Prezident İlham Əliyevin son 23 ilə yaxın dövr ərzində Naxçıvana hər bir səfəri muxtar respublikanın tarixinə yeni inkişaf mərhələsinin başlanğıcı kimi yazılıb. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri özündə bütün məqamları ehtiva edir. Bu, Prezident İlham Əliyevin muxtar respublikaya sayca 17-ci səfəri idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib. Deputat qeyd edib ki, səfər çərçivəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışında və təməlqoyma mərasimində iştirak etdikləri, görülən işlərlə tanış olduqları sosial obyektlərin say tərkibinə diqqət yetirsək, muxtar respublikanın hərtərəfli inkişafına göstərilən diqqət və qayğını aydın şəkildə görürük: “Səfərin gündəliyinin zənginliyi diqqətdən kənarda qalmadı. Həm muxtar respublikanın dayanıqlı iqtisadi inkişafına, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, işsizlik probleminin həllinə, sosial xidmətin səviyyəsinin yüksəldilməsinə yönələn mühüm addımlar atıldı. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi Naxçıvan Muxtar Respublikasının dünəninə, bu gününə baxış, eyni zamanda, yeni mərhələnin hədəflərinin təqdimatı kimi dəyərləndirilir”.
Malik Həsənov vurğulayıb ki, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet məsələlər sırasındadır. Hər bir inkişafın əsasında təbii ki, iqtisadi tərəqqi dayanır: “Səfər çərçivəsində təqdim olunan layihələr, o cümlədən İlham Əliyevin 2026-cı il 12 avqust tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı muxtar respublikanın dayanıqlı inkişafının prioritetliyini bir daha təsdiqlədi”.
Deputat qeyd edib ki, muxtar respublikanın iqtisadi fəallığının genişləndirilməsində, yaşayış məntəqələri arasında əlaqələrin gücləndirilməsində və turizm imkanlarının artırılmasında müasir nəqliyyat infrastrukturu mühüm rol oynayır: “Naxçıvan böyük nəqliyyat və logistika xəritəsinin mühüm qovşağına çevrilir. Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq. Beləliklə, Naxçıvanın əsrlər boyu malik olduğu strateji coğrafi mövqe yeni nəqliyyat imkanları ilə iqtisadi üstünlüyə çevriləcək”.