Ölkənin elmi-texnoloji inkişafı fonunda əhalinin
geniş kütlələrinin məsafədən informasiya mübadiləsi vasitələrinə malik onlayn təhsil xidmətləri ilə təmin olunması günün vacib
məsələləri sırasına çıxmışdır. İnsan əməyinin yaradıcı xarakteri gücləndikcə onun
tətbiqi üçün məkan sədləri aradan qalxır. Hər bir mütəxəssis planetin bütün nöqtələrindəki
informasiyadan xəbər tuta bildiyi kimi, öz əməyinin nəticəsini də informasiya kimi
planetin istənilən nöqtəsinə çıxara bilir.
Elmi-texnoloji və sosial inkişafın tərkib
hissəsi kimi təqdim edilən distant təhsil fasiləsiz təhsil sisteminin bir forması
olaraq insanın təhsil və informasiya almaq
hüququnun reallaşdırılmasına, öz peşə fəaliyyətindən ayrılmadan əsas və ya əlavə
təhsil ala bilməsinə xidmət edir. Ənənəvi təhsil formalarından fərqli olaraq, distant
təhsildə təhsilalan biliyə doğru deyil, bilik təhsilalana doğru istiqamətləndirilir.
Texnoloji cəhətdən inkişaf etmiş bir sıra
ölkələrdə distant təhsil milli prioritet elan edilmişdir. ABŞ-da çoxsaylı distant təhsil xidmətləri fəaliyyət göstərir. Avropa İttifaqında distant təhsil sisteminin fəaliyyəti müvafiq qanunvericiliklə
tənzimlənir və dövlət fondları tərəfindən
maliyyələşdirilir. Distant təhsil
proqramlarına malik universitetlər Distant Təhsil Universitetlərinin Avropa Assosiasiyasının
(European Association of Distance Teaching
Universities) tərkibinə daxildir. Fransa, Almaniya, İspaniya, İtaliya kimi dövlətlər özlərinin onlayn platformalarına malikdirlər.
Rusiyada da
son illər distant təhsil sisteminin yaradılması istiqamətində fəallıq müşahidə olunur.
Məsələn, Beynəlxalq Təhsil Assosiasiyası
və Distant Təhsil Sisteminin İnformasiya-Analitik Təminat Mərkəzi yaradılmışdır.
Krasnoyarsk, Tomsk və Novosibirsk universitetlərinin bazasında distant təhsil universitetləri
fəaliyyət göstərir.
Azərbaycanın "Təhsil haqqında” qanununda distant
təhsil forması nəzərdə tutulsa da, bugünə qədər onun hüquqi normativ bazası formalaşmamışdır.
Bizim universitetlərdə distant təhsilin ayrı-ayrı elementləri pilot layihələr olaraq
TEMPUS, Erasmus plus proqramları çərçivəsində onlayn təhsil xidmətləri kimi tətbiqini
tapmışdır. Bu baxımdan AzTU-nun regional koordinatorluğu ilə son illər icra edilmiş Avropa layihələri, xüsusilə
"Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji səmərəliliyi və ekolojiliyi
üzrə distant və açıq təhsil formatında peşə bakalavrı” Erasmus+LPEB №561732-EPP-1-FR-EPPKA2-CBHE-JP
layihəsi çox xarakterikdir. Layihənin beynəlxalq pilot qrupuna distant təhsil platformasına
malik aparıcı Avropa universitetləri - Fransanın CNAM və Grenobl Akademiyası, İtaliyanın
UNINETTUNO-TELEMATIKA, Almaniyanın Leypsiq Texniki Universiteti və digər universitetlər
daxildirlər. Layihədə distant təhsil üzrə Avropa eksperti kimi İtaliyanın UNINETTUNO-TELEMATIKA
Universiteti çıxış edir. Bu universitet distant təhsil üzrə ixtisaslaşmış dünya
şəbəkəsinə və özünün satellitinə malikdir. Layihə çərçivəsində aparılmış qarşılıqlı
əməkdaşlıq AzTU-nun e-universitet sistemində distant təhsil platformasının yaradılması
üçün çox səmərəli imkanlar açmışdır.
