Rusiya-Ukrayna müharibəsi getdikcə şiddətlənir, Amerika ilə İran arasında gah qızışan, gah da səngiyən savaşın isə sonu bəlli deyil. Amma bəlli olan odur ki, hər iki müharibə qlobal iqtisadiyyata ciddi ziyan vurmaqda davam edir.
Bütün dünyada mal və xidmətlərin qiyməti kəskin bahalaşıb, qlobal iqtisadi inkişafın səviyyəsi aşağı düşüb. Bütün bunların zərbəsi isə daha çox əhaliyə dəyir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozuna görə, 2026-2027-ci il mövsümündə ərzaqlıq buğda istehsalı ötən mövsümlə müqayisədə 3,8 faiz azalacaq. "Energy and Climate Intelligence Unit"in hesablamalarına əsasən, bu ilin iyun ayında 43 dərəcəyə çatan isti dalğası Avropada təxminən 9 milyon ton taxılı məhv edib. Zərərin 2,1 milyard avroya çatdığı təxmin olunur. Yeri gəlmişkən qeyd edək ki, bu mövsüm Avropa İttifaqında buğda istehsalının 4,2 faiz azalması gözlənilir. Təəssüf ki, belə vəziyyət Avropa ilə məhdudlaşmır, dünyanın digər regionlarını da əhatə edir. ABŞ-də buğda istehsalının Dakota ştatında qeydə alınan quraqlıq, həmçinin payızlıq buğda əkinlərinin kəskin azalması nəticəsində 21,3 faiz azalması ehtimalı var.
Dünyada ərzaq böhranını yarada biləcək iki əsas səbəb var: birincisi, illər boyu dünyada davam edən istilər buğda və düyü kimi mühüm strateji ərzaq növlərində məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Belə vəziyyət isə istər-istəməz qiymətləri bahalaşdırır. Qiymət bahalığı da öz növbəsində inkişaf etməmiş ölkələrdə əhalinin alıcılıq qabiliyyətini aşağı salır.
Dünyada ərzaq böhranının yenidən baş qaldırması təkcə iqlimlə əlaqəli deyil, həm də insan faktoru ilə bağlıdır. Təkcə savaşda olan Rusiya və Ukrayna dünyanın buğdaya olan tələbatının 20 faizini ödəyirdi. Bu gün isə davam edən müharibələr üzündən dünya bazarına tələbatdan az məhsul çıxarılır. Məlum olduğu kimi, Ukrayna və Rusiya buğda ixracını Qara dəniz üzərindən həyata keçirir. İndi həmin dənizlə yük daşımaq təhlükəsiz deyil. Mütəxəssislər hesab edirlər ki, vəziyyət belə davam edərsə, ilin sonunda ən azından qlobal buğda böhranının baş verməsi qaçılmaz olacaq.
Rüstəm KAMAL,
"Azərbaycan"