Dünyada elə şəhərlər var ki, onların şöhrəti yalnız qədimliyi və müasirliyi ilə ölçülmür. Bu şəhərləri fərqləndirən başlıca xüsusiyyət müxtəlif zamanların ruhunu eyni məkanda yaşada bilmələridir. Bakı da məhz belə şəhərlərdəndir. Xəzərin sahilində qərar tutmuş bu qədim şəhər əsrlərin yaddaşını yaşadan daş abidələri ilə müasir memarlığın ən gözəl nümunələrini ahəngdar birləşdirərək keçmişlə gələcək arasında möhtəşəm körpü yaradır.
Bakı tarixi abidələrin vitrininə çevrilmiş donuq bir şəhər deyil. Burada tarix şəhərin küçələrində yaşayır, qədim daş divarların kölgəsində müasir həyatın ritmi ilə qovuşur. İçərişəhərin əsrlərə meydan oxuyan qala divarları, neft bumu dövrünün möhtəşəm sarayları və şüşə fasadlı müasir tikililər burada bir-birinə rəqib deyil, vahid memarlıq düşüncəsinin tamamlayıcı hissələridir. Məhz bu vəhdət Bakıya dünyanın seçilən şəhərləri arasında özünəməxsus sima qazandırır.
"Azneft" meydanından Sahil bağına, Bakı bulvarına və İçərişəhərə qədər uzanan ərazi şəhərin memarlıq salnaməsini əks etdirən böyük tabloya bənzəyir. Xəzərin mavi suları, yaşıllıq zolaqları və müxtəlif dövrlərə məxsus memarlıq inciləri burada bir-birini tamamlayaraq bənzərsiz mənzərə yaradır. Hər addımda zamanın izi duyulur, hər bina isə öz dövrünün ruhunu yaşadır.
Bu harmoniyanın ən parlaq nümunələrindən biri "Azneft" meydanında - Niyazi küçəsinin başlanğıcında üz-üzə dayanan iki möhtəşəm tikilidir. Bir tərəfdə XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakının neft intibahını və milli memarlıq ənənələrini yaşadan Seyid Mirbabayevin sarayı, digər tərəfdə isə müasir Azərbaycanın iqtisadi qüdrətini, beynəlxalq nüfuzunu və qonaqpərvərliyini təcəssüm etdirən Four Seasons Hotel Baku ucalır. Onlar sanki iki müxtəlif əsrin nümayəndələri kimi eyni şəhərin taleyindən söhbət açırlar. Niyazi küçəsi 1 ünvanında yerləşən Seyid Mirbabayevin sarayı XIX əsrin sonlarında Bakının sürətli iqtisadi yüksəlişi dövründə inşa olunmuş ən dəyərli memarlıq abidələrindən biridir. Fransız intibah memarlığı üslubunda tanınmış memar Paul Ştern tərəfindən layihələndirilən bu bina şəhərin memarlıq simasının formalaşmasında mühüm rol oynayıb. Sarayın fasadı daş üzərində zərgər dəqiqliyi ilə işlənmiş incə naxışları, zərif sütunları, plastik həlli və memarlıq elementlərinin mükəmməlliyi ilə seçilir. Bina aradan 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də öz əzəmətini qoruyaraq Bakının memarlıq incilərindən biri kimi diqqəti cəlb edir. Bu sarayın dəyəri onun gözəlliyi ilə məhdudlaşmır. Divarlarında Azərbaycanın neft tarixinin yüksəlişi, milli musiqi mədəniyyətinin zənginliyi və insan taleyinin keşməkeşli yolları yaşayır.
Seyid Mirbabayevin həyatı Azərbaycan tarixində nadir rast gəlinən talelərdəndir. O, əvvəlcə ecazkar səsi ilə Bakının ən məşhur xanəndələrindən biri kimi şöhrət qazanmış, sonralar isə təsadüf nəticəsində sahib olduğu neft sahəsinin yüksək məhsuldarlığı sayəsində varlı sənayeçiyə çevrilmişdir. Zamanın siyasi hadisələri onun taleyini də tamamilə dəyişmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra mülkləri müsadirə edilmiş, özü isə doğma vətənini tərk etməyə məcbur qalmışdır. Bir zamanlar şöhrət və firavanlıq içində yaşayan sənətkar ömrünün son illərini Vətən həsrəti ilə keçirməyə məcbur olmuşdur. Elə buna görə də Seyid Mirbabayevin sarayı təkcə zəngin memarlıq nümunəsi deyil, həm də zamanın insan taleyi üzərində buraxdığı silinməz izlərin daş yaddaşıdır. Onun divarları bir dövrün yüksəlişini, digər dövrün isə acı sınaqlarını bu günümüzə səssiz dillə çatdırır.
Azərbaycan Xalq Cümhuriyyəti illərində binanın birinci mərtəbəsində Böyük Britaniya konsulluğunun fəaliyyət göstərməsi də bu tikilinin siyasi və diplomatik tariximizdə mühüm yer tutduğunu göstərir. Sonrakı dövrlərdə müxtəlif dövlət qurumlarının istifadəsində olan saray bu gün dövlət tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur və Bakının tarixi simasının ayrılmaz hissəsi olaraq yaşayır.
Seyid Mirbabayevin sarayının düz qarşısında ucalan Four Seasons Hotel Baku müasir Azərbaycanın iqtisadi yüksəlişini, şəhərsalma mədəniyyətini və beynəlxalq turizm potensialını əks etdirən memarlıq nümunələrindəndir. Şüşə fasadı, zərif memarlıq həlli və Xəzər sahilinə açılan möhtəşəm panoramı ilə bu bina XXI əsr Bakısının dinamik inkişafını ifadə edən rəmzlərdən birinə çevrilib.
Buradan bir neçə dəqiqəlik məsafədə yerləşən İçərişəhər, Dənizkənarı Milli Park, Sahil bağı, Milli Xalça Muzeyi, Azərbaycan Milli Musiqi Mərkəzi və digər mədəniyyət ocaqları qonaqlara qədim tarixlə müasir şəhər həyatının eyni məkanda necə təbii şəkildə qovuşduğunu nümayiş etdirir.
Seyid Mirbabayevin sarayı ilə Four Seasons Hotel Baku arasında məsafə cəmi bir neçə addımdır. Amma bu qısa məsafə simvolik baxımdan bir əsrdən artıq zaman yolunu əhatə edir. S.Mirbabayevin sarayı Bakının neft bumu dövrünü, milli memarlıq məktəbinin yüksəlişini və xeyriyyəçilik ənənələrini xatırladır. Hilton Baku isə müstəqil Azərbaycanın iqtisadi inkişafını, beynəlxalq əməkdaşlığını və dünyaya açıqlığını təcəssüm etdirir. Keçmişlə bu gün qarşı-qarşıya dayanmır, bir-birini tamamlayaraq Bakının bütöv memarlıq simasını formalaşdırır.
Elə buna görə də Bakı daşlarda yaşayan yaddaşın, memarlıqda təcəssüm tapan zamanın və nəsilləri bir-birinə bağlayan mədəni irsin canlı salnaməsidir. Onun küçələri tarix danışır, meydanları inkişafı göstərir, memarlığı isə keçmişlə gələcəyin harmoniyasını ifadə edir.
Elşən QƏNİYEV,
"Azərbaycan"