04 Fevral 2025 08:50
976
CƏMİYYƏT
A- A+
Ədəbiyyatımızda qalib Azərbaycan əsgəri niyə görünmür?

Ədəbiyyatımızda qalib Azərbaycan əsgəri niyə görünmür?


Zaman keçdikcə bizdən uzaqlaşan 2020-ci ilin ilıq bir payız günündə başlayan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən və Böyük Zəfərlə sona çatan İkinci Qarabağ müharibəsi qəhrəmanlıq tariximizin şərəfli səhifələrindən biri kimi dünya durduqca yaddaşlarda yaşayacaq. Deməli, zaman hiss olunmadan xırdalanıb üzü keçmişə doğru ələnib sovrulsa da, illər durna qatarı kimi bir-birinin ardınca sıralanıb ötsə də, Vətən müharibəsində şahidi olduğumuz qəhrəmanlıq və qürur dolu döyüş səhnələri heç vaxt  yaddaşlardan silinməyəcək. Özündə məğlubedilməzliyi, qətiyyəti, mübarizliyi, qəhrəmanlığı əks etdirən bu səhnələr illər keçdikcə yazarların əbədi-əzəli silahları olan qələmləri ilə söz-söz, cümlə-cümlə vərəqlərə köçürülüb maraqlı əsərlərə çevriləcək. Zəfər ovqatlı bu əsərlərdən qəhrəman Azərbaycan əsgərinin obrazı boy verəcək. 

İnamla demək olar ki, sevincini yaşadığımız, qürur duyduğumuz 44 günlük Vətən müharibəsi təkcə ədəbiyyata deyil, başqa sənət sahələrinə də tükənməyən çeşidli mövzular verəcək. Bu mövzular yaradıcı düşüncəli insanların qarşısında geniş meydan açacaq. Getdikcə formalaşan, inkişaf edən bu düşüncələr onların qəlbinə yeni əsərlərin, yeni ideyaların toxumlarını səpəcək. Zaman keçdikcə isə bu ideyalardan yeni əsərlər yaranacaq. Çünki həmişə olduğu kimi, bu gün də ədəbiyyat əlində qələm yorulmadan nizamlı yerişi ilə öz yolundadır. Həyatın əbədi-əzəli karvanı kimi, əsrləri arxada qoya-qoya üzü işıqlı sabahlara doğru addımlayır.  

44 gün səngimədən davam etmiş və böyük qələbəmizlə başa çatmış Vətən müharibəsi mövzusu daim yeni əsərlərlə zənginləşən ədəbiyyatımızda yavaş-yavaş tumurcuqlamağa başlayır. Ümid edirik ki, zaman keçdikcə bu tumurcuqlardan Qarabağ müharibəsindən, Zəfər tariximizdən bəhs edən dəyərli əsərlər çiçək açacaq. Yeni yazılacaq əsərlərin baş qəhrəmanları olacaq cəsur Azərbaycan əsgərlərinin adları dillərə düşəcək. Gələcək nəsillər cəsarətdə, hünərdə onlara oxşamağa çalışacaqlar. Bundan təkcə oxucuların deyil, elə ədəbiyyatın da, sözün də üzü güləcək. Amma nədənsə müharibənin başa çatmasından xeyli müddət keçməsinə baxmayaraq, hələ də ədəbiyyatımızda qalib Azərbaycan əsgərinin obrazı dolğunluğu ilə görsənmir. 


Zəfərimizi 30 il gözlədik, ondan bəhs edən əsərləri də bu qədər gözləməliyik?


Ədəbiyyatın baş qəhrəmanı olmaq Qarabağ döyüşlərində misilsiz qəhrəmanlıq göstərmiş Azərbaycan əsgərinin mənəvi haqqıdır. Məlumdur ki, hərbçilərimiz düşmən təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsində ermənilərə sarsıdıcı zərbələr endirdilər. Uğurla başa çatan əks-hücum əməliyyatları zamanı hünərləri ilə qəsbkarları diz çökdürdülər. Azərbaycan əsgəri, Azərbaycan zabiti yenilməz gücü və mübarizliyi ilə tarixin gedişini dəyişdi, həyatımızda yeni reallıqlar yaratdı, ədəbiyyatımız üçün yeni mövzuların qapısını açdı. Bütün bu uğurlu döyüşlər, hərbçilərimizin igidliyi ədəbiyyatımızda müxtəlif janrlarda yazılacaq əsərlərdə bədii əksini tapmalıdır. Bu günlər də, sabahlar da ədəbiyyatımızın, sözümüzün baş qəhrəmanı, cəsurdan cəsur Azərbaycan əsgəri olmalıdır! 

Oxuduğunuz və gördüyünüz kimi, "olmalıdır" yazırıq, "olub" yazmırıq. Çünki İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərdən dörd ildən çox zaman keçməsinə baxmayaraq, Azərbaycan əsgəri ədəbiyyatımızın, sözümüzün baş qəhrəmanına çevrilməyib. Bu günə qədər 44 günlük Vətən müharibəsindən yazılmış əsərlərdə Azərbaycan əsgərinin obrazı olduğu kimi işıqlandırılmayıb. Təbiidir ki, bu işi hər adam bacarmaz. Bu müqəddəs və vacib missiyanı yalnız ürəyi Vətən eşqi ilə döyünən yaradıcı insanlar, yazıçı və şairlər yerinə yetirə bilərlər. Qəhrəman Azərbaycan əsgərinin obrazı ədəbiyyatımıza gətirilməlidir. Bu tarixi missiya yerinə yetirilməlidir. Amma təəssüflər olsun ki, əsgərlərimizin silahla qazandığı qəhrəmanlıqları yazıçılarımız qələmləri ilə olduqları kimi, göründükləri kimi gözəl dillə, yaddaqalan bədii obrazlarla əsərlərinə köçürməyiblər. Köçürülənlər də elə də mükəmməl deyil, elə də qüdrətli deyil! Çünki Azərbaycan əsgəri əsərlərdə yazılanlardan da qəhrəmandır, igiddir! 

Düzdür, bu mövzuda müxtəlif janrda əsərlər yazılıb, kitablar çap olunub. Amma bu əsərlərdən Zəfər qoxusu duyulmur, qəhrəmanlıq ətri gəlmir, əsgərlərimizin igidliyi burada gözə parlaq görünmür. Bəs görəsən buna səbəb nədir? Nə üçün indiyə qədər Zəfər sevincini xalqımıza yaşadan zabit və əsgərlər haqqında əldən-ələ gəzən romanlar, povestlər, hekayələr yazılmayıb? Desək ki, buna yazıçı və şairlərimizin peşəkarlığı, ustalığı çatmır? Yəqin ki, böyük səhv etmiş olarıq. Çünki bu gün ölkəmizdə kifayət qədər yazıçı və şair ordusu var. İndiyə qədər onların başqa mövzularda peşəkarcasına yazdıqları bir-birindən maraqlı əsərlərini çox görmüş və çox oxumuşuq. Amma nədənsə  Qarabağ müharibələrində cəsarətlə vuruşmuş qəhrəman Azərbaycan əsgəri haqqında dəyərli əsərlər yazmaq üçün, öz yanaşmaları ilə desək, zamanın keçməsini gözləyirlər.

