Prezident İlham Əliyevin Naxçıvana səfəri və böyük hədəflər
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvana 17-ci səfəri respublikamızın siyasi, iqtisadi və sosial həyatında mühüm hadisəyə çevrildi. Səfər zamanı Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilən açılış və təməlqoyma mərasimləri göstərdi ki, qədim Azərbaycan yurdu Naxçıvanın inkişafı, yüksəlişi və təhlükəsizliyi hər zaman ölkə rəhbərinin xüsusi diqqət mərkəzindədir. Bu, həm də muxtar respublikanın inkişafının sürətli, davamlı və dinamik olduğunun əyani göstəricisidir”.
Bunu qəzetimizə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu ABDULLAYEV deyib. O bildirib ki, dövlətimizin başçısının Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvan Muxtar Respublikasının Azərbaycanın gələcək inkişaf hədəflərindəki roluna işıq saldı: “Müsahibədə vurğulanan məqamlar bir daha göstərdi ki, yeni reallıqlarda Naxçıvanın strateji mövqeyi, iqtisadi gücü və inteqrasiya imkanları keyfiyyətcə tamamilə yeni bir mərhələyə qədəm qoyur. Naxçıvan Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar şəraitində Azərbaycanın ümumi inkişaf perspektivində xüsusi rol oynayan, regional dinamikanı və geoiqtisadi xəritəni müəyyən edən strateji bölgədir.
Naxçıvanın bugünkü uğurlarının, iqtisadi dayanıqlılığının və hərbi təhlükəsizliyinin bünövrəsində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Ümummilli Liderin Naxçıvana diqqət və qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla, layiqincə və dövrün tələblərinə uyğun olaraq yeni məzmunda davam etdirilir. Dövlətimizin başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bu siyasətin inzibati və iqtisadi mexanizmini təşkil edir. Proqram çərçivəsində idarəetmədə şəffaflığın artırılması, institusional islahatların dərinləşdirilməsi və muxtar respublikanın iqtisadi potensialının tam gücü ilə işə salınması təmin edilir. Naxçıvanın hər bir uğuru bu tarixi varisliyin, sistemli islahatların və məqsədyönlü strategiyanın məntiqi təzahürüdür”.
A.Abdullayev qeyd edib ki, bütün iqtisadi yüksəlişin və sosial layihələrin uğurlu icrasının təməlində etibarlı təhlükəsizlik amili dayanır: “Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın təhlükəsizlik amilini və hərbi potensialını xüsusi vurğulayaraq bildirib ki, Naxçıvanda onun sərəncamı ilə Əlahiddə Ordu yaradılıb. Dövlətimizin başçısı deyib ki, bu ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir: “Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”. Göründüyü kimi muxtar respublikanın təhlükəsizliyinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi bu gün də uğurla davam etdirilir”.
Həmsöhbətimizin sözlərinə görə, Naxçıvanın strateji mövqeyi, burada icra olunan və nəzərdə tutulan layihələr təkcə Azərbaycan üçün deyil, eyni zamanda geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir: “Naxçıvanın timsalında regionda yeni nəqliyyat dəhlizlərinin yarandığı aydın görünür. Azərbaycanın əsas hissəsini onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla birbaşa birləşdirmək xalqımızın çoxdankı arzusu olub. Dövlətimiz bu ali hədəfə doğru inamla, planlı şəkildə və çox böyük məharətlə addımlayıb. Zəngəzur dəhlizinin reallaşması, eyni zamanda Qars-Iğdır-Aralıq-Dilucu-Naxçıvan dəmir yolu xəttinin inkişafı muxtar respublikanı regionun dünyaya açılan mühüm qapısına, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının, Orta dəhlizin strateji düyün nöqtəsinə çevirəcək. Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin tarixi əhəmiyyətini belə bəyan edib: “Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini əlavə edib ki, muxtar respublika üçün mühüm məsələlərdən biri təhlükəsizlik və enerji müstəqilliyidir: “Dövlətimizin həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində Naxçıvanın müdafiə potensialı ən yüksək səviyyəyə qaldırılıb və təhlükəsizlik məsələləri tam həll olunub. Eyni zamanda, vaxtilə qaz və elektrik təchizatından məhrum olan Naxçıvanın enerji təhlükəsizliyi də etibarlı şəkildə təmin edilib. Bu gün isə tamamilə yeni bir mərhələ başlayır. Artıq Naxçıvan öz daxili ehtiyaclarını ödəməklə yanaşı, enerjinin ixracı ilə də məşğul olacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi Naxçıvan, o cümlədən Şərqi Zəngəzur və Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Dövlətimizin başçısı Naxçıvanın azad olunmuş ərazilərlə vahid konsepsiya əsasında inkişafını və idarəetmə modelini belə xarakterizə edib: “Bütövlükdə bunu mən artıq həm bəyan etmişdim və həm də biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir... Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir”. Bu bölgələrin həm nəqliyyat, həm də “yaşıl enerji” potensialı Azərbaycanın ümumi iqtisadi və ekoloji hədəflərinin ana xəttini təşkil edir. Günəş və külək elektrik stansiyalarının tikintisi, su elektrik resurslarının bərpası Naxçıvanı ölkəmizin “yaşıl enerji” zonasına və Türkiyə vasitəsilə Avropaya elektrik enerjisi ixrac edən əsas mərkəzlərdən birinə çevirir.
