Payızın qoxusunu artıq hiss edirik. Hələ ağacların yarpaqları tam saralmayıb, günəş öz istisini tam itirməyib, günortalar yenə də bir kölgəlik axtarırıq. Amma havada izahı çətin olan bir dəyişiklik var: sanki təbiət sakitcə nəfəsini dəyişir. Axşamlar bir az tez düşür, səhərlər bir az sərin olur, küləyin toxunuşunda yaydakı o şıltaqlıq yox, qəribə bir təmkin hiss edilir. Və insan anlayır ki, fəsillərdən biri yavaş-yavaş yola düşür, digəri isə səssiz addımlarla yaxınlaşır.
Payız gələndə ilk dəyişən təkcə hava deyil, insanın daxilidir. Yayın uzun, işıqlı günlərindən sonra payız insana sanki dayanmağı, düşünməyi xatırladır. Günəşin altında tələsik yaşadığımız günlər geridə qalır, axşamların sakitliyi artır. Elə bil həyat bir qədər ritmini azaldır ki, insan öz səsini eşidə bilsin.
Torpağın, nəm yarpaqların, sərin havanın, uzaqdan gələn yağışın qoxusu bir-birinə qarışır. Bu qoxunun içində qəribə bir doğmalıq var. Uşaqlıqdan tanıdığımız, amma illər keçdikcə adını unutduğumuz bir hissi oyadır. Bəzən bir külək, bir yarpaq, yağışdan sonra küçəyə yayılan torpaq qoxusu insanı illər əvvələ aparır. Bir məktəb səhərinə, isti köynək geyinib evdən çıxmağa, yağışlı havada pəncərədən həyət-bacaya, küçəyə baxmağa, anamızın dəmlədiyi çayın qoxusuna, payız axşamlarının uzun söhbətlərinə…
Bəlkə də fəsillərin ən gözəl tərəfi budur: onlar yalnız təbiəti dəyişmir, yaddaşımızın qapılarını da açırlar.
Payızın özünəməxsus bir səssizliyi var. Yayda ətraf daha gur olur. Payız isə sanki şəhərin səsini bir qədər azaldır. Yağış küçələri boşaldır, külək ağacların budaqlarını sığallayır, pəncərələr bağlanır. İnsanlar isti yuvalarına çəkilirlər.
Soyuq havadan içəri girib isti otağın havasını hiss etmək, üstündən qalın paltarını çıxarmaq, bir fincan çay süzmək, pəncərənin qarşısında dayanıb yağışa baxmaq… Bunların heç biri böyük hadisə deyil. Amma həyatın ən gözəl anları da çox vaxt böyük hadisələrdən ibarət olmur. Bəzən xoşbəxtlik bir axşamın sakitliyində, evdə yanan lampanın işığında, sevdiyin insanların yanında oturmaqda, uzaqdan gələn yağış səsində gizlənir.
Yarpaqların saralması da, əslində, həyat haqqında çox şey deyir. Ağac yarpağını itirəndə məhv olmur. Sadəcə, bir müddət "paltarsız" qalır. İnsan da elədir. Hər dəyişiklik itki deyil. Bəzən həyatımızdan nələrinsə çıxması yeni bir mərhələyə hazırlaşmağımızdır. Bəzən bir qapının bağlanması başqa bir qapının açılmasına yer yaradır. Bəzən insan geridə qoyduğuna illər sonra baxıb anlayır ki, həmin ayrılıq onun sonu yox, başqa bir başlanğıc imiş.
Ağaclar yarpaqlarından yapışıb qalsaydılar, onun üçün qışın ağırlığını daşımaq daha çətin olardı. Təbiət bilir ki, nəyi nə zaman etmək lazımdır. Yarpaq yazda yaranır, yayda böyüyür, payızda saralır və vaxtı yetişəndə də torpağa qarışır. İnsan isə çox vaxt keçmişə sarılır. Bitmiş münasibətlərə, dəyişmiş insanlara, artıq geri qayıtmayacaq günlərə, "kaş ki"lərə…
Amma payız yalnız ayrılıq və kədər də deyil. Əksinə, payızın içində qəribə bir gözəllik var. Sarı, narıncı, qırmızı və qəhvəyi rənglər şəhəri başqa bir rəsmə çevirir. Günəş əvvəlki kimi yandırmır, daha yumşaq işıq saçır. Ağacların kölgəsi uzanır. Yağışdan sonra asfaltın üzərində işıqlar əks olunur. Külək yarpaqları küçələrə səpələyir və hər addımda xırda bir xışıltı yaranır. Təbiət sanki yay boyu topladığı bütün rəngləri son dəfə nümayiş etdirib sakitcə qışa hazırlaşır.
Bəzi insanlar üçün bu fəsil yeni planların başlanğıcıdır. Yayın rahatlığı geridə qalır, həyat yenidən ritmə düşür. İşlər, məqsədlər, planlar, arzular bir-birinin ardınca düzülür. Sanki sentyabr yalnız təqvimdə yeni ay deyil, insanın içində də yeni bir səhifədir.
