Naxçıvanda verilən bəyanatlar və Prezident İlham Əliyevin səfər çərçivəsində səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. İlk növbədə, nəzərə almaq lazımdır ki, Naxçıvan uzun illər blokada şəraitində yaşayıb və bu səbəbdən regionda baş verən siyasi, sosial və iqtisadi proseslər daim dövlətin diqqətində olub. Bu baxımdan, son illər Naxçıvanda sabitliyin qorunması, sosial-iqtisadi inkişafın təmin edilməsi və infrastruktur layihələrinin həyata keçirilməsi mühüm nəticə kimi qiymətləndirilə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, politoloq Zaur Məmmədov söyləyib.
O bildirib ki, Prezidentin növbəti səfəri zamanı aparılan yenidənqurma işləri ilə tanış olması da Naxçıvanın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qaldığını göstərir.
"Naxçıvanın idarəçilik sistemində həyata keçirilən dəyişikliklər də diqqət çəkən məqamlardandır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan çevik və müasir idarəçilik yanaşmalarının müəyyən elementlərinin Naxçıvanda da tətbiqi regionun idarə olunmasının daha səmərəli qurulmasına xidmət edə bilər. Milli Məclisin Naxçıvanla bağlı son dəyişiklikləri də bu prosesin hüquqi və institusional baxımdan davam etdiyini göstərir. Prezidentin səfər zamanı Əlahiddə Qoşunla görüşməsi və ordu quruculuğu məsələlərinə xüsusi diqqət yetirməsi isə Naxçıvanın strateji əhəmiyyətini bir daha önə çıxarır. Azərbaycan Ordusunun bütün bölgələrdə, o cümlədən Naxçıvanda yüksək döyüş hazırlığının təmin edilməsi ölkənin təhlükəsizliyi baxımından mühüm amildir",- deyə Z. Məmmədov vurğulayıb.
Politoloq əlavə edib ki, səfər çərçivəsində sosial və iqtisadi yönümlü obyektlərin açılması Naxçıvanın yalnız təhlükəsizlik və müdafiə baxımından deyil, sosial-iqtisadi inkişaf baxımından da diqqətdə saxlanıldığını göstərir:”Yeni layihələrin həyata keçirilməsi əhalinin rifahının yüksəldilməsinə, məşğulluğun artırılmasına və regionun iqtisadi potensialının gücləndirilməsinə töhfə verə bilər.
Ümumilikdə Naxçıvanda həyata keçirilən işlər Azərbaycanın regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir. Əsas məqsəd siyasi sabitliyin qorunması, idarəçiliyin daha da təkmilləşdirilməsi, təhlükəsizliyin təmin olunması və sosial-iqtisadi inkişafın davamlı şəkildə sürətləndirilməsidir”.