14 Avqust 2026 08:10
230
SİYASƏT
A- A+
Azərbaycan diplomatiyasının fəallığı Cənubi Qafqazda sülhə və əməkdaşlığa yeni təkan verir

Azərbaycan diplomatiyasının fəallığı Cənubi Qafqazda sülhə və əməkdaşlığa yeni təkan verir


Azərbaycanın xarici siyasətinin uğurları sırasında 2025-ci ilin 8 avqustunda Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması, ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasına dair birgə müraciətin imzalanması və regional kommunikasiyaların açılması ilə bağlı siyasi iradənin ortaya qoyulması xüsusi yer tutur. 

Rəsmi Bakının müstəqil siyasətinin məntiqi nəticəsi olan həmin prosesi bütün dünya irəliyə doğru atılmış ciddi addım kimi qiymətləndirir. Onun reallaşmasında başlıca faktorun Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsindəki qələbədən sonra davamlı, qətiyyətli və tam müstəqil sülh siyasəti yeritməsi olduğunu qəbul edirlər.

Bu kontekstdə sülh sazişinin mətni paraflanarkən ekspertlər onun əhəmiyyətini bir neçə istiqamətdə xüsusi vurğulamışdılar:

Birincisi, iki dövlət arasında 30 ildən çox davam edən münaqişə siyasi-diplomatik müstəvidə başa çatırdı. Azərbaycanın hərb meydanındakı qələbəsi sayəsində buna nail olmaq imkanı yaranmışdır.

İkincisi, regional miqyasda dövlətlərarası münasibətlərdə keyfiyyət və məqsədcə yeni mərhələnin başladığı hüquqi olaraq təsbit edilirdi.

Üçüncüsü, regional sülhün formalaşmasında Azərbaycanın oynadığı aparıcı rol dünyanın ən qüdrətli dövləti olan ABŞ tərəfindən rəsmi olaraq təsdiq edilirdi.

Dördüncüsü, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının yaranması üçün geniş imkanlar açılırdı.

Beşincisi, Azərbaycanın əsas hissəsinin Naxçıvanla birbaşa quru əlaqəsi qurmaq şansı meydana gəlirdi.

Altıncısı, türk dünyasının tarixən mövcud olan quru bağlantısı bərpa olunurdu.

Yeddincisi, qlobal əməkdaşlıq layihələrinin reallaşması üçün böyük imkan yaranırdı.

Buna görədir ki, həmin dönəmdə ekspertlər yazırdılar: "Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış Bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasının və ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyəti çox böyükdür".

Parlamentarilər və ekspertlər bu nəticəyə gəlinməsində Prezident İlham Əliyevin xüsusi töhfəsinin olduğunu ayrıca vurğulayırdılar. Milli Məclisin iclaslarının müzakirələrində belə bir tezis səslənirdi: "Vaşinqton razılaşmaları sülh diplomatiyasının və müdrik liderliyin təntənəsidir".

Geosiyasi kontekstdə əhəmiyyəti aydın ifadə edilən bir məqamı da ekspertlər xüsusi vurğulamışdılar. Onlar yazırdılar ki, "Avqustun 8-də Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanması bir çox aspektlərdə vacib və mütərəqqi geosiyasi nəticələr vəd edir. Ən mühüm kontekst kimi önə çıxan məsələ Cənubi Qafqazda 30 ildən artıq bir dövrdən sonra sülhə nail olunmasıdır - SSRİ-nin dağılması ərəfəsində "əsası qoyulan" və sonradan müharibəyə çevrilən "münaqişə" 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə başa çatdı. 2023-cü ilin sentyabrında baş verən antiterror tədbirləri nəticəsində isə bölgədəki separatizm meyilləri "dəfn olundu". Beləliklə, qarşıda yeni dövr, yeni mərhələ və yeni münasibətlər sisteminin qurulması prosesi dayanır".


Regional kontekst: yeni mərhələdə yeni münasibətlər sistemi


Sözügedən sazişin geosiyasi, siyasi və təhlükəsizlik aspektləri ilə bağlı yuxarıda vurğulanan məqamlardan məntiqi olaraq Vaşinqton razılaşmasına Cənubi Qafqaz kontekstində yeni mərhələnin başlanğıcı kimi baxılır və onun əsasında yeni regional münasibətlər sisteminin formalaşmasına böyük əminlik vardı. Buna görə də artıq bir il vaxt keçməsinin fonunda hansı addımların atıldığının ümumi geosiyasi təhlili aktualdır.

Yenə də ekspert qiymətləndirməsinə nəzər salaq. Çoxsaylı faktların təhlili əsasında ekspertlərin gəldiyi qənaət belədir ki, Vaşinqton razılaşmasının şərtlərinə uyğun olaraq Azərbaycan bir il müddətində nəticəverici fəaliyyət göstərmişdir. Artıq Ermənistanla nəqliyyat, yüklərin daşınması və enerjidaşıyıcıları ilə təminat məsələsində konkret əməkdaşlıq mühiti yaradılmışdır. Bu "...əməkdaşlıq Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olub. Rəsmi Bakı Vaşinqton görüşündə əldə edilən razılığa və imzalanan sənədlərə uyğun olaraq sülh, normallaşma prosesinə töhfələr verir". 

