Türk dünyasının iki nəhəng şəxsiyyəti və nəhəng siyasi liderləri olan Qazi Mustafa Kamal Atatürk və Ulu öndər Heydər Əliyev haqqında hər zaman düşünərkən və ya barələrində yazı yazmağa başlayarkən XI əsr türk mənəviyyatımızın qızıl kitabı “Divanı lüğət -it türk”də yer alan aşağıdakı sözlər bir anlığa düşüncələrimə hakim kəsilir: “Tanrının inayəti ilə günəş türk bürclərində doğdu və göylərin bütün dairələri onların mülkləri üzərinə döndü, Tanrı onlara türk adını verdi və onları yer üzünə hakim qıldı. Dövrümüzün xaqanlarını onlardan çıxardı, dünya millətlərinin idarə cilovunu onların əlinə tapşırdı, onları hamıdan üstün elədi, onları haqq üzrə qüvvətləndirdi” (Mahmud Kaşğarlı, “Divani lüğət-it türk”, I cild, Bakı, 2006, səh. 54 ).
Bu sözlərin hikməti kimi zəngin və qədim tariximizin şan-şöhrəti olan Mete, Atilla, Alp Ər Tonqa, Oğuz Kağan, Əmir Teymur, Şah İsmayıl Xətai, Sultan Suleyman, Ərtoğrul, Osman Qazi, Qanuni Sultan Süleyman, Sultan Əbdülhəmid və s. türk siyasi liderlərinin, Mahmud Kaşğarlının sözləri ilə desək, “dünya millətlərinin idarə cilovlarını əllərində saxlamaq və hamıdan üstün olmaq” bacarıqlarının kökündə birTanrı inayətinin dayandığı təsdiqini tapır. Qədim türk inanclarından birində deyildiyi kimi: “Tanrı istəməsə kimsə hökümdar ola bilməz”.
Heydər Əliyevin Mustafa Kamal Atatürk” haqqında fikirlərində də bu hikmətdən doğan məntiqin aparıcılığı böyük önəm təşkil edir. Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun söylədiyi kimi:
Tanrı qüdrətiydi, Allahdı, nəydi,
Əyilməz başları önündə əydi.
Mustafa Kamal Atatürk geniş anlamda Tanrının türk dünyasına bəxş etdiyi mücadiləçi, xilaskar, dövlət qurucusu, böyük türk idi. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin poeziyasında Atatürk şəxsiyyətinin xilaskarlıq və liderlik missiyası belə ifadə olunur:
Zaman ötdükcə nədən səcdə qılır hər kəs ona
Bir böyük millətə hər gün ata doğmuş o ana
Atatürkün sinəsi, yurdun alınmaz qalası,
Atatürk millətinin həm atası, həm balası.
Atatürk bir lider olaraq elə bir əbədilik qazanmışdır ki, zaman-zaman dünyanın müxtəlif yerlərində onun şəxsiyyəti araşdırma obyekti olmuş, haqqında möhtəşəm filmlər çəkilmiş, sənətin və ədəbiyyatın baş obrazına çevrilmişdir.
Təbii olaraq Atatürk fenomeni siyasi liderlərin də daim maraq dairəsində olmuş, dünyanın bir çox nüfuzlu siyasi xadimləri Mustafa Kamal Atatürkün şəxsiyyətini, siyasi və milli-tarixi xidmətlərini yüksək dəyərləndirmişlər. Bu sırada müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin daha böyük, eyni zamanda fərqli fikirləri xüsusi əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət Mustafa Kamal Atatürk haqqında söylədiyi fikirlər bir böyük türkün digər bir böyük türk haqqında, o cümlədən bir dövlətin dövlət təhlükəsizliyini təmin edən, ona əbədi müstəqillik bəxş edən siyasi liderin eyni taleyi yaşamış və eyni missiyanı yerinə yetirmiş başqa bir siyasi lider barəsində analitik düşüncə əsaslı ictimai-siyasi görüşlər sistemini təşkil edir. Heydər Əliyevin Mustafa Kamal Atatürklə bağlı fikirlərində hərtərəfli, eyni zamanda kompleks yanaşmanı izləmək mümükündür. Çünki vətənini və xalqını sevən, ona min bir tellə bağlı olan bir vətəndaş, bir türk və bir uzaqgörən siyasi lider kimi Heydər Əliyevin Türkiyəyə və onun qururcusu Mustafa Kamal Atatürkə sevgiləri səbəbsiz deyildi. 6 may 1997-ci il tarixində Ankarada bir jurnalistin- “Atatürkün adını tez-tez çəkməyiniz nə ilə əlaqədardır?”- sualına Heydər Əliyevin verdiyi cavabda bu sevginin səbəblərini aydın şəkildə görmək mümkündür: “Mən Türkiyə haqqında, Türkiyə Cümhuriyyəti, onun keçdiyi yol barədə sadəcə olaraq öz fikirlərimi deyirəm. Mən dostam, qardaşam, Mustafa Kamal Atatürk haqqında dediyim sözlər yetərlidir. Əgər istəyirsiniz yenə də deyim”.