Ölkəmizdə əlavə təhsil xidmətləri bazarı fəaliyyət göstərir.
Elm və texnologiyaların ən son nailiyyətləri üzrə iş yerini itirmədən ödənişli əsaslarla
təkmilləşmə, ixtisasartırma, ikinci ixtisasalma, fasiləsiz təhsil, ömür boyu təhsil,
yaşlıların təhsili kimi onlayn təhsil xidmətlərinə böyük ehtiyac yaranmışdır. Bu
bazarda xarici ölkələrin universitetlərinin aktiv intervensiyası və güclü rəqabət hiss olunur. Yerli universitetlərin
hər bir bakalavr, magistrant, doktorant, mühəndis-texniki işçi uğrunda mübarizə
aparması lazım gəlir.
Distant təhsilin
hansı dildə aparılması bu gün ən mübahisəli məsələlərdən biridir. Mühazirələrin
ingilis dilində aparılması beynəlxalq tələbə
kontingenti üçün daha əlverişli sayılır. Bu baxımdan magistraturada oxuyan tələbə
daha dərin biliklər almaq istəyirsə, o, əlbəttə ki, beynəlxalq elmi ünsiyyət dili
olan ingilis dilinə üstünlük verəcəkdir, çünki bu halda 24 milyon istifadəçini,
2000-dən artıq kursu, 160 ixtisaslaşmanı və 149 təhsil müəssisəsini təmsil edən Coursera-da MIT (SŞA) professorunun müvafiq mövzu
üzrə mühazirəsini dinləmək imkanına malik olacaqdır. Bununla belə, hər bir ölkə
öz dili və mədəni irsi ilə fəxr edir, tədrisin öz dilində aparılmasında maraqlıdır.
Distant təhsil platformasında təhsil mühiti (LMS - Learning Management System)
video və audio mühazirələrdən, elektron dərsliklərdən, interaktiv testlərdən, forumdan, tələbə-tədris materialları-müəllim arasında qarşılıqlı
fəaliyyəti təmin edə bilən texnologiyalardan bəhrələnir. Adətən bu mühit özündə dörd təhsil məkanını birləşdirir: videoteka, mediateka,
virtual laboratoriya və onlayn repetitorluq.
Videotekada
rəqəmsal video dərslər, elektron təqdimatlar və elektron təhsil kontentlərinin informasiya daşıyıcıları saxlanılır. Rəqəmsal
videodərslərdən istifadə etməklə klassik təhsil ənənələrinə uyğun olaraq simvolik-rekonstruktiv
təlim prosesi təmin edilir. Videotekadan istifadə öyrənmə prosesinin səmərəliliyini
yüksəldir, təlim üsullarını fərdiləşdirməklə müasir təhsil texnologiyaları
ilə zənginləşdirir və gücləndirir. Hiperistinadlar
videodərslərin məzmununu elektron kitabxanada olan didaktik materiallarla - elektron
dərsliklər, məqalələr, multimedia materialları, biblioqrafiyalar, saytoqrafiyalar,
interaktiv çalışmalar və virtual laboratoriyalarla əlaqələndirir. İnteraktiv dərslər
vasitəsilə materialların kontekstual dərinləşməsi, praktiki tətbiq vasitələrindən
istifadə etməklə isə nəzəri biliklərin daha səmərəli mənimsənilməsi təmin edilir.
