1941-ci ilin
22 iyul günü dünyanın taleyini dəyişəcək an idi. Həmin gün faşist ordusu SSRİ-yə
qarşı bütün cəbhəboyu hücumu nəzərdə tutan "Barbarossa” planını işə saldı. Bu, ildırımsürətli
əməliyyatın adını faşistlər Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın
adından götürmüşdülər. Plana görə cəmi 3 ay ərzində SSRİ-nin Avropa hissəsi tam
tutulmalı idi. Plan alınsaydı, tərəqqipərvər bəşəriyyət addım-addım faşizmin dəhşətli
caynaqlarının əsarətinə düşəcəkdi. On minlərlə adamı çox sadə bir səbəbə - milli
mənsubiyyətə görə ölümə məhkum edən, qaz kameralarına göndərən bu ideologiyanın
hakim olduğu dünyada insanların həyatı necə olacaqdı?! Adam bu barədə heç düşünmək
belə istəmir.
"Bu gün tarixi
yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi
təhlükəli meyillər müşahidə edirik. Biz buna çox ciddi yanaşmalıyıq. İstər tarixin
yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir”
deyən Azərbaycan Prezidenti İlham Əliyev yüz minlərlə Azərbaycan övladının qanı
bahasına əldə olunmuş faşizm üzərində qələbə ilə bağlı ölkəmizin mövqeyini qətiyyətlə
dilə gətirir: "Biz Böyük Vətən müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixin
yenidən yazılması, faşizmin və faşistlərin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı
qətiyyətlə mübarizə aparırıq. Bizim mövqelərimiz həm tarixi həqiqətə, ədalətə, həm
də buna əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar və kimin təcavüz qurbanı
olmasına, kimin qalib gəlməsinə və bu qələbənin nəyin bahasına qazanılmasına heç
vaxt şübhə etməsinlər”.
Stalin bakılı Zorgeyə niyə inanmadı?
Hitler Almaniyasının
dünyanın ərazicə ən böyük imperiyasına qarşı "Barbarossa” planını həyata keçirməsi
faşistlərin Qərb ölkələrində qazandıqları qələbələrdən irəli gəlirdi. Böyük Britaniya
hitlerçilərə qarşı mübarizədə mühüm dayaq nöqtələrini, kommunikasiya xətlərini əlində
saxlamaqla müqaviməti davam etdirsə də, Fransa artıq təslim olmuşdu. Beləliklə,
Hitler qərbdə öz məqsədlərinə çatdığını güman edirdi. Avropada tam hakim qüvvəyə
çevrilməkdən ötrü isə qarşıda yeganə maneə
kimi ancaq SSRİ vardı. Ona görə də qüvvələri qəfildən Sovetlər İttifaqına qarşı
yönəltdi. SSRİ və Almaniya arasında bir-birinə hücum etməmək haqqında pakt mövcud
idi. Amma Stalinin Balkan yarımadasına və Qara dəniz boğazlarına olan iddiaları
Hitlerin ciddi narahatlığına səbəb olurdu. Buna görə də o, həmin paktı əhəmiyyətsiz
sayaraq, 1940-cı ilin iyununda Vermaxt rəhbərliyinə SSRİ-yə qarşı hücum planı hazırlamaq
tapşırığı vermişdi.
Alman qoşunlarının
sərhəd boyu toplaşması haqqında kəşfiyyat məlumatları sovet rəhbərliyinə hələ
1941-ci ilin əvvəllərindən daxil olurdu. Həmin ilin 15 mayında məşhur sovet kəşfiyyatçısı,
Bakının Sabunçu qəsəbəsində anadan olmuş Rixard Zorge Tokiodan göndərdiyi məlumatda
hətta müharibənin başlanacağı 1941-ci il 22 iyun tarixini də dəqiq göstərmişdi.
Amma Stalin bu məlumatlara inanmırdı. Hesab edirdi ki, bütün bunlar Almaniyanı SSRİ-yə
qarşı yönəltməkdən ötrü Böyük Britaniyanın təxribat cəhdləridir. O, hitlerçilərin
SSRİ-yə hücumunu onların Böyük Britaniya üzərindəki qələbəsindən sonra gözləyirdi.
