Goranboy kənd təsərrüfatı rayonu olmasına baxmayaraq, burada bir neçə sənaye müəssisəsi də fəaliyyət göstərir. Onların sırasında "Master Metal Company" və "Goran Agro Avadanlıqlar Zavodu" MMC-ləri misal çəkmək olar.
"Master Metal Company" MMC-də məişət avadanlıqları, müxtəlif təyinatlı masa və oturacaqlar, "Goran Agro Avadanlıqlar Zavodu" MMC-də isə kənd təsərrüfatı təyinatlı avadanlıqlar, müxtəlif ölçülü qoşqular, eləcə də digər metal məmulatlar istehsal edilir.
Bu günlər RİH-in başçısı M.Quliyev müəssisələrdə istehsal sahələrinin vəziyyəti ilə tanış olmuşdur. Ona istehsal sahələrinin fəaliyyəti, tətbiq olunan müasir texnologiyalar, istehsal gücü, məhsul çeşidlərinin artırılması istiqamətində görülən işlər və gələcək inkişaf planları barədə ətraflı məlumat verilmişdir.
İstehsal sahələrinə baxış zamanı ölkədə həyata keçirilən iqtisadi siyasət, o cümlədən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası istiqamətində görüən işlər ətraflı müzakirə edilmişdir. Ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi və aqrar sahəyə xidmət göstərən istehsal müəssisələrinin fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, müasir istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və istehsal potensialının artırılması regionların sosial-iqtisadi inkişafına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfələr verə bilər.
Sonda hər iki müəssisənin rəhbəri onlara göstərilən diqqət və qayğıya, dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən ardıcıl dəstəyə görə minnətdarlıqlarını bildirmiş və qeyd etmişlər ki, onlar yaradılan bu imkandan istifadə etməklə məhsul çeşidinin sayının artırılmasına çalışacaq, istehsalın həcmini artırmaqla müəssisələrin fəaliyyətini daha da genişləndirəcəklər.
S.YUNİSOĞLU,
"Azərbaycan"