü 40 ilə yaxındır ki, el şənliklərində ifa etməyə getmir. 20 Yanvarda, Xocalı  faciəsinin ildönümlərində radiolarda, telekanallarda, Şəhidlər xiyabanında ifaları səslənir. “Zəmin-xarə”sinə qulaq asan neçə ana təsəlli, toxtaqlıq tapır.

 

O, sənətinin fanatıdır

 

Kamil Cəlilov orta məktəbdə müxtəlif tədbirlərdə qarmon və nağara çalıb, şənlikləri yola verib. Sonra Asəf Zeynallı adına musiqi məktəbini  və Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşanağara, sonra qarmon ifaçısı olub: “Konservatoriyada oxuyanda bizə dərs proqramına uyğun olaraq, qaboyda klassik bəstəkarların əsərlərini çalmağı öyrədirdilər. Amma mən hər dəfə qaboyu əlimə alanda ürəyimdən muğamlarımızı çalmaq keçirdi. Buna görə də boş vaxtlarımda sinfə tək girib, qaboyda  muğam çalmağa çalışırdım. Doqquz-on muğamı ifa eləmişəm. “Segah”, “Zəmin-xarə”, “Bayatı-Şiraz”, “Rahab”, “Zabul”, Humayun” və ritmik muğamlardan “Qarabağ şikəstəsi”ni çalmışam. Çoxlu sayda xalq və bəstəkar mahnılarını da buraya əlavə etsək, görün nə qədər olur. Hamısı da televiziya və radionun arxivində lentlərdə saxlanılır.

 Bir dəfə “Dan ulduzu” ilə İtaliyaya qastrola getmişdik. Konsertlərimiz çox maraqla qarşılanırdı. Mən də arabir qaboyla mahnıya uyğun solo çalırdım. Konsertlərin birində Gülarə xanım dedi ki, Kamil, axırda çıxıb bir muğam çalarsan, qoy bizim musiqinin gözəlliyini eşitsinlər. Mən isə dedim ki, bunlar muğamatı nə başa düşəcəklər? Ancaq Gülarə xanımın israrından sonra sözünə əməl etdim. Əvvəlcə “Küçələrə su səpmişəm” xalq mahnısını çaldım, keçdim “Bayatı-Şiraz”a, dalınca da “Bayatı-İsfahan”ı ifa etdim. Zəngulələri eləyəndə zaldan bir alqışlar qopdu ki, məəttəl qaldım. Sən demə, dinləyicilər arasında çoxlu türklər, cənublu soydaşlarımız varmış. Alqışlar bitəndən sonra səhnəyə bir kişi qalxdı. Yanıma gəlib dedi ki, mən neçə illərdi konservatoriyada qaboy ifaçılığına aid dərs deyirəm, ancaq heç vaxt  belə səslər eşitməmişəm, siz buna necə nail olmusunuz? Bunun notu var sizdə? Sonra o, mənim qaboyumu alıb diqqətlə baxdı. Dedim ki, notu yoxdur, bu, bizim milli muğamlarımızın improvizasiyasıdı, ürəyimdən gələn səslərdi...

“Azərbaycan təranələri”ni, “Naxçıvan təranələri”ni mən yazmışam. Bu çalğıların hamısı mənə elə bil yuxuda verilib. Bu əsərlər rəhmətlik Ulu Öndərimiz Heydər Əliyevin də çox xoşuna gəlirdi.

 

Sazın Ədaləti, kamanın Habili, qaboyun Kamili...

 

Bu sıranı genişləndirmək də olardı. Lakin adlarını böyük ehtiramla çəkdiyimiz bu korifeylərimizin daim xüsusi təqdim edilmələri əsl sənətə və sənətkara xalq sevgisinin ifadəsidir.

Hər birinin yaradıcılığı haqqında kifayət qədər söz də açılıb. Xalq artisti, Prezident təqaüdçüsü Kamil Cəlilov da öz sənəti ilə adını musiqi tarixinə yazdırmış ifaçılardandır. O Kamil ki, Şərq xalqlarına məxsus, almanların musiqi aləti kimi tanıdılan qaboyu bizimkiləşdirmişdi. O, sevincli günlərimizdə qaboyu ilə bizi sevindirib, kədərli anlarımızda  isə yalnız gözlərimizi deyil, ürəklərimizi də ağladıb... 

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!