SABAH qruplarının yaradılmasında əsas məqsəd istedadlı və bacarıqlı tələbələri seçərək onların daha keyfiyyətli təhsil almasına imkan yaratmaq, eyni zamanda, ali təhsil müəssisələrində sağlam rəqabət mühiti formalaşdırmaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbində təhsil alan SABAH qruplarının I və II kurs tələbələri ilə görüşündə bildirib.
Görüşdə nazir Emin Əmrullayev ali təhsil siyasətinin əsas prioritetləri, SABAH proqramının yaradılma məqsədləri və gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, SABAH qruplarının fəaliyyəti ali təhsil müəssisələrində yeni akademik mühitin formalaşmasına, rəqabətin güclənməsinə və təhsil prosesinə yanaşmaların dəyişməsinə töhfə verib. Ötən ildən proqramın yeni mərhələsinə başlanılması da bu inkişafı sürətləndirmək və tələbələr üçün daha geniş imkanlar yaratmaq məqsədi daşıyır.
Nazir SABAH proqramının gələcək liderlərin yetişdirilməsində roluna diqqət çəkərək müasir dövrdə tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməsinin, təşəbbüskarlığının və rəqabətqabiliyyətliliyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, SABAH tələbələrinin üzərinə düşən məsuliyyətin daha böyük olduğunu bildirərək, yaradılan imkanlardan səmərəli istifadə edilməsinin, əldə olunan bilik və bacarıqların ölkənin inkişafına yönəldilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüş qarşılıqlı sual-cavab formatında davam edib. Tələbələri maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib. Qeyd olunub ki, SABAH proqramının əhatə dairəsinin genişləndirilməsi, prioritet ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi və yeni maliyyələşmə mexanizmlərinin tətbiqi istiqamətində işlər davam etdirilir. Ümumilikdə son iki il ərzində SABAH proqramı çərçivəsində 5226 nəfərlik kvota 19 ali təhsil müəssisəsini əhatə edib. Ən çox tələbə sayı kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, maliyyə, kimya mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə müəyyən edilib. 2026-2027-ci tədris ilindən ilk dəfə doktorantura səviyyəsi üzrə qəbul aparılıb və 7 ixtisas istiqaməti üzrə 80 yer müəyyən edilib. Görülən işlər ali təhsildə keyfiyyət əsaslı yanaşmanın gücləndirilməsinə, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına və ölkənin uzunmüddətli inkişaf prioritetlərinə uyğun kadr hazırlığının təmin edilməsinə xidmət edir.