 Düşünürük ki, hər işin vaxtında görülməsi daha yaxşı olar. Bu, yazıçı və şairlərimizə başucalığı gətirər, xalqımızın onların yaradıcılığına sevgi və marağını artırar.  Qarabağ müharibəsində qazanılmış Zəfərdən dəyərli əsərlər nə qədər tez yazılsa, daha təsirli, daha oxunaqlı olar. Çünki müharibənin davam etdiyi günlərdə atılan topların gurultusu hələ qulaqlarımızdan getməyib. Yazıçı və şairlərin təkcə İkinci Qarabağ müharibəsindən deyil, elə Birinci Qarabağ müharibəsindən də oxuculara "borc"u var. İnanmaq istərdik ki, yaradıcı insanlar oxuculara olan bu "borc"larını müharibə mövzusunda yazacaqları maraqlı əsərləri ilə verəcəklər. Çünki 30 ildən çoxdur oxucular yazıçı və şairlərdən maraqlı əsərlər gözləyirlər. Düşmən üzərində zəfərimizin qazanılmasını 30 ilə yaxın gözlədik, heç olmasa zəfərimizin bədii əksini özündə yaşadacaq əsərləri o qədər gözləməyək. 


Qəhrəmanlar var, amma əsərlər yoxdur!


Ağlımızdan keçən bu fikirləri cümlələrə çevirib sıraya düzdükcə düşünürük ki, adətən, yazıçılar hansısa bir mövzuda əsər yazmaq üçün xeyli oturub düşünür, fantaziyalarına güc verərək romanlarına, povest və hekayələrinə qəhrəman axtarırlar. Axtarırlar ki, əsərlərinə layiqli bir "prototip" tapsınlar, nəsə maraqlı, dəyərli bir şeylər yaratsınlar. Həmin qəhrəmanı bütün dolğunluğu ilə əsərlərində təsvir etsinlər. Elə bir qəhrəman təsvir etsinlər ki, həmin əsər bütün gələcək nəsillər tərəfindən maraqla oxunsun. Zaman-zaman böyük oxucu rəğbəti qazansın. Bəri başdan deyək ki, Qarabağ müharibəsi mövzusunda əsər yazan yazıçı və şairlərin bəxti gətirib. Çünki onların oturub fikrə gedib, xəyal qurmağa, fantaziyalarına güc verməyə ehtiyacları yoxdur. Ona görə ki, Azərbaycan əsgəri Qarabağ müharibələrində minlərlə əsər üçün elə minlərlə də qəhrəmanlıq və igidlik nümunələri göstəriblər. Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimovun, Natiq Qasımovun və başqalarının göstərdiyi igidliklər neçə-neçə bədii əsərə "material" ola bilər. Sadəcə olaraq, onu səbirlə, təmkinlə, ürəklə və qəhrəman Azərbaycan əsgərinə böyük məhəbbətlə oturub yazmaq lazımdır. O əsər ki, ürəklə, sevgi ilə yazılırsa, elə ürəklə və sevgi ilə də oxunur. Bu əsərlər reallığı əks etdirir, oxucu sevgisi qazanır, əbədilik yoluna qədəm qoyur. Haqqında söhbət və müzakirə açdığımız bu mövzuya dərindən fikir verəndə qəribə bir mənzərə ilə üz-üzə qalırıq. Bizim qəhrəmanlarımız var, amma onların qəhrəmanlığını vəsf edən əsərləri barmaqla saymaq olur. Başqa xalqların yazıçıları həyatda olmayan obrazı yaradırlar, onu xalqın qəhrəmanı zirvəsinə yüksəldirlər. Bizdə isə qəhrəmanlar var, bu qəhrəmanların igidliyindən bəhs edən əsərlər isə kifayət qədər deyil. Azərbaycan Ordusunun  zabit və əsgərlərinin qəhrəmanlığı haqqında bir-birindən dəyərli əsərlər yazılmalıdır. Çünki onlar qəhrəmanlıqları ilə, cəsarətləri ilə illərdən bəri davam edən işğala son qoydular, Azərbaycan xalqına Zəfər sevinci yaşatdılar. Ona görə də qəhrəman Azərbaycan əsgəri ədəbiyyatımızın baş qəhrəmanına çevrilməlidir. Qeyd etdiyimiz kimi, onun buna mənəvi haqqı var. Azərbaycanın yazıçı və şairləri Qarabağ müharibəsindən yazacaqları dəyərli əsərləri ilə bu haqqı onlara qaytarmalıdırlar. İndiyə qədər yazılanlarla kifayətlənmək, onlarla arxayınlaşmaq olmaz!  

Ədəbiyyat həmişə həyatı insanlara sevdirib, yaşamaq və mübarizə aparmaq üçün onlara mənəvi güc verib. Qoy yazıçı və şairlərimizin Qarabağ müharibəsi mövzusunda yazacaqları əsərlərdəki qəhrəman Azərbaycan əsgərinin obrazını həm bugünkü nəsillərə, həm də gələcək nəsillərə tanıtsınlar. Xalqımızın mənəvi dünyasına bir-birindən maraqlı əsərlərlə yol açsınlar.

Azərbaycan əsgərinin qəhrəmanlığını bütün dolğunluğu ilə özündə əks etdirən, dünyaya tanıtdıran əsərlərin yazılması üçün qələm adamları qətiyyətli, inamlı addımlar atmalıdırlar. Düşünürük ki, bunun üçün başqa həvəsləndirici tədbirlərlə yanaşı, mütəmadi olaraq müsabiqələrin keçirilməsi də faydalı olardı. Müsabiqələrdə qaliblərə yüksək məbləğdə mükafatların verilməsi qələm adamlarını bu vacib işə daha da həvəsləndirər. Onlar qollarını çırmayıb istedadlarını, bacarıqlarını ortaya qoyub müsabiqədə iştirak etməyə girişər, Qarabağ müharibəsi mövzusunda bir-birindən maraqlı əsərlər yazarlar. Ədəbiyyatımızın daha da zənginləşməsi, qəhrəman Azərbaycan əsgərinin obrazının əsərlərdə cəsur, igid kimi təqdim olunması üçün pul xərcləməyə dəyər. Başqa sahələrdə bəlkə də xəsislik etməyin elə də bir ziyanı yoxdur. Amma əgər söhbət 30 illik erməni işğalına son qoymuş, hünəri və rəşadəti ilə düşmənləri diz çökdürmüş, xalqımıza Zəfər sevinci yaşatmış Azərbaycan əsgərinin qəhrəmanlığı haqqında əsərlərin yazılmasından gedirsə, bu işdə xəsislik etmək yersiz addımdır. Ümid etmək olar ki, bu mövzuda müsabiqələrin elan edilməsindən sonra dəyərli əsərlər ortalığa çıxaçaq. Bundan isə həm ədəbiyyatımız, həm də xalqımız qazanacaq.