Tarixin müəmması
Beləliklə,
SSRİ qoşunlarının qəfil hücuma qarşı hazırlıq vəziyyətinə gətirilməsi yubanırdı,
onun yeni sərhədlərinin möhkəmləndirilməsi işi süni surətdə ləngidilirdi. SSRİ hərb
sənayesinin inkişafına, ordunun yenidən silahlandırılması sürətinə görə Almaniyadan
çox geri qalırdı. 30-cu illərin repressiyaları da sovet ordusu rəhbərliyini xeyli
zəiflətmişdi. Ordunun bir çox yüksək rütbəli zabitləri Stalinin qəzəbinin, hakimiyyət
hərisliyinin qurbanına çevrilmişdilər.
Aradan uzun
zaman keçəndən sonra indi belə iddialar da var ki, Stalin sovet ordusunu Almaniya
ilə sərhəd bölgədə bilərəkdən zəiflətməklə onu müharibəyə bir növ həvəsləndirib.
Burada niyyət müharibədə Almaniyaya qalib gəlməklə Şərqi Avropanı, Balkan yarımadasını
və Qara dənizdəki boğazları ələ keçirmək olub.
Bu, tarix üçün kifayət qədər maraqlı tədqiqat mövzusudur. Amma tarixçilər
indiyə kimi Stalinin müharibədən qabaq hansı fikirdə olduğunu müəyyən edən qəti
nəticəyə gələ bilməyiblər. Ona görə Almaniyanın SSRİ-yə qarşı qəfil hücumunda tarixin
böyük müəmmaları da gizlənir. Bütün hallarda hitlerçilərin 79 il əvvəl başladıqları
"Barbarossa” planı tarixin ən böyük hücum əməliyyatı idi. Əməliyyata 4,5 milyon
nəfərlik alman ordusu cəlb olunmuşdu. Onlar 2900 kilometrlik sərhədboyu hücuma keçmişdilər.
Əməliyyatda 60 min texnikadan istifadə olunurdu.
Müharibənin taleyini dəyişən döyüş
Alman qoşunları
ildırımsürətli müharibə strategiyası ilə sovet ordusuna ciddi zərbələr vurdular.
Xüsusən SSRİ-nin qərb sərhədlərində hələ tam komplektləşdirilməmiş hərbi birləşmələr
daha yaxşı silahlanmış və müasir döyüş təcrübəsi olan alman qoşunlarının güclü hücumuna
tab gətirə bilmədilər. Böyük itkilər verərək ölkənin içərilərinə doğru sürətlə geri
çəkilməyə başladılar. Almanlar qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq ümidində
idilər. Hitlerçilər müharibənin elə birinci həftəsində Leninqrada və Kiyevə yaxınlaşdılar.
Smolenski ələ keçirdilər. Sentyabr ayında isə Kiyevi tutub, Leninqradı mühasirəyə
alaraq bu dəfə də Moskva üzərinə güclü hücuma başladılar. Amma sovet ordusunun təşəbbüsü
ələ almaq səyləri bu dəfə səmərə verdi. Alman qoşunları Moskva döyüşündə darmadağın
edilərək geri atıldılar. Noyabrın 15-də onların daha böyük qüvvə ilə paytaxt üzərinə
ikinci güclü həmləsi oldu. Bəzi yerlərdə hətta Moskvaya 5 kilometrə qədər yaxınlaşa
bildilər. Bununla belə müdafiə döyüşlərində sovet ordusu hitlerçiləri taqətdən saldı.
1941-ci il dekabrın 5 və 6-da isə faşistlər üzərinə əks-hücum başlandı. Onlar
100-250 km geri oturduldu. Sovet əsgərlərinin
Moskva döyüşündəki və 1942-ci ilin qış hücumundakı qələbəsi Almaniyanın ildırımsürətli
müharibə planını boşa çıxardı və müharibənin taleyini, demək olar ki, həll etdi.
Bu qələbə hitlerçilərin işğal etdikləri başqa ölkələrdə müqavimət hərəkatına güclü
təkan verdi, anti-Hitler koalisiyasını möhkəmləndirdi, faşist dövlətləri blokunu
zəiflətdi. Beləliklə, 1945-ci ilin 9 mayına qədər davam edən müharibə Hitler Almaniyasının
acı məğlubiyyəti ilə tamamlandı.
Müharibədə
həmin vaxt dünyada mövcud olan 73 dövlətdən 62-si və dünya əhalisinin 80 faizi iştirak
edib. Hərbi əməliyyatlar 40 dövlətin ərazisində və dünyanın bütün okeanlarının sularında
aparılıb.
