Revanşistlər Nikol Paşinyana qarşı mübarizəni kəskinləşdirir, hətta onu ölümlə təhdid edirlər
Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkilərinə sayılı günlər qalıb. Seçki günü yaxınlaşdıqca ölkə daxilindəki siyasi gərginlik intriqa elementlərindən çıxaraq açıq-aşkar fiziki təhdidlər müstəvisinə keçir. Parlamentdəki hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının sədri Hayk Koncoryan Baş nazir Nikol Paşinyanın separatçılar tərəfindən hədələndiyini bildirib. Onun sözlərinə görə, maskalı və silahlı şəxslər internetdə video paylaşaraq Baş naziri ölümlə təhdid edirlər. Hökumət başçısını hədələyənlərin üzlərində maska olduğunu bildirən Koncoryan naməlum şəxsləri "terrorçu" adlandırıb.
"Respublika" partiyasının təmsilçisi Anahit Adamyan təhdidlərin arxasında Robert Koçaryanın olduğunu iddia edib. Adamyanın fikrincə, Koçaryan seçkilərdə uduzacağını bildiyi üçün Baş naziri fiziki olaraq aradan götürmək qərarına gəlib. Siyasətçi 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror aktını xatırladıb: "Həmin hadisələri yenidən təkrarlamağa çalışırlar. Bütün bunlar iyunun 8-də bitməyəcək, indidən seçkilərin saxtalaşdırılacağını iddia etmələri təsadüfi deyil".
Ermənistanın Baş naziri Nikol Paşinyan təhdidlərə cavab olaraq adekvat cavab veriləcəyini deyib və seçicilərlə görüşdə separatçıların onu təhdid etməsinə sərt reaksiya verib: "Bunlar kimdir axı gəlib mənə barmaq silkələyirlər? Qarabağın qondarma elitası, hamınız buradan rədd olun, övladlarımızın yerinə siz ölməli idiniz. Talançı heyvanlar. Siz Qarabağ ermənilərini də girov götürmüşdünüz". Baş nazir qondarma "parlament və hökuməti" quran separatçıların kökünü qazıyacağını, rəqiblərini siyasi meydandan birdəfəlik uzaqlaşdıracağını söyləyib.
Baş nazir Nikol Paşinyanın ölümlə hədələnməsi və hakim komandanın bu təhdidləri birbaşa Robert Koçaryanla əlaqələndirməsi daxili xaosun dərinləşməsindən xəbər verir. Yaranmış mənzərə Ermənistanın keçmişi ilə gələcəyi arasında kəskin qarşıdurmanın təzahürüdür. Paşinyan və komandası isə qarşı tərəfin təhdidlərini seçkiqabağı kampaniyada siyasi alət kimi istifadə edir. Adamyanın parlamentdə törədilmiş terror aktını xatırlatması da təsadüfi deyil. Hakim komanda cəmiyyətə keçmiş "Qarabağ klanı"nın və revanşist müxalifətin hakimiyyətə gəlmək üçün yenidən qan tökməyə hazır olduğu, ölkəni uçuruma sürükləyəcəyi mesajını verir. Paşinyan rəqiblərini fərarilikdə, talançılıqda ittiham etməklə cəmiyyətin həssas nöqtəsinə toxunur.
Ermənistan cəmiyyətindəki parçalanmanı daha da dərinləşdirən mövcud durum seçkilərdən sonrakı dövrün sakit keçməyəcəyini, daxili siyasi böhranın yeni mərhələyə qədəm qoyacağını proqnozlaşdırmağa əsas verir. Ümumən Ermənistanda baş verənlər seçkilərdə hansı qüvvənin qalib gələcəyindən asılı olmayaraq, ölkənin böhran içində qalacağını göstərir.
Son günlərdə Ermənistanda keçirilən rəy sorğularının nəticələri də göstərir ki, seçicilərin əksəriyyəti Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. "Gallup"un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib ki, mayın 19-21-də keçirilən sorğuda respondentlərin 28,8 faizi hakim "Vətəndaş Müqaviləsi" Partiyasına, yəni Nikol Paşinyana, 14,9 faizi Samvel Karapetyana, 12,1 faizi isə Robert Koçaryana səs verib.
Beynəlxalq Respublikaçılar İnstitutu da Ermənistanın ən etibarlı siyasi və ictimai xadimləri ilə bağlı sorğu məlumatlarını açıqlayıb. İştirakçılar özləri üçün ən etibarlı siyasi xadimin adını çəkiblər. Nikol Paşinyanı respondentlərin 29 faizi dəstəkləyib, Robert Koçaryana isə cəmi 4 faiz etimad göstərilib. Sorğunun nəticələri seçicilərin müxalifətə olan inamsızlığının bariz göstəricisidir. Koçaryan və digər müxalif siyasilərin cəmiyyətə vəd etdikləri yeni fəlakət ssenariləri erməni toplumunu tamamilə bu uğursuz qüvvələrdən uzaqlaşdırır.
Revanşist dairələrin, koçaryanların dərk etmədikləri odur ki, regionda tamamilə yeni reallıq hökm sürür. Azərbaycanın diktə etdiyi və beynəlxalq birliyin qəbullandığı yeni geosiyasi nizam daxili intriqalar meydanına çevrilmiş bir ölkədə səsləndirilən absurd iddialarla dəyişdirilə bilməz. Erməni toplumunun revanşistləri dəstəkləməsi ilk növbədə Ermənistanın öz gələcəyinə və onsuz da sarsılmış dövlətçilik sütunlarına daha ağır zərbə vuracaq. Siyasi çəkişmədən kimin "sağ" çıxmasından asılı olmayaraq, Ermənistanın qarşısında yeganə real seçim var: regional reallıqları qəbul edib sülh prosesini yekunlaşdırmaq, ya da daxili nifrət və xaosun içində boğulmaq.
İsmayıl QOCAYEV,
"Azərbaycan"