Məlumdur ki, dünyada baş verən hadisələr üzündən qlobal iqtisadiyyatda müəyyən çətinliklər yaranıb. Davam edən neqativ proseslər idxal-ixrac əməliyyatlarından yan keçməyib. Odur ki, yerli istehsalın inkişafı bu gün daha vacib əhəmiyyət kəsb edir.
Azərbaycanda qeyri-neft-qaz məhsulları istehsalında önəmli yeri sənaye zonaları tutur. Burada istehsal olunan məhsullar ölkənin idxaldan asılılığını azaltmaqla yanaşı, ixracın artmasına da töhfə verir. Ağdam Sənaye Parkının rezidentinin həyata keçirdiyi ixrac Qarabağda istehsal olunan sənaye məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında fəaliyyət göstərən "BAFCO İnvest" MMC 2026-cı ilin ilk 6 ayında Qazaxıstana 8 min cüt xüsusi təyinatlı işçi ayaqqabısı ixrac edib. Müəssisə müxtəlif növ qoruyucu ayaqqabı və poliuretan çəkmələrin istehsalı üzrə ixtisaslaşıb. 2023-cü ilin mart ayında sənaye parkının rezidenti kimi qeydiyyata alınan şirkət Almaniya texnologiyalarının tətbiqi ilə tikinti, sənaye və digər sahələr üçün nəzərdə tutulan geniş çeşidli təhlükəsizlik ayaqqabıları istehsal edir. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan istehsal müəssisəsində 70 nəfərdən çox işçi çalışır ki, onların da əksəriyyəti Ağdam və ətraf rayonların sakinləridir.
Fabrik ildə 510 min cüt ayaqqabı istehsalı gücünə malikdir. Bunun 350 min cütünü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü poliuretan çəkmələr təşkil edir. İstehsal olunan məhsulların 65 faizinin yerli, 35 faizinin xarici bazarlarda satışı nəzərdə tutulur.
Qazaxıstana həyata keçirilən ixrac şirkətin xarici bazarlarda satış coğrafiyasının genişləndirilməsi istiqamətində atdığı addımlardan biridir. İxrac coğrafiyasını genişləndirmək üçün şirkət İtaliya, Portuqaliya, Kanada və Balkan ölkələrinə məhsul nümunələri göndərib. Hazırda potensial tərəfdaşlarla əməkdaşlıq imkanları dəyərləndirilir.
Şirkətin məhsul portfelində yer alan bütün modellər EN ISO 20345 və EN ISO 20347 beynəlxalq standartlarının tələblərinə uyğun sertifikatlaşdırılıb. Bu sertifikatlar məhsulların təhlükəsizlik, keyfiyyət və etibarlılıq göstəricilərinin beynəlxalq tələblərə cavab verdiyini təsdiq edir.
Müəssisənin BAFCO brendi Avropa İttifaqında da əmtəə nişanı kimi rəsmi qeydiyyatdan keçib. Bu, şirkətə Avropa bazarında öz brendi ilə fəaliyyət göstərmək, topdan və pərakəndə satışları həyata keçirmək, eləcə də beynəlxalq marketplace platformalarında məhsullarını təqdim etmək üçün geniş imkanlar yaradır.
Sənaye parklarının müxtəlif sahələr üzrə ixtisaslaşması da vacib məsələdir. Məsələn, Hacıqabul Sənaye Parkı avtomobil istehsalı üzrə ixtisaslaşıb. İndiyədək burada müxtəlif növ avtomobillər istehsal olunub. Sənaye parkının əsas tərəfdaşlarından biri Özbəkistandır. Parkın rezidenti olan "Azərmaş CP" MMC tərəfindən Özbəkistanın "UzAvtoSanoat" SC ilə əməkdaşlıq çərçivəsində bu günədək ümumilikdə 10700-dən çox "Chevrolet" markalı avtomobil istehsal edilib. İstehsal olunan avtomobillər arasında "Labo", "Damas", "Malibu", "Lacetti", "Tracker", "Cobalt", "Nexia", "Spark", "Traverse", "Tahoe", "Equinox", "Onix" və "Captiva" modelləri yer alır.
Bununla yanaşı, sənaye parkında "Azərmaş Park" MMC tərəfindən Özbəkistanın "SamAvto" şirkəti ilə əməkdaşlıq çərçivəsində pikap, yük avtomobili və avtobuslar olmaqla 300-dən artıq "ISUZU" markalı nəqliyyat vasitəsi istehsal olunub.
Sənaye Parkında həyata keçirilən bu cür birgə layihələr ölkədə avtomobil sənayesinin inkişafına, yerli istehsalın genişləndirilməsinə, məşğulluğun və ixrac potensialının artırılmasına töhfə verir.
Rüstəm KAMAL,
"Azərbaycan"