Medioteka
videostudiya, səsyazma studiyası, kompüter təqdimatlarının yaradılması və baxışı
üçün vacib olan texniki vasitələrlə - kompüter, videokamera, proyektor və s. ilə təchiz edilmiş qurumdur. Burada elektron təhsil
kontentlərinin hazırlanması üçün vacib olan multiagentli texnologiyalar və onlardan
istifadə metodikaları saxlanılır. Virtual kitabxana intellektual biblioqrafik sistemin
tərkib hissəsi olaraq mövcud videodərslərlə bağlı tədris materiallarına - filmlər,
şəkil və eskizlər, diaqramlar, animasiyalar və vebsaytlara keçid linklərini biblioqrafik arayışlar şəklində arxivləşdirir
və müvafiq naviqasiya vasitələri ilə təmin edir. Tədris filminin məzmununa tədris
proqramının bir və ya bir neçə mövzusu daxil olur. Filmin interaktiv xüsusiyyətləri
video təqdimat üçün seçilmiş bir və ya bir neçə sual və yaradıcı tapşırığı, axtarılan
mövzuya və ya bölməyə keçid linkini, məşğələdən əvvəl, məşğələ vaxtı və məşğələdən
sonra yerinə yetirilməli olan tapşırıqları əhatə edir. Tədris filmlərindən istifadə
təcrübəsi göstərir ki, audiovizual tədris vasitələrinin köməyi ilə tələbə zaman
vahidi ərzində ənənəvi üsullardan daha çox informasiya mənimsəmək imkanına malik
olur. Filmdən istifadə təhsilalanda motivasiya və öyrənilən fənnin ictimai mahiyyətini
dərketmə xüsusiyyətlərini formalaşdırır. Tədris filmlərinin yuxarıda sadalanmış
üstünlükləri ilə bərabər bir sıra çatışmazlıqları da var. Məsələn, filmə baxarkan
tələbənin passivliyi, bəzi informasiyaların onun səviyyəsinə uyğun gəlməməsi, interaktiv
fəaliyyətin olmaması və s.
Virtual laboratoriya
real laboratoriya qurğusu ilə təmasda olmadan ibarətdir və yaxud, ümumiyyətlə, qurğusuz
təcrübə aparmağa imkan verən proqram-aparat kompleksidir. Tələbə virtual laboratoriyada
"bilik əldə etməklə öyrənmə” prinsipinə əsaslanaraq əldə etdiyi biliyi praktikada tətbiq edə bilir:
tyutor qarşıya çıxan anlaşılmazlıqları izah edir, yaxud interaktiv dərs və ya forum
vasitəsilə məsləhətlər verir. Tələbə interaktiv
dərsdə verilmiş çalışmanı həll edir və qarşısına çıxan çətinliklər, çalışmanın həll
üsulları, alqoritmləri və mümkün səhvlər barəsində öz rəyini bildirir. İnteraktiv
çalışmaların köməyi ilə simvolik-konstruktiv və qavranış-inkişaf üsulları tələbəni
yaradıcı düşünməyə, eyni məsələyə müxtəlif prizmalardan baxmağa və arqumentləşdirilmiş
axtarış aparmağa sövq edir.
Distant təhsilin
internetdəki fundamental elementlərindən
biri də Didaktik Kiber Məkan (DKM) anlayışıdır.
DKM distant təhsil universitetinin internetdəki təlim məkanıdır. Onun vasitəsilə təlim prosesinin hər bir iştirakçısının,
yəni tələbə, müəllim və tyutorun fərdi məkanları və didaktik materialları əlaqələndirilir. Bu halda istifadəçilərin hər üç kateqoriyası tədris
prosesində eyni materialdan istifadə edə bilirlər. Müəllim və tyutor təhsil kursu
boyunca didaktik materialları yeniləşdirə
və ya dəyişdirə bilər.
Onlayn repetitorluq
mövcud kommunikasiya vasitələrinin köməyi ilə tələbələrə tyutor-müəllimin dəstəyi ilə öz biliklərini daha
da dərinləşdirmək, qarşılıqlı informasiya mübadiləsi aparmaq, əldə etdikləri
bilikləri geniş tələbə auditoriyasında yaymaq
və biliyin yayılması üçün qarşılıqlı
əməkdaşlıq mühiti formalaşdırmaq imkanları verir. Kommunikasiya imkanları tələbələrə
bir-biri ilə və müəllim-tyutorlarla informasiya
mübadiləsi aparmaq üçün şərait yaradır. Müəllim və tələbələr əlavə olaraq
(Second Life) forumdan, interaktiv dərslərdən və 3D virtual dərslərdən
istifadə edə bilirlər. Forum asinxron ünsiyyət
vasitəsidir və tələbələrə vaxt və məkan baxımından
tamamilə müstəqil informasiya mübadiləsi
aparmaq imkanı verir. Foruma tyutor tərəfindən nəzarət edilir. O, mövzuya aid olmayan
ismarıcları bloklamaq, rədd etmək və yeni qəbul olunanları dəstəkləmək səlahiyyətlərinə
malik moderator funksiyasını yerinə yetirir.