Tarixi ənənələr və tarixi nümunələr uğurla davam etdirilməlidir 


Dünyada gedən mədəni proseslərin gedişindən məlumdur ki, zaman-zaman baş vermiş müharibələr, elə zaman-zaman da ədəbiyyatda, sənətdə bədii əksini tapır, necə deyərlər,  daşlaşıb tarixləşir. Heç uzağa getməyək, bu günə qədər Birinci Dünya müharibəsindən neçə-neçə romanlar, povestlər yazılıb. Yüzlərlə, minlərlə bədii və sənət əsərləri yaranıb. Roman və povestlərdə qalib əsgərlərin obrazları oxucuya bənzərsiz təsvirlərlə çatdırılıb. Yəni müharibə mövzusunda yazılmış əsərlərdə, qalib döyüşçülər daim görsənib, üzdə olub, sevilə-sevilə oxunub. 

1941-1945-ci illərdə alman faşizminə qarşı müharibədən yazılmış əsərlərin adlarının siyahısını tutmaq üçün, bəlkə də, bizə günlərlə vaxt lazım olar. Bu əsərlərdə sovet əsgərinin, sovet zabitinin qəhrəmanlığı böyük ustalıqla qələmə alınıb. Azərbaycanın görkəmli yazıçı və şairləri də bu mövzuda dəyərli əsərlər yazıblar. Adları qəlbimizdə daim iftixarla yad edilən elə yazıçı və şairlərimiz də olub ki, onlar müharibə gedən günlərdə səngərləri gəzib, azərbaycanlı sovet əsgərləri ilə görüşüb söhbət ediblər. Bu görüşlərdən, bu söhbətlərdən isə zamanla səsləşən bədii və publisistik əsərlər yaranıb. Dünyanı bürüyən faşizmə qarşı müharibə mövzusu həmin dövrdə yaşamış və yaratmış Azərbaycanın yazıçı və şairlərinin yaradıcılığından qırmızı xətlə keçir. Səməd Vurğun 1941-1945-ci illər müharibəsi mövzusunda 60-dan çox şeir, bir neçə poema, o cümlədən "Bakının dastanı" poemasını yazmışdı. Şairin yazdığı "Ukrayna partizanlarına" şeirinin mətni təyyarədən bu ölkənin meşələrinə səpələnərək əsgərlərə çatdırılmışdı. Süleyman Rüstəm alman faşizminə qarşı aparılmış müharibədən "İldırım", "Qafurun qəlbi" əsərlərini yazmışdır. Şairin "Ana və poçtalyon" şeiri bu gün də dillər əzbəridir. Məmməd Rahimin "Vətən sevgisi", "Səhərin nəğməsi", "Ölməz qəhrəman", "Leninqrad göylərində" əsərləri də 1941-1945-ci illərin müharibəsi mövzusundadır. Yazıçı Hüseyn Abbaszadənin 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr etdiyi "General" romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən olduqca dəyərli bir əsərdir. 1941-1945-ci illərdə hərbi müxbir işləyən Rəsul Rzanın qələmindən "Vətən", "İntiqam! İntiqam…" adlı şeir kitabları, "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət", hekayə və oçerk topluları çıxıb. "Vəfa" pyesi isə ona böyük xalq məhəbbəti qazandırmışdır. İmran Qasımovla Həsən Seyidbəylinin yazdığı "Uzaq sahillərdə" romanında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin igidliyi tərənnüm olunub. Roman əsasında çəkilmiş eyniadlı film də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Onu da qeyd edək ki, "Uzaq sahillərdə" filmi dünyanın 25 dilinə tərcümə olunub.1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşlərdə iştirak etmiş görkəmli yazıçımız İsmayıl Şıxlı da "Ayrılan yollar", "Dəli Kür" romanları ilə yanaşı, müharibə mövzusunda  "Cəbhə yolları", "Kerç suları" adlı bədii və publisistik əsərlər, həmçinin "Odlu çarpazlar" adlı pyes yazmışdır. Yazıçının qələmindən çıxmış bu əsərlərdə azərbaycanlı əsgərlərin igidliyi, qəhrəmanlığı tərənnüm olunmuşdur. 

Siyahını uzadıb 1941-1945-ci illərdə alman faşizminə qarşı aparılmış müharibədən yazılmış onlarla əsərin adını çəkmək olar. Yəqin ki, buna ehtiyac yoxdur. Çünki elə adını çəkdiyimiz əsərlər bir daha onu göstərir ki, Azərbaycan ədəbiyyatında müharibə mövzusunda yazılmış əsərlərin sayı kifayət qədərdir. Yəni bugünkü yazıçı və şairlərimiz üçün müharibə mövzusundan yazılmış xeyli dəyərli nümunələr var. Nümunələrlə yanaşı, həm də ənənələr var. Bugünkü yazıçı və şairlərimiz illərin sınağından çıxmış bu ənənəni uğurla, daha da yaradıcı şəkildə davam etdirməlidirlər. Adlarını çəkdiyimiz bu əsərlərdə dövrünün şair və yazıçıları azərbaycanlı sovet əsgərlərinin qəhrəman obrazlarını böyük ustalıqla qələmə alıblar. Qalib əsgərlər hələ də maraqla oxunan bu əsərlərin baş qəhrəmanı olaraq qalmaqdadırlar. Qoy yazıçı və şairlərimiz də Azərbaycan əsgərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan elə əsərlər yazsınlar ki, onlar həmişə maraqla oxunsun, əsrlərin yaddaşına hopub qalsın.

