İstirahət
etmək hər kəsin haqqıdır. Özü də yayın qızmarında buna daha çox ehtiyac duyulur.
Ancaq istirahətdən istirahətə fərq var. Təbiidir ki, yayın istisində özünü təbiətin
qoynuna atmaq istəyənlər daha çox olur. Çünki təbiətin təmiz havasını uda-uda yaşıllıqlar
qoynunda sərilmiş süfrə ətrafında dövrə vurub oturmuş ailə üzvlərinlə söhbət etməkdən
gözəl nə ola bilər...
Qeyd edək
ki, son illər ölkə rəhbərinin diqqət və qayğısı ilə əhalinin istirahətinin təşkili
istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Bunun da nəticəsində insanların
yay, xüsusən də həftəsonu istirahətləri səmərəli keçməklə yanaşı, növbəti iş həftəsi
üçün işgüzarlıqları da artır.
Təbiət qoynunda
istirahət etmək sarıdan Gəncə və ətraf bölgələrdə yaşayan insanların bəxti gətirib.
Çünki şəhərin qızmar istisindən qurtulub sərin meşələrə üz tutmaq üçün cəmi yarım
saat kifayət edir. Odur ki, Hacıkənd meşələri, eləcə də Göygöl ətrafındakı meşələr
daim qələbəlik olur.
Qərb bölgəsində
yaşayanların həftəsonu istirahətlərini necə keçirmələrini öyrənmək üçün üz tutduq
Hacıkəndə. Ölkə başçısının diqqət və qayğısı ilə Gəncədən Göygölədək gözəl yol çəkilib.
Hər tərəfdə səliqə-sahman hökm sürür. Göygöl rayonunun mərkəzindən çıxarkən ilk
yetişdiyimiz məkan Aşıqlı kəndi oldu. Yay mövsümündə yol kənarlarında çörək, Azərbaycanın
milli yeməkləri olan kətə və sair bişirib satan kənd sakinləri ilə görüşdük.
Diqqətə çatdıraq
ki, bu ərazilərdə olan yaşayış məntəqələri - Aşıqlı, Yeni Zod, Bənövşəli, Göycəkənd,
Çaykənd, Quşçu, Qarabulaq, Sarısu, Toğanalı və Əzgilli kəndləri Göygöl rayonunun inzibati ərazi vahidinə
daxildirsə, Hacıkənd qəsəbəsi Gəncənin, "Göygöl” Dövlət Qoruğu isə Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindədir. İnsafən deyək ki, son
illər Göygöl Rayon İcra Hakimiyyəti bu yolda yerləşən görkəmsiz məişət obyektlərinin
götürülməsinə nail olmuş, yol kənarlarında fəaliyyət göstərən ticarət obyektlərində
səliqə-sahman yaratmışdır. Hazırda kənd sakinlərinə bu ərazinin gözəlliyini qoruyub
saxlamaq üçün ciddi nəzarət edilir.
Lakin bu ərazidə
heç də hər şey gözoxşayan deyil. Yolboyu irəlilədikcə gördüyümüz mənzərə bizdə təəssüf hissi oyatdı.
Belə ki, oturub dincəlmək üçün meşədə bir kvadratmetr də olsun belə boş yer tapmadıq.
Hara getdiksə, ya ailəvi istirahət mərkəzləri, ya da kafe və çayxanalarla rastlaşdıq.
Məcbur olub ailəvi istirahət mərkəzlərinin birində oturmalı olduq. Belə qərara gəldik
ki, elə günorta naharımızı burada edək. Sonda deyilən hesab bizi təəccübləndirdi.
Söylədilər ki, biz hələ insaflıyıq. Digər yeməkxanalarda bunun iki qatını alırlar.
Sözümüz yoxdur, bazar iqtisadiyyatıdır! Kim necə qiymət qoyur, öz işidir!
