"Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) uğurla başa çatdı. Forum çərçivəsində müxtəlif ölkələrin dövlət nümayəndələri, beynəlxalq təşkilatlar, ekspertlər və vətəndaş cəmiyyəti təmsilçiləri bir araya gələrək şəhərlərin gələcəyi, təhlükəsiz yaşayış mühiti və dayanıqlı inkişaf məsələlərini müzakirə etdilər.
Forumun sonunda qəbul edilən "Bakı Fəaliyyətə Çağırış" (Baku Call to Action) sənədi isə tədbirin əsas nəticələrini və gələcək fəaliyyət istiqamətlərini özündə əks etdirdi.
Sənəddə ilk növbədə Azərbaycana forumun yüksək səviyyədə təşkilinə görə xüsusi təşəkkür edilməsinin qeyd olunması diqqət çəkir. Bildirildi ki, 176 ölkədən 58 mindən artıq iştirakçının qatıldığı WUF13 bu günədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü. Forum iştirakçıları Azərbaycan dövlətinin və xalqının göstərdiyi qonaqpərvərliyi yüksək qiymətləndirdilər. Tədbirin təşkili Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malik olduğunu bir daha nümayiş etdirdi. Bakı qlobal humanitar və intellektual müzakirələrin mərkəzi qovşağına çevrildiyini bir daha təsdiqlədi.
"Bakı Fəaliyyətə Çağırış" sənədində xüsusi vurğulanan məqamlardan biri Liderlərin Bəyanatları Sessiyası oldu. Tarixdə ilk dəfə olaraq ev sahibi ölkənin təşəbbüsü ilə təşkil edilən bu sessiyada 27 dövlət və hökumət başçısı iştirak etdi. Bu hal forumun beynəlxalq siyasi əhəmiyyətini daha da artırdı və urbanizasiya məsələlərinin artıq qlobal siyasətin əsas mövzularından birinə çevrildiyini göstərdi. Liderlərin iştirakı şəhərlərin gələcəyi ilə bağlı qərarların həm yerli, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilməsinin vacibliyini ortaya qoydu. Azərbaycanın bu yeniliyi Ümumdünya Şəhərsalma forumlarının tarixinə böyük əhəmiyyətli addım kimi daxil oldu.
Forum zamanı münaqişədən sonrakı bərpa və yenidənqurma məsələləri də geniş müzakirə edildi. Sənəddə Azərbaycanın bu sahədəki təcrübəsi mühüm beynəlxalq nümunələrdən biri kimi qeyd edildi. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri və "ağıllı şəhər" yanaşmaları diqqət mərkəzində oldu. Azərbaycanın həyata keçirdiyi bərpa proqramlarının müasir texnologiyalara və davamlı inkişaf prinsiplərinə əsaslanması iştirakçılar tərəfindən müsbət qiymətləndirildi. Qarabağ və Şərqi Zəngəzurda sıfırdan qurulan "yaşıl texnologiya"lı şəhər və kəndlər, qlobal iqlim böhranı ilə mübarizədə dünyaya təqdim olunan ən real və uğurlu "yaşıl model" kimi qəbul edildi.
"Bakı Fəaliyyətə Çağırış" sənədində yenidənqurma və bərpa səylərinin koordinasiyalı şəkildə həyata keçirilməsinin vacibliyi də qeyd edildi. Bildirildi ki, münaqişədən zərər görmüş ərazilərdə dayanıqlı inkişafın təmin olunması üçün dövlətlər, beynəlxalq təşkilatlar və humanitar qurumlar arasında sıx əməkdaşlıq lazımdır. Eyni zamanda keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsinin əsas prioritetlərdən biri olduğu vurğulandı. Bütün bunlar insanların sosial rifahının bərpasına və uzunmüddətli sabitliyə xidmət etməsinin göstəricisidir.
Forum çərçivəsində təqdim edilən yeniliklər sırasında Bakı Şəhər Mükafatı da xüsusi qeyd edildi. Bu təşəbbüs şəhərlərin inkişafı, innovativ idarəetmə və davamlı urbanizasiya sahəsində uğurlu təcrübələrin təbliğinə xidmət edir. Bakı Şəhər Mükafatı gələcəkdə müxtəlif şəhərlərin müsbət təcrübələrinin paylaşılması üçün mühüm platformaya çevrilə bilər. Bu mükafat eyni zamanda şəhərlərin daha yaşıl, təhlükəsiz və inklüziv inkişafına stimul verir. Təsis edilən bu mükafat Azərbaycanın qlobal intellektual mülkiyyətə və şəhərsalma elminə verdiyi institusional töhfədir və Bakının adını beynəlxalq motivasiya simvoluna çevirir.
Sənəddə müharibə və münaqişələrin şəhərlərə vurduğu ağır zərərlərə də diqqət çəkildi. Vurğulandı ki, münaqişələr və urbisid nəticəsində məktəblər, xəstəxanalar, yaşayış binaları və digər mülki infrastrukturlar dağıdılır. Bununla yanaşı, ətraf mühitə və biomüxtəlifliyə ciddi ziyan dəyir. Bu proseslər milyonlarla insanın evsiz qalmasına, qaçqın və ya məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olur. Forum iştirakçıları belə halların qarşısının alınmasının beynəlxalq ictimaiyyətin əsas vəzifələrindən biri olduğunu bildirdilər. Azərbaycanın təşəbbüsü ilə "urbisid" (şəhərlərin qəsdən məhv edilməsi) termininin və onun fəsadlarının sənəddə bu dərəcədə kəsərli yer alması gələcəkdə beynəlxalq hüquqi məsuliyyət məsələlərinin formalaşdırılması üçün güclü bir baza yaradır.
WUF13 və yekun sənədi olan "Bakı Fəaliyyətə Çağırış" beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Forum Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı və ölkənin qlobal şəhərsalma gündəliyində fəal rol oynadığını nümayiş etdirdi. Müzakirə edilən məsələlər gələcəkdə daha dayanıqlı, təhlükəsiz və insanyönümlü şəhərlərin qurulmasına töhfə verəcək mühüm istiqamətlər müəyyənləşdirdi. Beləliklə, COP29-dan sonra WUF13-ə də uğurla evsahibliyi edən Bakı, planetin ekoloji və urbanistik xilası naminə qəbul edilən tarixi qərarların vahid və rəsmi coğrafiyası kimi, dünya tarixinə damğasını vurdu.
Təhminə VERDİYEVA,
"Azərbaycan"