İstədiyimiz və arzuladığımız odur ki, böyük klassiklərimizin qoyduqları tarixi ənənə və tarixi nümunə bu gün yazıçı və şairlərimiz tərəfindən uğurla davam etdirilsin. Qoy bu nümunələrə yeni çalarlar da əlavə edilsin. Çünki sələfləri kimi onlar da qalib ölkənin qalib ziyalılarıdır. Azərbaycan əsgəri cəsarəti, hünəri və qəhrəmanlığı ilə hamı kimi yazıçı və şairlərimizə də böyük sevinc bəxş edib. Fəxr ediləsidir ki, Zəfərlə başa çatmış İkinci Qarabağ müharibəsi ədəbiyyatımızın uzun illər kədərli qalmış üzünü güldürdü, ürəyini açdı, qəmə bürünmüş sözü də sevindirdi. Zamanın nəbzini tutmağı bacaran bir çox şairlər müharibənin davam etdiyi ilk günlərdə, isti-isti Azərbaycan əsgərinin qəhrəmanlığını, igidliyini vəsf edən əsərlər yazdılar. Sanki yazıçı və şairlərimiz həmin günlərdə döyüşçülərimizin ön cəbhələrdə silahla qazandıqları zəfərləri arxa cəbhədə qələmləri ilə davam etdirirdilər. Fransız yazıçısı Onore de Balzak bir zamanlar yazırdı: "Napoleonun qılıncla başladığı işi mən qələmlə bitirəcəyəm". Deməli, bizim də yaradıcı insanlarımız Azərbaycan əsgərinin Qarabağda silahla başlatdıqları Zəfəri qələmləri ilə davam etdirməli, qələbə ovqatına köklənmiş bir-birindən dəyərli əsərlər yazmalıdırlar. Hərbçilərimizin qəhrəmanlığını poetik dillə öz əsərlərinə köçürməlidirlər. Elə əsərlər ki, döyüşçülərimizin igidliyi, cəsarəti onların səhifələrində bənzərsiz boyalarla əks olunsun.

Müharibələrdən yazılmış bədii əsərlərlə bərabər bu mövzuda çəkilmiş filmlər də zaman-zaman oxucuların və tamaşaçıların diqqətini özünə çəkir. Bu da təbiidir. Çünki filmdə həm görüntü, həm də söz var, mətn var. Filmləri izləyən tamaşaçılar görüntü ilə bərabər filmə baxdıqca sanki yazıçının qələmə aldığı bədii əsəri də oxuyurlar. Bir anlıq özlərini döyüş meydanlarında, səngərlərdə hiss edirlər.

Filmlərdən söz düşmüşkən, onu da qeyd edək ki, Qarabağ müharibəsindən çəkilmış bədii filmləri də barmaqla saymaq olar. Çəkilən filmlərin içində daha çox diqqəti çəkən "Ağ atlı oğlan", "Dolu", "Yalan" və "Fəryad"dır. Bu filmlər Birinci Qarabağ müharibəsinin məğlubiyyətlə başa çatmış döyüşlərindən bəhs edir. Yəni bu filmlərdən Zəfər qoxusu gəlmir, məğlubiyyət duyulur, ağrı-acı hiss olunur. Qəribə odur ki, məğlub durumda olduğumuz döyüşlərdən filmlər var. Amma üstündən dörd ildən də çox zaman keçməsinə baxmayaraq, Zəfər mövzusunda bədii filmlər çəkilməyib. Düzdür, sənədli, ayrı-ayrı qazilərə, şəhidlərə həsr olunmuş qısametrajlı filmlər var. Amma bütövlükdə 44 günlük Vətən müharibəsindən və hərbçilərimizin qəhrəmanlığı sayəsində qazanılmış Zəfərdən bəhs edən filmlər yoxdur. Necə deyərlər, bu sahədə böyük boşluq yaranıb. İnanmaq istərdik ki, yaranmış bu boşluğu yaxın zamanlarda İkinci Qarabağ mövzusunda çəkiləcək maraqlı, dəyərli filmlər dolduracaq. Bu filmlərdə qəhrəman Azərbaycan əsgərinin obrazı olduqca dolğun, qabarıq və parlaq göstəriləcək. Belə qəhrəmanlıq filmlərinin gələcək nəsillərin vətənpərvərlik ruhunda böyümələrində də güclü təsiri olacaq.


Zəif əsərlər oxucuların mütaliə ehtiyacını da təmin etmir


Qeyd etdiyimiz kimi, İkinci Qarabağ müharibəsinin ilk günlərində mətbuat səhifələrində Azərbaycan əsgərinin cəbhələrdə göstərdiyi qəhrəmanlıqları vəsf edən əsərlər görünməyə başladı. Təəssüflər olsun ki, günlər keçdikcə bu əsərlərin sayı azaldı. Ədəbiyyatımızda, mətbuatımızda qalib Azərbaycan əsgərinin obrazı seyrək göründü, gözə az dəydi. Bəs, görəsən, bu nədən, hansı səbəbdən yarandı? Buna aydınlıq gətirmək üçün sualımızı ilk olaraq sözlərinə onlarla mahnılar bəstələnmiş Xalq şairi Vahid Əzizə ünvanladıq. Şair sualımızı bir az etirazla qarşılayıb dedi ki, mən bu sualla haradasa razılaşmaq istəməzdim: "Çünki istər 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə, istərsə də Zəfərdən sonra yazıçı və şairlərimiz Azərbaycan əsgərinin qəhrəmanlığını vəsf edən xeyli əsər yazıblar. Elə mən özüm də İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə də, silahların gurladığı vaxtlarda da, ondan sonra da zabit və əsgərlərimizin qəhrəmanlığını vəsf edən şeirlər, poemalar yazmışam. Yəni əsgərlər torpaqlarımızın azadlığı uğrunda vuruşanda bizlər qələmimizi yerə qoymamışdıq. Şəxsən mən həmin günlərdə özümü səngərlərdə, əsgərlərin yanında hiss edirdim. 2020-ci ilin noyabr-dekabr aylarında şeirlərimlə bərabər, Azərbaycan əsgərinin qəhrəmanlığına "Heyrət səcdəsi" adlı poema yazıb "Ədəbiyyat qəzeti"ndə çap etdirdim. 2021-ci ildə "Param-parça illər..." kitabım nəşr olundu. Kitaba, əsasən, İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə və ondan sonrakı dövrdə yazdığım şeir və poemaları topladım. Bu şeir və poemalarda qalib Azərbaycan əsgərinin obrazını  canlandırmağa çalışmışam. İndiyə qədər bir çox görkəmli bəstəkarlarımız şeirlərimə  gözəl mahnılar bəstələyiblər. Bu mahnılarda da doğma vətənimiz və onun keşiyində ayıq-sayıq dayanan cəsur hərbçilərimiz vəsf olunur". 