Müəllimin
səhifəsində onun funksiyalarının icrasını təmin edən aşağıdakı sahələr nəzərdə tutulur:
curriculum vitae (CV), kursun proqramı, konsepsiya kartı, didaktik material, didaktik
planlaşdırma, imtahan xartiyası, imtahanların təqvimi, tədris məkanı, kurs tyutorlarının
səhifələri ilə əlaqə. Müəllimin səhifəsindən dörd tədris məkanına daxil olmaq mümkündür:
videoteka, mediateka, virtual laboratoriya və onlayn tyutorluq. Kursun konsepsiya
kartı müzakirə edilən müxtəlif mövzularla əlaqəli dərslərin mövzularını, hər bir dərsdə subyektlərin açıqlanmasını və didaktik
materialları təqdim etməlidir. Didaktik planlaşdırma tələbənin sərmayəsinə uyğun
olaraq ECTS kreditlərinin sayından asılı olaraq müəyyənləşdirilir. İmtahan Xartiyasında
imtahanın keçirilməsi qaydaları, imtahana buraxılış üçün ilkin şərtlər, imtahan üçün qeydiyyatdan
keçmə qaydaları, imtahan günü təqdim edilməli olan sənədlər və münsiflər heyətinin
tərkibi göstərilir. Müvafiq qaydalarla tyutorun və tələbənin səhifələri də tərtib
olunur.
Distant təhsil
sisteminin psixopedaqoji modeli üzrə tələbə təhsil prosesinin mərkəzində yerləşir
və ehtiyaclarına görə inkişaf edir. Müəllim,
tyutor və tələbə arasında güclü interaktiv əlaqə təhsil prosesinin yüksək səmərəliliyini
təmin edir. Hər bir tələbənin ixtiyarında "Mənim tələbə səhifəm” adlı bir səhifə
olur və tələbə bu səhifədə müxtəlif didaktik
materialları öz tələblərinə uyğunlaşdıraraq tədris prosesində fəal iştirak edir. Tyutor tərəfindən
tələbənin didaktik kiberməkandakı işi, yəni təhsil məkanına daxilolmaların sayı
və müddəti, onlayn repetitorluq vasitələrindən istifadə, yerinə yetirilən çalışmaların
sayı və qiymətləndirilməsi statistik təhlil əsasında həyata keçirilir. Distant təhsildə nəzarət forması kimi, adətən,
distant təşkil olunmuş imtahanlar, müsahibələr, kurs və buraxılış işi layihələri,
eksternat və intellektual kompüter test sistemlərindən istifadə edilir.
Distant təhsil
üzrə dünyanın aparıcı universitetlərinin təcrübəsinin təhlilindən göründüyü kimi,
Azərbaycan təhsil sisteminin qarşısında yüksək peşəkarlıq tələb edən, mütərəqqi
təhsil və informasiya texnologiyalarına söykənən sistemli və məqsədyönlü fəaliyyət
durur. Belə bir fəaliyyətin baza prinsipləri, eləcə də təhsil sistemində ictimai-dövlət idarəçilik modellərinin
tətbiqi, təhsil sisteminin açıqlığının, sadəliyinin və investisiya cazibədarlığının
təmini, təhsil və əlavə təhsil proqramlarının sayının artırılması, ali təhsil sisteminin
bütün dünya üçün açıq olması və s. məqamlar
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında artıq öz əksini tapmış və reallaşdırılma
mexanizmlərini müəyyənləşdirmişdir. Digər spesifik məsələlərin həlli üçün isə ölkə
universitetlərinin elmi-pedaqoji potensialının səfərbər olunması, sistemli və məqsədyönlü
fəaliyyəti lazım gələcəkdir.
Həsən HÜSEYNOV,
Azərbaycan
Texniki Universitetinin kafedra müdiri,
professor,
Əməkdar elm xadimi