21 Oktyabr 2021 02:05
6840
SİYASƏT
A- A+
İlham Əliyevin “Zəfər yolu”

İlham Əliyevin “Zəfər yolu”

 

44 gündə qəhrəmanlıqla keçilən savaş yolu 11 aydır inkişaf və quruculuq magistralına çevrilib

 

Qələbəmizin rəmzinə və carçısına çevrilən “Zəfər yolu”ndayıq…

Ordumuzun Şuşaya doğru irəliləyərkən keçdiyi dağlarda, dərələrdə, sərt eniş və yoxuşlarda, qəhrəman əsgər və zabitlərimizin addımlarının açdığı cığırlarda salınan yolda…

Qalibiyyətimizi dünyaya bəyan edən yolla tanışlığımız başlanğıcını götürdüyü Füzuli rayonu ərazisindən, yanından qürurla ötüb keçdiyimiz “İşğaldan azad olunmuş əraziyə giriş” lövhəsindən başladı…

 

Qarabağ və Şərqi Zəngəzurda salınan yolların uzunluğu 700 kilometrdən çoxdur

 

Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsinin başa çatmasından ötən 11 ay uzun zaman kəsiyi sayıla bilməz. Amma bu müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası onilliklərə bərabərdir. Döyüşlərin getdiyi ötən ilin bu vaxtlarında təsəvvür belə edə bilməzdik ki, cəmi bir neçə aya Qarabağ və Şərqi Zəngəzur möhtəşəm tikinti meydanına çevrilərək qələbəmizi və dövlətimizin gücünü bütün dünyaya bəyan edəcək. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası ilk olaraq infrastrukturun yaradılmasından, vaxtilə mövcud olmuş avtomobil yollarının yenidən qurulmasından və yeni yolların çəkilməsindən başladı. Çünki yol inkişaf deməkdir və yollar olmadan heç bir şəhərin və rayonun, kənd və qəsəbənin bərpasını və gələcəkdə sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil.

Azad olunmuş ərazilərdə həyata keçirilən ilk infrastruktur layihəsi Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən yolların bərpası oldu. Suqovuşan kəndi Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-də işğaldan azad edildi və Prezident İlham Əliyevin tapşırığı ilə hələ döyüşlərin davam etdiyi bir vaxtda yolun çəkilişi başlandı. Suqovuşan və Talışın azad olunduğu günün birinci ildönümündə Prezident İlham Əliyevin iştirakı ilə bu istiqamətlərdə çəkilən avtomobil yollarının açılışı oldu.

Ümumiyyətlə, Prezident İlham Əliyev hərbi əməliyyatların başa çatmasından sonra 15 dəfə işğaldan azad olunmuş rayonlara səfər edib. Dövlət başçısının bütün səfərləri Qarabağda və Şərqi Zəngəzurda yeni avtomobil yollarının təməlinin qoyulması ilə əlamətdar olub. Dövlət başçısı bütün çıxışlarında Qarabağın bərpası, yolların yenidən qurulması barədə söz açır, tapşırıq və tövsiyələrini verir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda uzunluğu 700 km-ə yaxın 10 yol infrastrukturu layihəsi icra olunur. Bunlar Zəfər (101 km), yeni Əhmədbəyli-Füzuli Şuşa (81,6 km), Toğanalı-Kəlbəcər-İstisu (80,7 km), Kəlbəcər-Laçın (72,8 km), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123 km), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 km), Xudafərin-Qubadlı-Laçın (83 km), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 km), Füzuli-Hadrut (13 km), Bərdə-Ağdam (45 km) yollarıdır. Füzuli-Ağdam (64,8 km) avtomobil yolu isə hələlik təməli qoyulan sonuncu layihədir. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək.

Yeni avtomobil yollarının çəkilməsi elektrik və su təchizatı ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzura qayıdışın əsas mərhələlərindən biridir və təsadüfi deyil ki, bu istiqamətlərdə bütün layihələr paralel şəkildə həyata keçirilir. Eyni zamanda bu yolların bir qismi Zəngəzur dəhlizinin tərkib hissəsini təşkil edəcək.