Xalq şairi daha sonra söhbətinə davam edərək dedi: "44 günlük Vətən müharibəsi mövzusunda yazılmış bir çox əsərlərin adlarını çəkmək istərdim. Azərbaycan Yazıçılar Birliyi "Qarabağ dastanı" (Otuz ilin həsrəti - 44 günün zəfəri) adlı gözəl bir kitab nəşr etdirdi. Xalq şairləri Sabir Rüstəmxanlı "Qarabağa dönüş" poemasında, Nəriman Həsənzadə "Zəfər yolu" poemasında, şair Zahid Xəlil "Dəmir yumruq dastanı" kitabında, 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş gənc şair Emin Piri "Müharibə gündəliyi" memuarında, şair Ramiz Qusarçaylı irihəcmli "Vətən" poemasında, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvlərinin qələbəmizə həsr etdikləri əsərlərindən ibarət "Sən azadsan" kitabında, şair Elxan Zal Qaraxanlı "Ordu günü" kitabında, gənc yazıçı Şərif Ağayar "Komandir" romanında, şair Gülxani Pənah 700 səhifəlik "Vətən bağı al-əlvandır" adlı toplusunda, şair Ramiz Duyğun "Qalibiyyət dastanı"nda, gənc yazar Tural Cəfərli "44 gün - Zəfərə doğru" kitabında, yazıçı-publisist Zemfira Məhərrəmli "Bədii düşüncədə Qarabağ" kitabında, şair Asim Yadigarın "Zəfər yolu" əsərində və başqa müəlliflərin əsərlərində qalib Azərbaycan əsgərinin qəhrəmanlığından ətraflı söz açılıb. Bu əsərlərə əsaslanıb demək istəyirəm ki, qalib Azərbaycan əsgərinin obrazı  ədəbiyyatımızda görünür. İnanıram ki, bundan sonra da görünəcək".  

Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi yazıçı-publisist Elçin Hüseynbəyli sualımıza aydınlıq gətirərək dedi: "Zəfərdən sonra yazılan xeyli sayda hekayə, roman, şeir, poema var. Ancaq qalib əsgərimiz nə dərəcədə qələmə alınıb demək çətindir. Mən konyukturanı sevmirəm. Amma zəfərimiz barədə bir neçə hekayə yazmışam: "Arxadan vurulacağını gözləyirmiş kimi" və "Əsgər barmağını əmən körpə". "Ura"ların əleyhinəyəm. Müharibə qələbə ilə bərabər fəlakət də gətirir. Necə əsər olur-olsun, onun mərkəzində insan, onun ağrı-acısı, kədəri, sevinci dayanmalıdır. Hazırda Göy türklərdən, konkret olaraq Gültəkin xaqanla bağlı roman üzərində işləyirəm. Qarabağ zəfərilə bağlı roman layihəm var. Qismət olsa, yazacam. Bu məsələdə qələm adamlarının üstünə getmək, təntitmək olmaz. O zaman ortaya zəif və heç kimə lazım olmayan əsərlər çıxacaq. Çoxları da quş qoymaq üçün yazacaqlar və hər dəfə "mən Qarabağla bağlı əsər yazmışam" - deyəcəklər. Bu cür əsər və düşüncə bizə lazım deyil. İşğal dövründə xeyli əsər yazıldı. Zəfərimizə layiq əsərlər də yazılmalıdır. İnanıram ki, yazılacaq da. Dram əsərləri də, rəngkarlıq, kino da eləcə. Məncə, tələsmək lazım deyil. Zəfər birgünlük, bir illik deyil, əbədidir".

Müharibə mövzusunda yazılmış "Dolu" romanının müəllifi tanınmış yazıçı-jurnalist, millət vəkili Aqil Abbas da sualımızı cavablandıraraq dedi: "Müharibə mövzusu çox həssas bir mövzudur. Ona görə də qələmi əlinə alıb masa arxasına keçib bu mövzuda əsər yazan yazıçı özü də həssas olmalıdı. Düzdür, indiyə qədər Qarabağ müharibəsi mövzusunda əsərlər yazılıb və yazılır da. Amma təəssüflər olsun ki, şablon yazılır. Belə yazılar oxucunun qəlbinə yol tapmır, onun zövqünü oxşamır. Onu da nəzərə almaq lazımdır ki, bu günün oxucuları xeyli tələbkar və həssasdır. Onların mütaliə ehtiyacını zəif əsərlərlə təmin etmək mümkün deyil. Ədəbiyyatımızda qalib Azərbaycan əsgərinin obrazı daim görünməlidir. Çünki biz erməni qəsbkarları üzərində qazanılan qələbələrə görə Qarabağı azad etmiş Azərbaycan əsgərinə borcluyuq. Yazıçılar da bu borcu hərbçilərimizə zəfərimizdən yazacaqları dəyərli əsərləri ilə qaytarmalıdırlar".


Gözləməyə yox, yazıb-yaratmağa tələsək


Daim sevilə-sevilə dinlənilən hərbi marş və mahnıların müəllifi, həkim Şahin Musaoğlunun da sualımıza cavabı maraqlı oldu. O dedi:  "Fikrimcə, bunun səbəblərindən biri də özümüzün özumuzlə olan problemidir. Çünki biz öz əsərlərimizdən savayı başqa kimsənin kitabını oxumuruq. Ədəbi mühit müharibə mövzusuna daim həssaslıqla yanaşır. Ümumiyyətlə, müharibə mövzusu, döyüşçü obrazı daim yaradıcı insanların diqqət mərkəzindədir. Buna görə də indiyə qədər bu səpkidə az-çox bədii əsərlər yazılıb, poeziya nümunələri ortalığa qoyulub. Bu əsərlərin yazılmasında əsas məqsəd qalib Azərbaycan əsgərinin qəhrəman obrazını olduğu kimi yaratmaqdır. Buna nə qədər nail olunub, yazıçılar bu işin öhdəsindən necə gəliblər, hansı səviyyədə gəliblər? Bax əsas məsələ də elə budur. Bunu da gələcək zaman göstərəcək". 

Şahin Musaoğlu daha sonra sözünə davam edərək dedi ki, qalib Azərbaycan əsgərinin ədəbiyyatda seyrək görünməsinin ikinci və önəmli səbəbi də elə zamanla bağlıdır: "Yaşanmış tarixi təcrübə göstərir ki, müharibə haqqında, bu müharibədə igidlik, qəhrəmanlıq göstərmiş əsgərlər haqqında dəyərli əsərlər bir az gec yaranır. Təbiidir ki, mən illərlə oturub gözləməyin də tərəfdarı deyiləm. Ədəbiyyat tarixindən məlum olan odur ki, müharibə ədəbiyyatı iki mərhələdə  formalaşır. Birinci mərhələ döyüşlərin getdiyi dövrdə yaranan ədəbiyyat. Bu mərhələdə yazılan əsərlər daha çox lirik janrda olub və yarandığı tarixi dövrün qəhrəmanlıq salnaməsini özündə əks etdirir. İkinci mərhələ isə müharibədən sonrakı dövrdə formalaşan epik janrda yazılan, sənət baxımından daha mükəmməl və daha uzunömürlü ədəbiyyat. Əgər desək ki, 44 günlük Vətən müharibəsi mövzusunda əsər yoxdur, yazılmayıb, haqsızlıq etmiş olarıq. Bu günə qədər də Qarabağ müharibəsi mövzusunda əsərlər yazılıb, hazırda da yazılır və yəqin ki, gələcəkdə də yazılacaq. Belə hesab edirəm ki, gələcəkdə yazılacaq əsərlər daha mükəmməl olacaq. Bu əsərlərdə Azərbaycan əsgərinin obrazı daha canlı, daha cəsur, daha qəhrəman görünəcək. Ümid edirəm ki, Azərbaycan əsgərinin qəhrəmanlığına həsr olunmuş əsərlərin yazılmasını çox gözləməli olmayacağıq".  

