“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın (BCAW2026) dördüncü günündə COP31-in logistika məsələlərinə dair brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə COP31-in Antalyada keçirilməsi ilə bağlı hazırlıq işləri, tədbir məkanı, yerləşmə, nəqliyyat, transfer və digər logistika məsələləri barədə ətraflı məlumat verilib.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin nümayəndəsi Ahmet Sami Kulaklıoğlu bildirib ki, COP31 noyabrın 9-da başlayacaq, rəsmi açılış mərasimi noyabrın 11-də keçiriləcək. Noyabrın 11-12-də isə qlobal iqlim siyasətinin istiqamətini müəyyənləşdirəcək Liderlər Sammiti təşkil olunacaq. Konfrans noyabrın 20-dək davam edəcək.
Qeyd olunub ki, Antalya hər il milyonlarla qonağı qəbul edən mühüm turizm mərkəzidir. Şəhərdə ümumilikdə 650 min çarpayı tutumu mövcuddur. COP31 tədbir məkanına yaxın şəhər mərkəzi, Kaleiçi, Lara, Kundu və Belek bölgələrində isə təxminən 300 min çarpayı tutumuna malik yerləşmə imkanları var.
Nazirlik rəsmisi COP31 ərazisinin ümumilikdə 1,1 milyon kvadratmetr sahəni əhatə etdiyini bildirib. Ərazi 527 min kvadratmetr Mavi Zonadan və 582 min kvadratmetr Yaşıl Zonadan ibarət olacaq.
Antalyanın COP31 iştirakçılarını qəbul etmək üçün geniş imkanlara malik olduğunu vurğulayan nazirlik nümayəndəsi, həmçinin COP31-də iştirak edəcək bütün tərəflər üçün viza prosedurlarının sadələşdirilməsinin təmin ediləcəyini bildirib.
Brifinq zamanı Türkiyənin COP31 üzrə baxışını və tədbirə hazırlıq prosesini əks etdirən videoçarxlar ds nümayiş etdirilib.