 

Şanlı tarixin şahidi

 

Vətən savaşının başa çatmasından dərhal sonra təməli qoyulan ilk layihə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə “Zəfər yolu”  adlandırılan avtomobil yolunun inşası oldu. Yolun təməli Prezident İlham Əliyevin ötən il noyabrın 16-da Füzuli rayonuna səfəri zamanı qoyulub. Həmin gün bu münasibətlə xalqımızı təbrik edən Prezident İlham Əliyev demişdi: “Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil. Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

“Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla, 2-ci texniki dərəcəyə uyğun inşa edilib. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürən bu yol Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən yol Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir. “Zəfər yolu” şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də, rəmzi mənası, mənəvi dəyəri, xüsusi önəmi var.  Ona görə Prezident

İlham Əliyevin Şuşaya çəkilən magistral yolu “Zəfər yolu” adlandırması təsadüfi deyil. Bu yol boyunca torpaqların hər qarışına şəhidlərimizin və qazilərimizin qanı qarışıb. Başqa sözlə, rəşadətli Azərbaycan Ordusu bu yolla irəliləyərək döyüşüb, bu yolda şəhidlər verərək Şuşanı və ətraf yaşayış məntəqələrini düşməndən azad edib, zəfər qazanıb. Odur ki, bu yol Azərbaycanın müasir tarixində ordumuzu şanlı qələbəyə aparan müqəddəs yol kimi qalacaq.

Şuşanın və ümumilikdə Qarabağın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla çəkilən “Zəfər yolu” Füzulidən Şuşaya qədər artıq tam asfaltlanıb və mənzilbaşına heç bir çətinliklə üzləşmədən rahat yetişmək mümkündür. Bu baxımdan birinci təəssürat ondan ibarətdir ki, ilk gündən yol boyunca tikinti işləri sürətlə həyata keçirilib. Xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə əvvəlcə ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Cəmi 2 ay ərzində ərazi genişləndirilib, yeni torpaq yatağı inşa edilib və bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri artıq tamamlanıb. Çətin relyefə malik qayalıq ərazidən keçən hissələrdə yolun eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının, həmçinin yol əsasının inşası işləri həyata keçirilib. Yolda 4 yeni avtomobil körpüsü də inşa edilib. Körpülərin uzunluqları 45, 80 və 90 metr olmaqla, yolun 26.9-cu, 37.2-ci, 37.5 və 57.3-cü kilometrlik hissələrini əhatə edir.  Ərazinin dağlıq olduğunu nəzərə alaraq suların ötürülməsini təmin etmək məqsədilə  82 drenaj quyusu qazılıb, 5.6 km uzunluğunda müxtəlif diametrli drenaj borular çəkilib, 3.2 km uzunluğunda istinad divarları və 9 yerdə yeraltı keçid inşa edilib. Həmçinin 120 km-ə yaxın beton küvetlər tikilib.

Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintiyə Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti də cəlb olunub.

 

“Zəfər yolu”ndan görünən bərpa və yenidənqurma işləri

 

Erməni vəşhiliyinin izləri “Zəfər yolu”ndan daha aydın görünür. Vandal xislətli düşmən kəndlərimizi, Füzuli şəhərini yerləyeksan edib, xarabazarlığa çevirib, daşı daş üstə qoymayıb.  Amma Füzulidən Şuşaya doğru hərəkət etdikcə “Zəfər yolu” da daxil olmaqla, həm də Qarabağda başlanan bərpa işlərini yaxından görmək mümkündür. Regiondakı ilk infrastruktur layihələrindən olan “Füzuli” yarımstansiyası artıq istifadəyə verilib, Füzuli Beynəlxalq Hava Limanında isə son tamamlanma işləri gedir. Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı şəhərin və yeni yaşayış məhəlləsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Dövlətyarlı kəndində yeni salınacaq “ağıllı kənd”in təməli qoyulub. Hazırda bərpa və yenidənqurma işləri sürətlə davam edir.  Şuşaya doğru “Zəfər yolu” boyunca ağır texnikalar işləyir,  müxtəlif layihələr həyata keçirilir.

Yolda tunellərin, körpülərin, drenaj xətlərinin tikintisində çalışan işçilərlə görüşüb söhbətləşdik. Hər biri Qarabağda həyata keçirilən bərpa və yenidənqurmanın iştirakçısı olmasından məmnun idi. Havaların tədricən soyuması, qarşıdan şaxtalı qışın gəlməsi, dağlıq ərazilərin sərt relyefi onları qətiyyən qorxutmur və qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirəcəklərinə əminliklərini bildirirlər.