Yazıçı-dramaturq Seyran Səxavət sualımızı özünəməxsus şəkildə cavablandıraraq dedi: "Sual mənə çox tanışdır. Çünki bu barədə əvvəllər də məndən soruşublar. Mən onda da demişdim ki, Qarabağ müharibəsi haqqında ən yaxşı əsəri Müzəffər Ali Baş Komandan və Müdafiə Nazirliyi yazacaq. Dediklərim reallığa çevrildi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağı düşməndən azad etdi, Zəfər qazandı. Qarabağ haqqında ən dəyərli əsərini yazdı. Təbiidir ki, Qarabağ müharibəsi haqqında bu günə qədər əsərlər yazılıb və indən sonra da yazılacaq. Qələm adamları bu mövzuya həssaslıqla yanaşacaqlar. Sadəcə olaraq, buna zaman lazımdır".

Həmsöhbəti olduğumuz yazıçı və şairlərin sualımıza verdiyi cavablardan zəfərimizin qazanılmasında Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqdan bəhs edən əsərlərin yazılması üçün zamanın keçməsinə ehtiyac olduğu fikri qırmızı xətlə keçir. Bu fikirlə tam razılaşmasaq da, hörmətlə yanaşırıq. Çünki doğrudan da, bu mövzu kifayət qədər həm məsuliyyətli, həm əhəmiyyətli, həm də tarixidir. Təbiidir ki, istənilən həm bədii, həm tarixi, həm də publisistik əsərlərin yazılması üçün müəyyən zamanın keçməsinə ehtiyac var. Əsərdə cərəyan edən hadisələri təsvir etmək üçün kifayət qədər düşünməli və götür-qoy etməlisən. Hadisələri öyrənmək, ürəyindən, təfəkküründən süzüb keçirmək üçün yazıçının zamana ehtiyacı var. Amma bu zaman nə qədər olmalıdır, neçə il olmalıdır? Bax birinci olaraq bu vacibdən vacib məsələnin üstünə aydınlıq işığını gur salmaq lazımdır. 

Təcrübədən bilinən odur ki, yazıçı hansısa bir əsəri yazmağa başlamazdan əvvəl təxmini də olsa, onu bitirəcəyi vaxtı müəyyənləşdirir, nə edəcəyinin, necə edəcəyinin cizgilərini cızır. Və çalışır ki, nəzərdə tutduğu vaxtda da əsərini yekunlaşdırsın. Hətta bəzən elə olur ki, işləri rəvan getdiyinə görə yazmağa başladığı əsəri vaxtından əvvəl başa çatdırır. Hansısa bir yazıçının, şairin əsərini bitirəcəyi vaxtı təxmin etməməsi inandırıcı görünmür. Elə yazıçılarımız var ki, onlar başqa mövzularda əsər yazmağı planlaşdıranda bəzən müəyyənləşdirdiyi zaman ərzində bir yox, iki roman yazıb ortalığa qoyur. Amma söz qəhrəman Azərbaycan əsgərinin ədəbiyyatımızın baş qəhrəmanına çevirməkdən, onun cəsarətindən, hünərindən əsər yazmaqdan düşəndə zaman məsələsi ortalığa atılır. Bu məsələ günümüz üçün vacib olduğuna, ona mənəvi ehtiyac duyulduğuna görə elə zamanın özünü də tələsdirməliyik. Sağlam düşüncə qulağımıza pıçıldayır ki, gözləməyin də bir sonu olmalıdır. Çünki sonsuzluğa qədər nə gözləmək, nə düşünmək, nə də yazmaq da mümkün deyil.

Hamı bilir ki, həyat əbədi deyil, ömrə də ki, vəfa yoxdur. Yaxşısı budur ki, gözləməyə yox, yazıb-yaratmağa tələsək. Gözləmək həm də vaxtı itirmək, zamanı küləyə sovurmaq deməkdir. Qəhrəman Azərbaycan əsgəri haqqında bir-birindən dəyərli əsərlər yazmağa başlamaq üçün gözləmək sözünün üstündən xətt çəkmək, onu leksikonumuzdan çıxarmaq lazımdır! Çünki gözləməklə heç nə əldə etmək mümkün deyil. Daim hərəkətdə olmaq, yazıb-yaratmaq adi insanlara da, yazıçı və şairlərə də uğur gətirər. Bəs oturub gözləməklə, zamanı boşa verməklə sabahlara, Qarabağ müharibəsindən yeni əsərlər yazmağa yubanmırıqmı? Bizə elə gəlir ki, tələsməsək, zamanı qabaqlamasaq, bu mövzuda əsərlər yazmağa gecikəcəyik. Buna görə gələcək nəsillər bizi qınayacaq. Çünki gözləməyin sonunda ortaya heç bir əsər qoyulmayacaq! Qarabağ müharibəsindən əsər yazmaq üçün oturub vaxtın keçməsini, zamanın ötməsini gözləməyi yəqin ki, nə oxucular, nə də Qarabağ müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək şəhid olmuş Azərbaycan əsgərinin ruhu bunu bizə bağışlayar. Həm də o var ki, Azərbaycan əsgərinin 44 günlük Vətən müharibəsində qazandığı zəfəri, göstərdiyi qəhrəmanlığı indiki yazıçı nəsli yazmalıdır. Çünki Zəfəri də indiki nəsillər qazanıb. Gəlin bugünkü işimizi sabaha saxlamayaq. Atalar yaxşı deyib ki, dəmiri isti-isti döyərlər. Gərək bu yerdə əldən qalan əlli il qalar məsələsini də yaddan çıxartmayaq. Vaxt itirmədən qollarımızı çırmalayıb Azərbaycan əsgərinin qəhrəmanlığından tarixdə əbədi qalacaq möhtəşəm əsərlər yazaq. Qəhrəman, igid, cəsur, qorxmaz, mətin əsgərlərə mənəvi borcumuzu artıqlaması ilə qaytaraq. Onları yeni-yeni zəfərlərə ruhlandıraq. 