A.Abdullayev vurğulayıb ki, Naxçıvanın gələcək iqtisadi mənzərəsində ticarət, logistika, kənd təsərrüfatı və turizmin inkişafı xüsusi yer tutur: “Muxtar respublikada əlverişli biznes mühitinin dəstəklənməsi, gömrük və vergi güzəştlərini nəzərdə tutan Azad İqtisadi Zonanın və ticarət habının formalaşdırılması yerli və xarici investisiyaların cəlb edilməsinə güclü təkan verir. Naxçıvanın ekoloji təmiz kənd təsərrüfatı məhsulları və “Badamlı”, “Sirab” kimi mineral suları brend olaraq xarici bazarlara çıxış imkanlarını genişləndirir. Bu böyük hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 2026-2027-ci illərdə sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə imzaladığı yeni Sərəncam müstəsna rol oynayır. Sərəncama əsasən, ümumilikdə 258 milyon manat vəsait muxtar respublikanın həyatında keyfiyyət dəyişikliklərinə səbəb olan konkret layihələrə yönəldiləcək. Sənədin əsas əhəmiyyəti Naxçıvanın “yaşıl enerji” potensialını artırmaq, regionun nəqliyyat və mənzil-kommunal şəraitini təkmilləşdirmək və əhalinin sosial rifahı ilə təhsil imkanlarını müasir standartlara yüksəltməkdir. Bu genişmiqyaslı layihələrin sürətli və keyfiyyətli icrası Naxçıvanın dayanıqlı inkişafını təmin etməklə yanaşı, muxtar respublikanın iqtisadi müstəqilliyini, təhlükəsizliyini və strateji mövqeyini daha da gücləndirəcəkdir”.
Müsahibimiz əlavə edib ki, Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri və qəbul edilən qərarlar bir daha təsdiqləyir ki, muxtar respublika özünün yeni inkişaf mərhələsində yalnız Azərbaycanın deyil, bütün regionun parlaq gələcəyinə, iqtisadi inteqrasiyasına və təhlükəsizliyinə xidmət edən mühüm mərkəz olacaq: “Bu səfər bir daha nümayiş etdirdi ki, Naxçıvan özünün keyfiyyətcə yeni inkişaf mərhələsində qlobal və regional miqyaslı layihələrin aparıcı hərəkətverici qüvvəsinə çevrilməkdədir. Muxtar respublikada formalaşdırılan müasir ordu strukturu, sürətlə modernləşdirilən mülki və sosial infrastrukturlar, həmçinin beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya addımları bölgədə tamamilə yeni reallıqlar yaradır. Bu gün Naxçıvan geniş regional coğrafiyanın gələcək xəritəsini müəyyən edən strateji qovşaq rolunu oynayır. Reallaşdırılan irimiqyaslı infrastrukturlar, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan qətiyyətli addımlar, “yaşıl enerji” potensialının tam gücü ilə işə salınması və Azad İqtisadi Zonanın formalaşdırılması Naxçıvanın geoiqtisadi çəkisini misilsiz dərəcədə artırır. Bütün bunlar göstərir ki, Naxçıvan yalnız ölkəmizin daxili sosial-iqtisadi tərəqqisinə deyil, bütövlükdə regionun dayanıqlı təhlükəsizliyinə, iqtisadi inteqrasiyasına və işıqlı gələcəyinə xidmət edən həlledici mərkəzə çevrilir”.
İsmayıl QOCAYEV,
“Azərbaycan”