Şuşaya doğru uzanan bu yolda yeni Füzuli-Şuşa yolunun çəkilişində də işlərin sürətlə davam etməsinin şahidi olduq. Bu yol çətin relyefə malik olan ərazilərdə, dolamalarda inşa edilir. Körpü və tunellər hesabına bu yolla Füzulidən Şuşaya qədər olan məsafə 84.6 km təşkil edəcək. Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir, “Zəfər yolu” ilə kəsişmədə isə tunellər inşa olunub. Yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək. Yolda inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa, müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Bu yolun layihəsinə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsilə keçməklə inşa ediləcək.

 

Qələbəmizi  və İlham Əliyevin quruculuq əzmini simvolizə edən yollar

 

Ümumiyyətlə, bu gün Qarabağ və Şərqi Zəngəzurda inşa olunan yolların hər biri Vətən müharibəsindəki qələbəmizi, Prezident

İlham Əliyevin quruculuq əzmini simvolizə edir. Məsələn, sərt relyefli Murovdağ silsiləsindən keçməklə inşa olunan Toğanalı-Kəlbəcər-İstisu yolu həm də dövlətimizin gücünün ifadəsidir. Bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.

Bu yolun 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 m-dən 3250 m-ə qədər artır. Burada mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bu ərazilərdə inşa ediləcək dolaylara əlavə özül əsaslı istinad divarları tikilsə belə, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bölgədə sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə tikinti texnikalarının hərəkət qabiliyyəti də məhdudlaşır. Mövcud yoldan istifadə edərkən Murovdağ zirvəsindən enişdə də eyni çətinliklər yaranır. Yolda maillik 16-28 faiz arası dəyişir. Əgər yol 7 faiz mailliklə tikilsə, mövcud 16.5 km-lik yolun uzunluğunun dolaylarla daha 15 km uzadılması tələb olunur. Bu üzdən çətin relyefə malik ərazidə 31.5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11.7 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətlərinin də cəlb olunduğu 80,7 km-lik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun çəkilməsi, dağ ərazilərdə tunellərin inşası göstərir ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərinin bərpası üçün ən mürəkkəb layihələri belə həyata keçirməyə qadirdir.

İndi işğaldan azad edilmiş ərazilərdə hətta sovet dövründə olmayan istiqamətlərdə yeni yollar salınır. Başda “Zəfər yolu” olmaqla bütün yol layihələrinin hamısı sürətlə icra olunur. Zamanla onların sırasına yeniləri əlavə olunacaq, Qarabağ və Şərqi Zəngəzurda respublika əhəmiyyətli yollarla yanaşı, yerli əhəmiyyətli yollar da yenidən qurulacaq. Hazırda işğaldan azad olunan ərazilərdə həyata keçirilən işlərin sürəti və “Zəfər yolu”nda gördüklərimiz bunu təsdiq edir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Bakı-Füzuli-Xocavənd-Şuşa-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

01:54
10 İyun

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:53
10 İyun

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə

01:52
10 İyun

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
10 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:49
10 İyun

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

01:48
10 İyun

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında

01:47
10 İyun

Azercell abunəçilərinin nəzərinə

01:46
10 İyun

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

23:57
09 İyun

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb  

23:29
09 İyun

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

22:34
09 İyun

Brüsseldə təhsildə qənaət planına qarşı yeni etiraz dalğası

22:06
09 İyun

Avropanın 100 milyard avroluq qırıcı təyyarə layihəsi ləğv edildi

21:46
09 İyun

Türkiyə aviaşirkətlərinin təyyarə sifarişləri rekord səviyyədədir

21:18
09 İyun

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

21:13
09 İyun

Böyük İsgəndərin ilk böyük qələbəsini qazandığı yer “tarixi qoruq” elan edilib

20:49
09 İyun

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər  

20:31
09 İyun

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

20:21
09 İyun

Şuşa, Xankəndi və Laçında kanat yollarına 15,2 milyon manat xərclənib

19:52
09 İyun

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

19:39
09 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

19:21
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!