Azərbaycan əsgərinin qəhrəmanlığı ədəbiyyatın fövqündən yüksəklərdə dayanır


Müşahidələr göstərir ki, oxucuların fikri daha aydın, daha dəqiq, daha səmimi olur. Çünki onlar oxuduqları əsərlər barədə fikirlərini heç kimdən çəkinmədən açıq şəkildə ifadə edirlər. Buna görə də mövzu ilə bağlı oxucuların da fikirlərini öyrəndik. Qarabağ müharibələrinin iştirakçısı və veteranı, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Mirqiyas Rüstəmov söhbət zamanı fikirlərini bizimlə ətraflı bölüşdü. Dedi ki, müharibə mövzusu çox həssas yanaşma tələb edir. Bu mövzuda əsər yazmaq yaradıcı insanlardan böyük ustalıq, yüksək bacarıq və peşəkarlıq tələb edir: "Uzun illər doğma ordumuzun sıralarında xidmət etmişəm, şəxsi heyətlə işləmişəm. Əsgərlərin mənəvi-psixoloji hazırlığı ilə məşğul olmuşam. Bildirim ki, bu sahədə işləmək asan deyil. Deyərdim ki, bu iş, əsgərə silah, texnika öyrətməkdən də çətindir. Təcrübəmə əsaslanıb söyləyim ki, insan psixologiyasını, sözün, fikrin insana necə təsir etdiyini çoxlarından yaxşı bilirəm. 2014-cü ildə "Əsgər məktubları" kitabını yazıb çap etdirdim. Kitab demək olar ki, bütün mövzuları əhatə edirdi. Əyninə hərbi forma geyinməkdən tutmuş döyüşlərdə göstərilən qəhrəmanlığa qədər kitabın səhifələrində kifayət qədər materiallar var. Müharibənin, döyüşlərin hər üzünü görmüşəm. Sənətə, ədəbiyyata da marağım böyükdür. Bu günə kimi onlarla, yüzlərlə kitab oxumuşam. Amma açığını deyim ki, oxuduqlarımın arasında Qarabağ müharibəsini bədii cəhətdən yüksək səviyyədə əks etdirən kitablar azlıq təşkil edir. Təəssüf ki, Qarabağ müharibələrindən bədii əsərlər çox yazılmayıb. Yazılan bu əsərlərdə də Azərbaycan əsgərinin qəhrəmanlığı, igidliyi olduğu kimi əks olunmayıb. Hərbçilərimiz hər iki Qarabağ müharibəsində böyük igidlik və qəhrəmanlıq göstəriblər. Üzərlərinə düşən döyüş tapşırığını böyük cəsarətlə yerinə yetiriblər. Heç uzağa getməyək, 44 günlük Vətən müharibəsində zabit və əsgərlərimiz erməni qəsbkarlarını diz çökdürə-çökdürə dünyanı heyrətə salan qəhrəmanlıqlar göstərdilər. Amma təəssüflər olsun ki, dörd ildən də çox zaman keçməsinə baxmayaraq, döyüşçülərimizin göstərdiyi qəhrəmanlıqlar ədəbiyyatda bədii əksini dolğunluğu ilə tapmayıb. Yazılmış əsərlərdə döyüş səhnələri, zabitin, əsgərin döyüş ruhu, mənəvi aləmi, qəhrəmanlıq əzəməti, məğlubedilməzliyi, könül dünyası bu əsərlərdə o qədər də aydın görünmür. Düşünürəm ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, igidliyi ədəbiyyatın fövqündən, zirvəsindən yüksəkdə dayanır. Ədəbiyyatın əsgərləri olan yazıçı və şairlər döyüşçülərimizin qəhrəmanlığını bədii cəhətdən əsərlərində bu fövqə, bu zirvəyə layiq işıqlandırmayıblar. Qarabağ müharibəsindən bəhs edən əsərlərdə bu fikirlər bədii şəkildə ustalıqla əks olunmayıb. Bu əsərlərdə Azərbaycan əsgərinin nəfəsi duyulmur,  səsi eşidilmir. Tanıdığım yazıçı və şair dostlarımla da düşüncələrimi bölüşmüşəm. Onlara demişəm ki, qəhrəman Azərbaycan əsgərinin obrazı ədəbiyyatda  bədii cəhətdən parlaq əks olunmayıb. Əgər belə demək mümkünsə, hələ ədəbiyyatımız Azərbaycan əsgərinin qəhrəmanlıq zirvəsini tam fəth edə bilməyib". 

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı, müharibə veteranı Bəxtiyar Əliyev də mövzu ilə bağlı öz fikirlərini bizimlə bölüşdü. Dedi ki, müharibə mövzusu ədəbiyyatın aparıcı qoludur, şah damarıdır. Bu mövzuda yazılan əsərlər zaman-zaman böyük maraqla oxunub. Çünki müharibələr insan talelərindən, sözün həqiqi mənasında, qırmızı xətlə keçir. İndiyə qədər baş vermiş müharibələr haqqında xeyli maraqlı əsərlər yazılıb. Yaradıcı insanlar yazdıqları bu əsərlərdə zabit və əsgərlərin döyüşlərdə göstərdiyi qəhrəmanlığı, igidliyi bütün təfsilatı ilə, bənzərsiz boyalarla işıqlandırıblar. Qarabağ müharibələrində ordumuzun hərbçiləri böyük hünər və qəhrəmanlıqlar göstərərək erməni işğalçılarına qalib gəldilər, torpaqlarımızı qəsbkarlardan azad etdilər. Onların qəhrəmanlığını çox görmüşəm, çox şahidi olmuşam. Amma təəssüf ki, bu cəsur oğulların qəhrəmanlığından indiyə qədər sanballı əsərlər yazılmayıb. Birinci Qarabağ müharibəsindəki döyüşlərin uğursuzluqla başa çatması o demək deyildi ki, əsgərlərimiz düşmənə qarşı cəsarətlə vuruşmayıb, qəhrəmanlıq göstərməyib. Bu fikir yerli-dibli yanlışdır! Hərbçilərimiz Birinci Qarabağ müharibəsində böyük hünər və cəsarətlə döyüşüblər: "Ağdərə döyüşləri" adlı publisist kitabımda iştirakçısı olduğum döyüşlər, qarşılaşdığım hadisələr haqqında ətraflı bəhs etmişəm. Amma bu qəhrəmanlıqlar bədii əsərlərdə əksini tapsaydı, daha yaxşı olardı. Çünki oxucular publisistik əsərlərə deyil, daha çox bədii əsərlərə maraq göstərirlər. Ona görə də əsgərlərimizin igidliyi, cəsarəti və qəhrəmanlığı haqqında bədii əsərlərin yazılması yaxşı olardı. Silahlı Qüvvələrimizin cəsur hərbçiləri 44 günlük Vətən müharibəsində də böyük hünər və qəhrəmanlıqlar göstərdilər. Bu misilsiz qəhrəmanlıqlar nəticəsində  qazanılan Zəfər yaradıcı insanlara xeyli mövzu verdi. Yazıçı və şairlərimiz bu qəhrəmanlıqlar haqqında bir-birindən dəyərli əsərlər yazmalıdırlar. Oxucuların əllərindən düşməyəcək bu əsərlər bizə Zəfər sevinci yaşadanlara verilən yüksək dəyər olacaq. Qələm adamları zabit və əsgərlərimizin adına, qəhrəmanlığına layiq əsərlər qələmə almalıdırlar. Bu müqəddəs iş nə qədər tez olsa, ədəbiyyatımızın başı daha da ucalıqlara yüksələr. Buna görə də yaradıcı insanlar bütün istedad və bacarıqlarını ortaya qoyub ədəbiyyatımızın bu gün və sabahları üçün düşünməli, Azərbaycan əsgərinin qəhrəman obrazını əsərlərində daim yaşatmalıdırlar", - deyə B.Əliyev bildirib.  