Ulu Öndər Heydər Əliyev “bir millət iki dövlət” prinsipini əsas götürərək Türkiyə ilə Azərbaycan arasında birliyin, inkişafın, siyasi marağların təməlində doğmalıq və qardaşlıq münasibətlərinin dayandığına xüsusi önəm vermişdir. Heydər Əliyev Azərbaycanla Türkiyə arasındakı qardaşlığın təməlində milli-tarixi bağlarla yanaşı, Atatürk ideyalarının da mühüm rol oynadığını xüsusi qeyd etmişdir. Heydər Əliyev bir çox çıxış və müsahibələrində Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” sözlərini dilə gətirməklə Atatürk ideyalarında mövcud olan prinsipial Azərbaycan sevgisindən məmnunluq duymuş və Azərbaycanın Türkiyəyə münasibətində eyni mövqedə olduğunu xüsusi şəkildə qeyd etmişdir.
Ulu Öndər Heydər Əliyevin 8 may 1997-ci il tarixində “Çırağan” və “Suis” otellərində Türkiyənin “TRT”, “Samanyolu”, “NTV” televiziya kanallarının rəhbəri və Türkiyənin iş adamları ilə görüşlərindəki çıxışlarında həm Atatürkə olan rəğbətin şahidi olur, həm də Atatürkün Azərbaycanla bağlı atdığı addımların xarakter və əhəmiyyəti açıqlanır: “Türkiyə də, biz də böyük öndər Mustafa Kamal Atatürkün sözlərini tez-tez xatırlayırıq. O vaxtilə demişdir ki, Azərbaycanın dərdi bizim dərdimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir. Biz də deyirik ki, Türkiyənin dərdi bizim dərdimizdir, Türkiyənin sevinci bizim sevincimizdir. Mustafa Kamal Atatürk nə qədər müdrik adamdır. Bu sözləri hələ 30-cu illərdə demişdir. Onda hələ Ermənistan Azərbaycan arasında belə savaş, münaqişə yox idi, qan tökülmürdü. Ancaq o – böyük Mustafa Kamal Atatürk 1918-1920-ci illərdə həmin o erməni müəlliflərinin, daşnaklarının azərbaycanlıların başına nə bəlalar gətirdiklərini yaxşı bilirdi. Məhz Mustafa Kamal Atatürkün və onun kimi insanların iradəsi nəticəsində 1918-1920-ci illərdə Türkiyənin Qafqaz ordusu Azərbaycana gəldi, Naxçıvanda, Qarabağda, Gəncədə, Bakıda azərbaycanlıları erməni qırğınından xilas etdi. Biz bunları unutmuruq”.
Mustafa Kamal Atatürkün Azərbaycanla bağlı atdığı addımları sadalayarkən Heydər Əliyevin tarixə səyahəti məqsədli səciyyə daşıyır və bu yanaşma bir neçə baxımdan əhəmiyyət kəsb edir. Bu yanaşmada Atatürkün Azərbaycan sevgisi, türkün türkə qardaşlıq münasibəti, erməni daşnaklarının Azərbaycanın müxtəlif bölgələrində törətdikləri soyqırım hadisələri diqqətə çatdırılır və ən başlıcası isə Azərbaycan-Türkiyə qardaşlığınınəbədiliyinə inam nümayiş etdirilir.