Bəlkə də elə buna görə payızın gəlişi çox adamda qəribə yenilənmə hissi yaradır. Yeni nəsə almaq, evdə nələrisə dəyişmək, qarderobu yeniləmək, yeni məqsədlər müəyyənləşdirmək, daha çox kitab oxumaq, yarımçıq qalan işləri tamamlamaq, yayda təxirə saldıqlarımızı payızda həyata keçirmək istəyirik. Çünki insanın içində bir səs deyir ki, qarşıda uzun bir mövsüm var və bu dəfə hər şeyi bir az daha fərqli etmək olar.
Payız həm də zamanın necə sürətlə keçdiyini xatırladır. Bir neçə ay əvvəl yazın ilk günlərini gözləyirdik. Sonra yay gəldi. İsti günlər, uzun axşamlar, dəniz qoxusu, açıq pəncərələr… İndi isə havadan payızın qoxusu gəlir. Və insan bir anlıq dayanıb düşünür: daha bir yay keçdi.
Bəzən bir ilin necə keçdiyini yalnız fəsillər dəyişəndə anlayırıq.
Bir il əvvəl harada idik? Kimlərlə idik? Nələrdən qorxurduq? Nələri arzulayırdıq? Hansı problemləri dünyanın sonu hesab edirdik? Hansı insanların həyatımızda həmişə qalacağını düşünürdük? Hansı arzularımız gerçəkləşdi? Hansıları hələ də ürəyimizin bir küncündə gözləyir? Payız bütün bu sualları sakitcə qarşısına qoyur insanın. Və bəzən cavab verməyə ehtiyac da olmur. Sadəcə, anlayırsan ki, ətraf dəyişib. Sən də dəyişmisən. Bir vaxtlar səni incidən nələrsə artıq əvvəlki qədər ağır deyil. Bir vaxtlar böyük görünən problemlərin üzərindən zaman keçib. Bəzi insanları itirmisən, bəzilərini daha yaxından tanımısan. Bəzi arzuların gerçəkləşib, bəziləri isə dəyişib. Həyatın əvvəl düşündüyün kimi olmadığını, amma yenə də özünəməxsus gözəlliklərini öyrənmisən. Payız insana böyüməyin səssiz tərəfini göstərir.
Bu fəsildə yağışın səsi də başqa cür olur. Yay yağışı tez-tez keçib gedir. Payız yağışı isə daha uzun çəkir. Uzaqda şəhərin işıqları yağışın içində bulanıq görünür. Belə anlarda insanın ürəyində qəribə bir sakitlik yaranır. Hərdən heç nə etmək istəmirsən. Sadəcə, oturub yağışı izləmək istəyirsən. Və bəlkə də bu lazımdır. Çünki həyat yalnız qaçmaqdan, çatmaqdan, qazanmaqdan və nəyinsə ardınca getməkdən ibarət deyil. Bəzən dayanmaq da həyatın bir hissəsidir. Bəzən heç yerə tələsmədən bir fincan çay içmək, sevdiyin insanlarla söhbət etmək, övladının gülüşünü dinləmək, evin sakitliyində özünü yaxşı hiss etmək ən böyük nemətlərdən biridir. Payız bunu daha aydın göstərir. Hər şey yavaşlayanda insan, əslində, nələrin qiymətli olduğunu daha yaxşı görür.
İnsan gələcəyin hansı fəsildə ona nə gətirəcəyini bilmir. Bəlkə bu payız həyatında çoxdan gözlədiyin bir xəbəri gətirəcək. Bəlkə yeni bir başlanğıc olacaq. Bəlkə bir qərar verəcəksən. Bəlkə çoxdan unutduğun bir arzunu yenidən xatırlayacaqsan. Bəlkə də heç nə böyük şəkildə dəyişməyəcək. Amma sən özün dəyişəcəksən. Bir az daha sakit, bir az daha anlayışlı, bir az daha minnətdar olacaqsan.
Və bir gün payızın ortasında küçədə gedərkən ayağının altında xışıldayan yarpaqların səsini eşidəcəksən. Başını qaldırıb ağaclara baxacaqsan. Bəlkə bir yarpaq küləklə budaqdan ayrılıb sakitcə yerə düşəcək. O an düşünəcəksən ki, həyat da belədir. Heç nə olduğu kimi qalmır. Mövsümlər dəyişir, hisslər dəyişir, biz dəyişirik. Və dəyişə-dəyişə böyüyür, böyüyə-böyüyə qocalırıq.
Payız qoxusunun içində torpağın, yağışın, yarpaqların və keçən zamanın izi var. Ömrün ötüb keçdiyini xatırladan, amma qarşıda yenə də yeni günlərin olduğunu deyən bir qoxudur bu.
Nərminə ƏSGƏROVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"