Müharibə dövründə
dünya üzrə 110 milyon insan səfərbər edilib. Ümumi
itkilər
60, bəzi məlumatlara görə 65 milyon nəfər olub. Antifaşist koalisiyasının hərbi
itkiləri 16 milyon, mülki itkiləri
30 milyon
nəfər, Almaniya və onun müttəfiqlərinin hərbi itkiləri 9 milyon, mülki
itkiləri
8 milyon nəfərdən çox olub. Antifaşist koalisiyasında ən çox hərbi itki SSRİ-nin
olub - 11 milyon nəfər. Almaniya isə təkbaşına 5 milyon 318 min əsgərini itirib.
Müharibə dövründə
sovet ordusunun təqribən 5 milyona yaxın, Almaniyanın isə 4 milyon 100 min əsgəri
əsir götürülüb. Müharibənin sonunda SSRİ-də
3 milyon
486 min 206 hərbi əsir olub. 1956-cı ildə sonuncu əsir ölkəsinə yola salınıb. SSRİ-nin
ölüm düşərgələrində saxlanılan əsirlərin 518 min 520 nəfəri dünyasını dəyişib.
2 milyon 967 min 686 nəfər ölkəsinə qaytarılıb.
Müharibənin
iştirakçı dövlətlərə vurduğu maddi zərər 4 trilyon dollar təşkil edib. Bunlar da
maraqlı faktlardır.
Dünyanı özünə vətən bilənlərin savaşı
Tarixin mahiyyəti
belədir: aradan illər keçəndən sonra bəzi məsələlərə baxış bucaqları dəyişir. Yeni
rəylər, münasibətlər, iddialar formalaşır. Bunu Hitler Almaniyasının SSRİ üzərinə
hücumuna, faşizm üzərində qazanılmış qələbəyə, hətta Böyük Vətən müharibəsi adına
münasibətdə də görürük. Kimin necə düşünməsindən asılı olmayaraq bu müharibə xeyrin
şərə, bəşəriyyətin aydın gələcəyini düşünənlərin bu gələcəyi zülmətə boyamaq istəyənlərə
qarşı savaşı idi. Sonda xeyir şərə, işıq qaranlığa qalib gəldi. Və bu qələbə həm
də yüz minlərlə Azərbaycan övladının canı-qanı, əziyyəti hesabına əldə edildi.
Onlar bu müharibədə
Azərbaycan adından vuruşurdular. Təkcə keçmiş SSRİ-ni deyil, ümumilikdə dünyanı
və onun bir parçası kimi Azərbaycanı da faşizm bəlasından qoruyurdular. Bu, bütün
dünyanı özünə vətən bilənlərin apardığı bir savaş idi. Tarixin hər bir dövründə
insanların dünyanı özlərinə vətən bilmələrinə, onu pisliklərdən, fəlakətlərdən,
ziyanlı düşüncələrdən mühafizə etmələrinə ehtiyacı var. Ona görə də Böyük Vətən
müharibəsi anlayışı tarixin bütün dövrlərində öz dəyərini, əhəmiyyətini qoruyur.
Bu gün də Azərbaycanda elə bir ailə, nəsil tapılmaz ki, Böyük Vətən müharibəsi onun
taleyinə təsir göstərməmiş olsun. Faşizm üzərindəki qələbədə o ailənin, nəslin nümayəndələrinin
fədakarlığı görünməsin.
Azərbaycan
işğalçı faşistlərlə mübarizəyə elə müharibənin ilk günündən - 22 iyun 1941-ci ildən
qoşuldu. 681 mindən çox azərbaycanlı faşizmə qarşı mübarizəyə səfərbər olundu. Onda Azərbaycanın
ümumi əhalisi 3,4 milyon idi. Ölkəmizdən düz 681 min nəfər cəbhəyə yollanmışdı.
Onların sıralarında 10 min qadın da vardı. Cəbhə xətti üçün Azərbaycanda 15 min
tibb işçisi, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı. Azərbaycan ərazisində 87
batalyon, 1123 özünümüdafiə, 5 piyada dəstələri yaradılmış, 6 milli diviziyası döyüşlərdə
iştirak etmişdi. Onlar Brest qalası, Leninqrad, Moskva, Stalinqrad, Qafqaz uğrunda
döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdilər. Kursk, Berlin uğrunda döyüşlərdə iştirak
etmiş, Ukraynada, Krım yarımadasında vuruşmuş, Qırmızı Ordunun tərkibində Pribaltikanı,
Şərqi Avropanı azad etmişdilər.