Ümumiyyətlə,
Hacıkənd meşələrində yeməkxana, çayxana əlindən tərpənmək olmur! Hara baxırsan,
ictimai iaşə obyektidir. Kiçik bir ərazidə bu qədər yeməkxana olar?! Dedilər ki,
meşələrdə ağacların qırılıb yerində obyekt tikilməsi üçün şərait yaradılmasına icazəni
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan departament verir.
Biz Hacıkənddə
olarkən meşələrdə traktor səsi eşidilirdi. Görünür, bu proses bu gün də davam edir.
Sual olunur, bu biabırçılıq nə vaxta kimi davam edəcək? Axı insanların istidən qorunmaq,
daldalanmaq üçün təbiətin onlara verdiyi imkanı niyə əllərindən alırlar? Hər ailənin
imkanı yoxdur ki, burada fəaliyyət göstərən və qiymətləri od tutub yanan ailə istirahət
mərkəzlərinə getsin! Bu yeməkxanalarda müştəridən kim neçə istəyir, onu da alır.
Heç yeməklərin qiyməti barədə müştəriyə məlumat verən "menyu” da yoxdur! Ödənən
pulun qəbzi verilmir. Bu isə o deməkdir ki, gəlirlər gizlədilir!
Ərazidə antisanitariya
hökm sürür. İçməli su problemi yaşanır. Göygöl Rayon İcra Hakimiyyətindən öyrəndik
ki, bütün yeməkxanalar elektrik enerjisini rayonun kəndlərinə gedən yüksək gərginlikli
elektrik xəttindən götürürlər ki, bu da kəndlərdə yaşayan sakinlər üçün təhlükədir.
Təsəvvür edin ki, hər yeməkxanada 100 ədəddən çox lampa yanır, elektrik cihazları
işləyir. Hacıkənddə isə təxminən 50-dək yeməkxana fəaliyyət göstərir. Bu o deməkdir
ki, hər an qəza və açılmalar ola bilər ki, bunun da nəticəsində kəndlər işıqsız
qalar.
Qeyd edək
ki, Hacıkənddə ictimai iaşə obyekti işlətmək üçün icazə veriləndə bağlanmış müqavilədə
həmin ərazidə tikinti işlərinin aparılmamasını xüsusi qeyd etməlidir. Ancaq icazə
alan hər kəs həmin ərazidə elə işlər görür ki, tikinti işlərinə bərabər olur. Hətta
cəmi bir neçə sot üçün müqavilə bağlayan şəxs həmin ərazidə hektarla yer zəbt edir.
Bundan başqa, ərazidə elə şərait yaradılmalıdır ki, ora avtomobillərin girişi mümkün
olmasın. Çünki qoruq ərazisinə daxil olan avtomobillər meşənin bitki örtüyünü sıradan
çıxarır. Qaldı obyektlərin adlarına, bu sahədə də işlər ürəkaçan deyil. Məsələn
burada çayxanaya "PELE”, yeməkxanaya "FLAMİNQO”
və sair adlar veriblər.
Onu da qeyd
edək ki, meşə ərazisi birilliyə icarəyə verilir. Ancaq biz Hacıkənddə olarkən "Həyat”,
"Sevimli məkan” istirahət mərkəzlərində bunun əksini gördük. Xüsusilə "Sevimli məkan”da
böyük bir ərazi zəbt edilərək 17 ədəd kottec, çoxlu sayda yardımçı binalar tikilmişdir.
Qeyd edək
ki, "göllər tacı” Göygölü görmək çoxlarının arzusudur. Xüsusilə xarici turistlər
bu yerlərin füsunkarlığına heyranlıqla tamaşa edirlər. Elə bu məqsədlə hər il minlərlə
xarici turist bu ərazidə dincəlməyə üstünlük verir. İndi sual olunur: Hacıkənddə
hökm sürən bu xoşagəlməz vəziyyət ölkəmiz haqqında hansı təəssüratı yaradır?!
Sabir ƏLİYEV,
"Azərbaycan”