Qarşı tərəfin fəaliyyəti ilə bağlı qənaət isə aşağıdakı kimidir: "Təəssüf ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri həyata keçirməkdə ləng fəaliyyət göstərir. İki ölkə arasında münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasındakı təcavüzkar preambula və müddəalar qalır. Rəsmi İrəvan əsas qanunda dəyişiklik etmək, habelə bu kimi iki tərəfin marağını təmin edən fundamental məsələlərlə bağlı hələ ki, vədlər verir. Bundan başqa, Ermənistanda Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdləri də müşahidə olunur".

Bunlar onu göstərir ki, hələlik yalnız Azərbaycan əldə olunan razılaşmalara tam əməl edir və bu istiqamətdə konkret addımlar atır. Ermənistanda "Azərbaycan torpaqlarının yenidən işğal edilməsi istiqamətində təbliğatın aparılması, bu tip revanşistlərin fəaliyyətinə şərait yaradılması və imkan verilməsi, habelə Azərbaycanda hərbi cinayətlər törətməkdə mühakimə olunmuşların Ermənistanda müdafiəsinə rəsmi İrəvanın göz yumması kimi hallar Vaşinqtonda əldə edilən razılaşmaların müddəalarına və ruhuna ziddir". Bu kimi məsələlər regionda əməkdaşlıq və təhlükəsizliyi risk altına atır. Bu gedişatın təbii ki, qlobal miqyasda özünəxas təsiri vardır.


Qlobal miqyas: İrəvan riskli və qeyri-müəyyən vəziyyət yaradır


ABŞ-İsrail-İran və Ukrayna-Rusiya münaqişələri fonunda rəsmi İrəvanın bu cür davranışı ciddi risklər meydana gətirir. Ermənistan rəhbərliyi fərqli bəyanatlar verirlər. Belə görünür ki, onlar hələ də qəti geosiyasi seçim edə bilməmişlər. Gah ABŞ və Avropaya, gah İrana, gah da Rusiyaya reveranslar edirlər. Bütün bunların fonunda normallaşmada əhəmiyyəti olan addımlar atmamışlar. O cümlədən konstitusiyadan Azərbaycana qarşı ərazi iddiaları çıxarılmamışdır, Ermənistan TRIPP-lə bağlı üzərinə düşənləri etməmiş, əksinə, alternativ nəqliyyat dəhlizlərinin qurulması üzərində iş aparır. Ermənistan parlamentində bir sıra deputatlar "tarixi ərazi" iddialarından danışırlar. Rəsmi Moskvanın bəyanatlarında da Vaşinqton sazişinin ruhuna uyğun cavablar verilmir.

Son dövrlərdə isə Ukrayna-Rusiya münaqişəsinin gərginliyi Xəzər hövzəsində daha çox hiss olunur. Bu gərginliyin rəsmi İrəvanın mövqeyinə necə təsir edəcəyi aydın deyildir. Şübhə yoxdur ki, İran tərəfinin təzyiqlərinə də Ermənistan rəhbərliyi reaksiyasız qalmayacaq.

Bütün bunların fonunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türkiyə media nümayəndələrinə verdiyi son müsahibədə maraqlı fikirlər ifadə etməsi diqqət çəkir. Azərbaycan rəsmisi birmənalı və qətiyyətlə bəyan etmişdir ki, Azərbaycan tam müstəqil və prinsipial siyasətini davam etdirəcəkdir.

Belə bir qənaətə gəlmək olar ki, Vaşinqton razılaşmalarından bir il keçəndən sonra da Ermənistanda hələ də bir sıra ziddiyyətlər qalmaqdadır. Onların mənbəyi isə bu ölkənin tərəddüdlü xarici siyasət yeritməsi və qeyri-müəyyən geosiyasi vəziyyətdə olmasıdır. Ancaq Azərbaycanın qətiyyətli mövqeyi bu maneələrin də aradan qaldırılacağına təminat verir. Yəni Azərbaycanın regional sülhə nail olmaq istiqamətində fəaliyyəti davam edir. 


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıdakı civəli termometr bərpa edilib

09:00
14 Avqust

Adına və andına sadiq qaldı

08:50
14 Avqust

Şəhidliyi ilə heç zaman enməyəcəyi yüksəkliklərə ucaldı

08:40
14 Avqust

Zəfər davam edir

08:30
14 Avqust

İqlim və insan amilləri qlobal ərzaq böhranına səbəb ola bilər

08:20
14 Avqust

Azərbaycan diplomatiyasının fəallığı Cənubi Qafqazda sülhə və əməkdaşlığa yeni təkan verir

08:10
14 Avqust

Azərbaycan-Pakistan strateji tərəfdaşlığı zamanın sınağından uğurla çıxıb 

08:00
14 Avqust

"İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:16
14 Avqust

Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb

20:20
13 Avqust

Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

20:15
13 Avqust

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb

20:10
13 Avqust

Naxçıvanda həyata keçirilən işlər regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir 

20:05
13 Avqust

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi 

20:00
13 Avqust

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır 

19:55
13 Avqust

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

19:50
13 Avqust

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

19:45
13 Avqust

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

19:40
13 Avqust

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

19:35
13 Avqust

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

19:30
13 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib 

19:25
13 Avqust

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

19:20
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!