Bu müharibədəki
şücaətinə görə Azərbaycandan 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adını qazanmışdı.
General Həzi Aslanov daxil olmaqla 3 nəfər bu ada iki dəfə layiq görülmüşdür. Sovet
İttifaqı Qəhrəmanı adını alanlar arasında 42 nəfər milliyyətcə azərbaycanlıdır.
Azərbaycanlı
əsgər və zabitlər Fransada, İtaliyada, Krımda, Belarusda getdikcə genişlənən partizan
hərəkatında da fəal iştirak etmişlər. Bəzi partizan dəstələrinin komandirləri məhz
azərbaycanlılar idi.
"Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!”
Azərbaycandan
orduya gedənlərin 300 mindən çoxu bu müharibədə həlak oldu, itkin düşdü. Ön cəbhədə
vuruşan əsgər və zabitlərimizlə yanaşı, yüz minlərlə soydaşımız - yaşlı, qadın,
uşaq da qələbə naminə arxa cəbhələrdə gecə-gündüz min bir məşəqqət çəkdi. Onda Bakı
və Cənubi Qafqaz SSRİ iqtisadiyyatının əsas enerji mənbəyi idi. Keçmiş ittifaq ərazisində
neft hasilatının 80 faizi Azərbaycanda çıxarılırdı. Alman komandanlığı da Bakı neftinə
xüsusi maraq göstərirdi. Qafqaz uğrundakı döyüşlərdə almanların əsas hədəfi var
idi - Bakını və onun neft-qaz sənayesini
nəzarətə götürmək.
Amma döyüşçülərimizin
qəhrəmanlığı hitlerçilərə bu mənfur niyyətlərinə çatmağa imkan vermədi. Müharibə illərində Azərbaycan neftçiləri bütün
SSRİ-nin yanacaq ehtiyacının 80 faizini təmin
edirdilər. Müharibənin elə ilk ilində cəbhəyə 23,5 milyon ton neft göndərilmişdi.
Böyük Vətən müharibəsi dövründə hərbi ehtiyaclar üçün göndərilən neftin ümumi həcmi
isə 75 milyon ton idi. Sovet ordusunun hərbi təyyarələri akademik Yusif Məmmədəliyev
kimi alimlərimizin Bakı neftindən aldığı yüksək keyfiyyətli yanacaq hesabına havaya
qalxır, faşistlərin başına od ələyirdi.
Böyük Vətən
müharibəsi başlayandan sonra bütün respublika "Hər şey cəbhə üçün, hər şey qələbə
üçün!” şüarı ilə çalışırdı. Bütün sahələr cəbhənin maraqlarına qulluq edirdi. Ordunun
təminatı üçün Azərbaycandakı müəssisələr əvvəllər burada istehsal olunmayan böyük
miqdarda qida, geyim, ayaqqabı və digər mal növlərinin istehsalına başlamışdı.
Böyük Vətən
müharibəsinin ilk dövründə Azərbaycanın yüngül sənaye müəssisələri Qırmızı Ordunun
ehtiyacları üçün təxminən 30 növ məhsul istehsal edirdilər. Azərbaycan həkimlərinin,
tibb işçilərinin Böyük Vətən müharibəsi dövründəki fədakar əməyini də xüsusilə qeyd
etmək lazımdır. Cəbhə xəttində minlərlə yaralını həyata qaytaran tibb işçilərimizin
qəhrəmanlığı ilə yanaşı, Bakıda və ölkə daxilində onlarca hərbi hospital da fəaliyyət
göstərirdi. Rəsmi məlumatlara görə, Azərbaycanın xəstəxanalarında yarım milyon sovet
əsgəri müalicə edilmişdi. Onların bir çoxu müharibədən sonra da Azərbaycanda qalaraq
talelərini bura bağlamışdılar.
Milyonlarla
insanın həyat və sağlamlığını itirməsi, çox böyük miqyasda sosial-iqtisadi itkilər,
dağıntılar, dünyaya və bəşəriyyətə qarşı böyük ziyanlarla tamamlanmış Böyük Vətən
müharibəsinin, ümumilikdə faşizmə qarşı mübarizənin anlatdığı çox həqiqətlər var.
Bu həqiqətlərin ən alisi isə sülh, bəşəri dəyərlər uğrunda çalışmağın bütün dövrlərdə
insanlığın ali missiyası olmasıdır.
İradə ƏLİYEVA,
"Azərbaycan”