Dekabrın 2-də, ATƏT-in Minsk qrupunun de-yure ləğvindən cəmi bir gün sonra Ermənistan hökumətinin keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc etməsi gündəmin diqqətçəkən hadisələrindən oldu. Hələ bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan adıçəkilən sənədləri dərc edəcəyini demişdi.
Sözügedən tarixdə hökumətin rəsmi saytında bu məsələ ilə əlaqədar ümumilikdə 13 fayl yerləşdirilib. Bunların arasında 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə təqdim olunan vasitəçilərin təklifləri və üçüncü prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə yazdığı məktub da var.
İrəvanın ötən onilliklər boyu münaqişənin danışıqlar yolu ilə həll variantından yayındığını və onun sonsuzadək dondurulmasının tərəfdarı olduğunu ortaya qoyan bu sənədlər həm də Ermənistanın miskin, aciz dövlət olduğunu bir daha təsdiq etdi. Bu sənədlərdə əks olunan məsələlər sübut etdi ki, İrəvan heç zaman müstəqil siyasət yürüdə bilməyib, həmişə kənar dövlətlərin orbitində fırlanıb, vassal rolunda olub.
Bakının diktəsi ilə…
Hər zaman Qarabağ məsələsində qətiyyətli mövqe ortaya qoyan və danışıqlarda dominant tərəf olan Azərbaycanın İkinci Qarabağ müharibəsində yaratdığı reallıqlar İrəvanı işğal dövründə etdiyi səhvləri etiraf etməyə, onları sənəd-sübutlu şəkildə faktlarla gün üzünə çıxarmağa məcbur edib.
Hökumət keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc etməklə cəmiyyətdə Serj Sarkisyan və digərlərinin işğalçılıq siyasətinin Ermənistanı necə acınacaqlı hala saldığını göstərmək istəyir.
Azərbaycan ərazilərinə iddia güdülən şovinist siyasəti nəticəsində Ermənistan özü dalan ölkəyə çevrildi, hərtərəfli böhrana düşdü. İstər sosial, iqtisadi, istərsə də demoqrafik böhran olsun. Eyni anda iki və daha artıq stolda oturmağa çalışan İrəvan gah Rusiyaya, gah da Qərb dairələrinə vassallıq etməyə başladı. Birmənalı olaraq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həllinə razı olmadı, konstruktiv təklifləri əlinin tərsi ilə itələdi. Çünki İrəvan xarici himayədarlarına güvənərək Azərbaycan ərazilərinə iddiasından, Qarabağa olan iştahasından əl götürmək istəmirdi. Məsələnin bu cür uzadılacağı və Azərbaycanın torpaqlarının itkisi ilə razılaşacağını planlaşdırdılar.
Lakin rəsmi Bakı beynəlxalq tribunalardan hər zaman bəyan edirdi ki, Azərbaycan heç zaman işğal siyasəti ilə barışmayacaq, bir qarış torpağını belə güzəştə getməyəcək.
Yuxarıda vurğuladığımız kimi, Nikol Paşinyan keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc etdirərək Serj Sarkisyan və digər sələflərinin danışıqlar prosesini necə pozduğunu və bütün bunların Ermənistana necə baha başa gəldiyini göstərmək istəyir.
Ancaq onu da heç kim unutmayıb ki, elə Paşinyanın özü də münaqişənin danışıqlar vasitəsilə həll olunmasına geridönülməz zərbə vurmuşdu.
Paşinyanın Xankəndidə "Qarabağ Ermənistandır nöqtə" deməsindən tutmuş Şuşada Cıdır düzündə yallı getməsinə qədər işğalçı siyasət güdən və danışıqları rədd edən hərəkəti münaqişənin dialoqla həllinin mümkünsüz olduğunu inkaredilməz şəkildə ortaya qoyurdu.
Sonrakı peşmançılıq fayda verəcəkmi?!
Paşinyan indi hər nə qədər özünü konstruktiv siyasətçi, sülh göyərçini kimi göstərmək istəsə də, yaxın keçmişdə baş verənlər onun törətdiyi və nəticəsi elə Ermənistanın özü üçün ağır olan yanlış əməlləri özündə əks etdirir. Faktiki olaraq Paşinyanın Qarabağı Ermənistan ərazisi kimi tərif etməsi münaqişənin danışıqlar yolu ilə deyil, müharibə vasitəsilə həll olunmasına gətirib çıxardı. Bu isə onu göstərir ki, əslində, Ermənistana prezidentlik etmiş şəxslərin hamısı işğal siyasətinin davam etməsi tərəfdarı olub.
İki ölkə arasında diplomatik danışıqların mümkün olmamasında ATƏT-in keçmiş Minsk qrupu da xüsusi rol oynayıb. İkili standartlar nümayiş etdirən bu yarıtmaz qrupun münaqişənin olduğu kimi Ermənistanın xeyrinə sonsuzadək sürməsi istiqamətində əlindən gələni etməsi danılmaz reallıqdır.
Əslində, Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstək məqsədilə yaradılmışdı. Lakin həmsədrlərin onilliklər ərzində apardıqları yarıtmaz fəaliyyət nəticəsində münaqişənin nizamlanmasına nail olunmamışdı. Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün irəli sürdüyü ilkin şərtlərdən biri də Minsk qrupunun ləğv edilməsi tələbi idi.
Ermənistanın bu qrupun ləğvi üçün ölkəmizlə birgə müraciətdən xeyli yayınması isə gələcəkdə ölkəmizə yenidən ərazi iddiası güdmələri üçün zəmin hazırlığı idi.
Cari il dekabrın 1-də ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırdı və onunla bağlı strukturları ləğv etdi. Qeyd edək ki, müvafiq qərar Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra 1 sentyabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasında qəbul olunmuşdu.
Bu qrupun de-yure ləğv edilməsi Qarabağ məsələsinin beynəlxalq müstəvidə tamamilə bağlanması anlamına gəldi.
Göründüyü kimi, Azərbaycan yürütdüyü siyasi, diplomatik siyasətlə və göstərdiyi hərbi güclə, necə deyərlər, bütün daşları yerinə otuzdurdu. Həm torpaqlarını işğaldan qurtardı, həm suverenliyini təmin etdi, həm də İrəvanı danışıqlar masasına oturmağa məcbur etdi.
Cənubi Qafqazda normallaşmaya rəvac verən Azərbaycanın şərtləri əsasında formalaşan sülh müqaviləsinin mətni artıq paraflanıb, özü də ABŞ kimi dünya nəhəngi olan ölkənin lideri Donald Trampın şahidliyi ilə. Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını çıxarandan sonra sülh müqaviləsi də imzalanacaq.
Ermənistan hökumətinin keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc etməsinin fonunda bir daha Azərbaycanın yaratdığı yeni reallıqların diktə etdiyi gerçəkliklər qabarıq şəkildə ön plana çıxır.
Bu gün Azərbaycan yarandığı dövrdən heç zaman müstəqil siyasət yürüdə bilməyən, kənar dairələrin əli ilə idarə olunan və daim digər ölkələrin vassallığını edən Ermənistanı özünün səhvlərini boynuna almağa, atdığı yanlış addımları etiraf etməyə məcbur edib.
Ancaq bu səhvləri təkcə etiraf etmək deyil, ondan nəticə çıxarmaq və bir daha təkrar etməmək Ermənistanın bir dövlət kimi mövcudluğunun qarantıdır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"