Əmək bazarında uğur qazanmaq üçün artıq yalnız diplom deyil, müasir tələblərə cavab verən bilik və praktiki bacarıqlar da mühüm əhəmiyyət daşıyır. Texnologiyaların inkişafı, biznes proseslərinin dəyişməsi və yeni ixtisaslara tələbatın artması peşə hazırlığını məşğulluğun təmin edilməsində vacib vasitələrdən birinə çevirir.
Bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 567 işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Onlardan 257 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı mərkəzlərində, eləcə də Naxçıvan Peşə Hazırlığı Mərkəzində təlimlər təşkil olunub. Digər iştirakçılar isə özəl tədris müəssisələrində keçirilən kurslara cəlb ediliblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, təlim proqramları əmək bazarında aktual olan müxtəlif ixtisasları əhatə edir. İştirakçılar data analitikası, proqram təminatının hazırlanması (developer), mühasibatlıq, turizm agentliyi, insan resurslarının idarə edilməsi və digər istiqamətlər üzrə bilik və bacarıqlar əldə edirlər.
İndi əmək bazarında rəqəmsal bacarıqlara, analitik düşüncəyə və peşəkar idarəetmə biliklərinə tələbat getdikcə artır. Bu baxımdan peşə hazırlığı proqramları işaxtaran şəxslərin yeni ixtisaslara yiyələnməsi, əmək bazarında rəqabət qabiliyyətini yüksəltməsi və məşğulluq imkanlarını genişləndirməsi üçün əhəmiyyətli imkan yaradır.
Digər tərəfdən, bu cür proqramlar işəgötürənlərin ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsinə də xidmət edir. Nəticədə həm işaxtaranların əmək bazarına inteqrasiyası asanlaşır, həm də iqtisadiyyatın müxtəlif sahələri üçün tələb olunan insan kapitalının formalaşmasına dəstək verilir.
“Azərbaycan”