Heydər Əliyev Atatürkün Türkiyə üçün xidmətlərindən danışarkən onun dövlət quruculuğu fəaliyyətinə xüsusi önəm verir. O, Atatürkün müstəqil dövlət quruculuğu yolunda atdığı addımları alqışlayır, bu günkü Türkiyənin uğurlarının təməlində Atatürk ideyalarının dayandığını fəxr ilə diqqətə çatdırır. Heydər Əliyev Atatürkün dövlət yaratmaq yox, həm də dövləti yaşatmaq və inkişaf etdirmək yollarındakı xidmətlərini də təqdir etmiş, Türkiyənin milli-mənəvi dəyərlərə bağlı olmasında və bəşəri ideyalara inteqrasiyasında Atatürk yolunun əhəmiyyətinə böyük dəyər vermişdir.
Heydər Əliyevin 30 oktyabr 1998-ci ildə İstanbulda “Mərmərə” qrupunun Strateji Araşdırmalar Vəqfinin keçirdiyi mərasimdəki nitqində Atatürkün Türkiyənin dövlətçilik tarixində tutduğu mövqe belə dəyərləndirilir: “Mustafa Kamal Atatürk Cümhuriyyəti yaratdı, amma eyni zamanda da onu qurdu, yaşatdı. Şübhəsiz ki, hər bir yeni işi yaratmaq asan deyil. Bu böyük iradə, ağıl, qəhrəmanlıq tələb edir. Ancaq qurulan hər bir şey yaşaya bilmir, Mustafa Kamal Atatürkün xidmətləri bir də ondan ibarətdir ki, o, Türkiyə Cümhuriyyətinin nəinki əsasını qoydu, həm də onu qurdu, onun bütün təsisatlarını yaratdı, onu yaşatdı, böyük dövlət etdi, bu günkü nəsillərə, gənclərə əmanət edərək özünü əbədiyyətə qovuşdurdu”. Diqqət etdikdə görürük ki, Heydər Əliyev Atatürkün dövlət quruculuğu fəaliyyətindən danışarkən dövlətçilik üçün vacib olan bütün detallara toxunmuş, Atatürkün qurucu rəhbər obrazını göz önünə gətirməklə Atatürk yolunun uğurlarından bəhs açmış, bu günkü nəsli Atatürkə hədsiz hörmət və sədaqət ruhunda tərbiyələndirməyə çağırış etmişdir: “Böyük öndər Mustafa Kamal Atatürkün xidmətləri bu gün hər kəsin gözünün önünə gəlir. O, hər kəsin ürəyindədir... Biz Azərbaycanda çox sevinirik və fəxr edirik ki, Türkiyə Cümhuriyyəti ardıcılı olaraq, davamlı, sürətlə, inamla Mustafa Kamal Atatürkün yolu ilə gedir”.
Heydər Əliyev Atatürk şəxsiyyətinə müasir Türkiyənin və türk xalqının bir zamanlar yaşamış olduğu keşməkeşli tarixiolaylar prosesində dəyər verir, bu məqsədlə onun misilsiz lider və böyük rəhbər keyfiyyətləri üzərində xüsusi dayanır. Eyni taleyi yaşayan insan kimi Heydər Əliyevin Atatürkə bu kontekstdə münasibətində Atatürk ucalığının mahiyyəti və təfərrüatları açıqlanır, tarixi simvola çevrilən Atatürk şəxsiyyətinə olan sevgi və rəğbətin səbəblərinə cavab tapılır. Qeyd etməliyik ki, Heydər Əliyevin natiqlik məharəti, o cümlədən təfərrüatları üzə çıxarıbmahiyyət müstəvisində dəyərləndirmək səriştəsi Atatürklə bağlı hər hansı analitik fikrin ortaya çıxmasını təmin edir. Məsələn, Atatürkün “Yurdda sülh, cahanda sülh, bölgədə sülh” prinsiplərini Azərbaycanın Qafqaz siyasəti üçün örnək hesab edən Heydər Əliyev müəyyən məqamlarda Atatürk yolunun Azərbaycan üçün də əhəmiyyət kəsb etdiyini açıq etiraf etməkdən çəkinmir.