Tarix boyu həmişə müharibə başa çatandan, atəş səsləri kəsiləndən, sülh danışıqları başlayandan sonra hərbçilər silahlarını yerə qoyurlar. Döyüşçülərdən fərqli olaraq yazıçı və şairlər nə müharibə gedən günlərdə, nə də ondan sonrakı çağlarda qələmlərindən ayrılmırlar. Çünki qələm onların heç vaxt tükənməyən, "patronu" qurtarmayan əbədi-əzəli silahlarıdır. Tanınmış yazıçı Frans Kafka yazıçının qələmlə dostluğunu belə dəyərləndirib: "Qələm yazıçının əlində bir alət deyil, canının bir üzvüdür". Yazıçı və şairlər heç vaxt uzaq düşmədikləri bu silahları ilə zaman-zaman Vətən uğrunda vuruşanların şərəf dolu döyüş yollarını söz-söz, cümlə-cümlə əsərlərinə köçürməlidirlər. Bu, onların yazıçı kimi ən müqəddəs borclarıdır. Müqəddəs borclar isə oturub zamanı gözləmədən yerinə yetirilməlidir.

Bu gün ədəbiyyatımızın baş mövzusu, baş obrazı Vətən müharibəsində böyük zəfər qazanmış, torpaqlarımızı işğaldan azad etmiş, Müzəffər Ali Baş Komandanın dəyərli fikirləri və qətiyyəti ilə silahlanmış Azərbaycan əsgərinin qəhrəmanlığı olmalıdır. İnanırıq ki, yurdun xilaskarları olmuş və olacaq oğulların igidliyindən yazılacaq yeni əsərlər bədii dəyəri ilə zamanlara meydan oxuyacaq, əl-əl gəzəcək, ürəkləri fəth edəcək. Bu əsərlər yazıçı və şairlərimizin gələcək nəsillərə, sabahkı oxuculara ən qiymətli ərməğanı olacaq. 


Azərbaycan əsgərinin qəhrəmanlığı ədəbiyyatda əbədi olaraq daşlaşacaq 


İkinci Qarabağ müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında zəfərlə başa çatandan sonra illərdən bəri qələmimizin, fikrimizin ətrafında kölgə kimi sürünən məğlubiyyət utanclığına əbədi olaraq son qoyuldu. Qazanılmış bu Zəfərdən sonra ədəbiyyatımızın əsgərləri, generalları olan yazıçı və şairlər də, sənət adamları da başlarını dik tutub şəstlə, alnıaçıq, başıuca gəzdilər. Məlumdur ki, düşmən üzərində Zəfər asanlıqla qazanılmadı, qanlı döyüşlərdən keçdi. Vətəni ürəkdən sevən hərbçilərimiz qələbənin əldə olunması, düşmənin məğlub edilməsi üçün böyük qəhrəmanlıq və hünər göstərdilər. Zəfərin qazanılması naminə torpaq uğrunda canlarından keçdilər, şəhidlik zirvəsinə yüksəldilər. Bu qəhrəmanlıq, bu igidlik, bu cəsarət yazıçı və şairlərimizin də, başqa sənət adamlarının da ürəklərini tərpətməlidir, yaradıcı düşüncə və fikirlərini hərəkətə gətirməlidir. Daim qəlblərində dolaşan işıqlı düşüncələrinə qol-qanad verməlidir. Onlar da bu işıqlı düşüncələrinin nurunda  bir-birindən maraqlı əsərlər yazıb Zəfərimizə töhfələr verməlidirlər. İnanmaq istərdik ki, hərbçilərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq, igidlik, hünər və rəşadət yazıçı və şairlərin, rəssamların, bəstəkarların, heykəltaraşların, rejissorların yaradıcılıq düşüncələrindən kənarda qalmayacaq. Sənət adamları qalibiyyət və zəfər ruhuna köklənmiş bir-birindən dəyərli əsərlər yazaraq ədəbiyyatımızda, mədəniyyətimizdə yeni cığır açacaqlar. Yazılıb, yaradılacaq və ortalığa qoyulacaq bu əsərlərdə Azərbaycan əsgərinin qəhrəmanlığı, cəsarəti və rəşadəti tər çiçəklər açacaq. Açan bu çiçəklər isə həmişə Zəfər qoxuyacaq. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

14:37
23 May

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək  

14:01
23 May

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib  

13:47
23 May

Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında açıq dialoq platforması keçirilib

13:41
23 May

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

13:39
23 May

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb  

13:15
23 May

Suriyada İŞİD terrorçuları yaxalanaraq Türkiyəyə gətirilib

13:00
23 May

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın çoxtərəfliliyə və daha yaxşı gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir  

12:57
23 May

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub  

12:49
23 May

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

11:58
23 May

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb 

09:47
23 May

Rubio Kubanın ABŞ üçün təhlükə yaratdığını bildirir

08:50
23 May

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

08:48
23 May

"Azərenerji" ASC-nin sədri ilə Xorvatiya səfirinin görüşü olub

08:45
23 May

Bilmək istəyirəm

08:40
23 May

Bakı-Brüssel tərəfdaşlığının yeni prioritetləri

08:35
23 May

Günnütdən Zəfərə doğru

08:33
23 May

Qətiyyətin zəfəri

08:30
23 May

BŞİH-də xarici ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib 

08:25
23 May

Azərbaycandan şəhərsalma üzrə dünyaya dayanıqlı inkişaf mesajı 

08:20
23 May

Azərbaycanın töhfələri D-8-i daha çevik struktura çevirir

08:15
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!