Ulu öndərimiz Heydər Əliyevin 16 aprel 1999-cu il tarixində Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə görüşündə söylədiyi nitq bu baxımdan xarakterikdir: “Azərbaycan xarici siyasətində və ilk növbədə Qafqazda apardığı strateji kursunda böyük Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipləri gerçəkləşdirilərək daim həyata keçirilir”.
Heydər Əliyevin Ankarada Atatürk məqbərəsini ziyarət etdiyi zamanlarda, o cümlədən 1997-ci ildə “Nərgiz tv” televiziyasının təsis etdiyi “Dünyada ilin adamı” və 1999-cu ildə Atatürk Beynəlxalq Sülh Mükafatı kimi ali təltiflərin təqdimində etdiyi çıxış və kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində Atatürkə olan sonsuz məhəbbətini bir daha diqqətə çatdırmış, aldığı mükafatın Atatürkün adını daşıdığı üçün indiyə qədər aldığı mükafatlardan üstün hesab etdiyini bəyan etmiş, Atatürk ideyalarının təkcə Türkiyə üçün deyil, həm də Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulamışdır: “Böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan mükafatı almaq mənim üçün böyük şərəfdir. Hesab edirəm bu mükafat mənim indiyə qədər aldığım mükafatlardan ən alisidir”. Heydər Əliyevin Atatürk məqbərəsini ziyarət etdiyi zaman Azərbaycandan gətirdiyi torpağı Atatürk məzarının yanına qoymasını bir neçə baxımdan əlamətdar hesab etmək olar. Bu bir tərəfdən eyni millət anlamında Azərbaycan-Türkiyə qardaşlığını, digər tərəfdən Azərbaycan xalqının Atatürkə olan sevgisini, başqa bir tərəfdən isə Heydər Əliyevin sözləri ilə desək “Azərbaycanın Mustafa Kamal Atatürkü özünün öndəri, özünün qəhrəmanı, özünün müdrik şəxsiyyəti hesab etməsini” əks etdirir.
Heydər Əliyev Azərbaycanda Atatürkün adını daşıyan küçə və meydanlardan danışarkən onları iki baxımdan xarakterizə etmişdir. Heydər Əliyev Bakıda, Gəncədə, Naxçıvanda, Sumqayıtda Atatürkün şərəfinə adlandırılan küçə və prospektləri Azərbaycanda Atatürkün adının əbədiləşdirilməsi ilə yanaşı, genişmənada Türkiyənin nümayişi baxımından da əhəmiyyətli hesab edir.
Heydər Əliyev Türkiyə və türk dünyası qarşısında xidmətlərinə görə Mustafa Kamal Atatürkü xalqı üçün, torpağı üçün müqəddəslər müqəddəsi hesab etmiş, onun ideyalarına, qoyub getdiyi dəyərli irsinə böyük hörmət və ehtiramını ifadə etmişdir. Heydər Əliyev Atatürkün demokratik dövlət quruculuğundakı xidmətlərini, xarici qüvvələrin təsiri ilə Türkiyəni parçalanmaqdan qurtarmasını, Türkiyəni yeni inkişaf yoluna çıxararaq dünyanın aparıcı dövlətləri sırasında yer almasına nail olmasını və s. təkcə Türkiyə xalqının və Türkiyə dövlətinin deyil, həm də türk dünyasının xoşbəxtliyi hesab edir, bir Azərbaycan türkü və bir Azərbaycan dövlətinin prezidenti olaraq bununla fəxr etdiyini açıq şəkildə bəyan edir: “Biz hamımız bununla fəxr edirik ki, belə bir Türkiyə var, Mustafa Kamal Atatürk Cümhuriyyəti var”.
Ümummilli Heydər Əliyevin bu müdrik kəlamları bu gün olduğu kimi gələcəkdə də aktuallığını itirməyəcək və hər bir azərbaycanlının dilində əhəmiyyətli ifadə kimi səslənəcəkdir: “Nə yaxşı ki, Türkiyə var, nə yaxşı ki, Mustafa Kamal Atatürk Cümhuriyyəti var...”.
Elman QULİYEV,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin professoru,
Türkoloji mərkəzin Türk
ədəbiyyatı bölməsinin müdiri