Neftçaladakı Heydər Əliyev Mərkəzində ənənəvi "AZLİNG 2025 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Neftçalalı dilçi alimlərin təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi, "Regional İnkişaf" İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli fərmanının icrasına həsr edilmişdir. 100-ə yaxın alim və gənc tədqiqatçının iştirak etdiyi AZLİNG 2025 konfransında müasir dünya dilçilik elminin inkişafı fonunda Azərbaycan dilinin aktual problemləri müzakirə olunmuşdur. Azərbaycanın tanınmış dilçi almləri ilə bərabər, gənc tədqiqatçıların da iştirak etdikləri konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilmişdir. Sonra konfrans çərçivəsində təşkil edilən Azərbaycan Dilçilik Nailiyyətləri Sərgisiylə tanışlıq olmuşdur. Onu da bildirək ki, Azərbaycan dilçiliyinin son nailiyyətlərini əks etdirən kitabların nümayiş olunduğu sərgi bir neçə gün davam edəcək. Tədbiri giriş sözü ilə açan Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyi zamanı Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini sitat gətirərək dil və xalqın taleyinin onun mənliyi və mənəviyyatıyla sıx bağlı olduğunu bildirmişdir.
Kofransın açılış hissəsində fəxri qonaq qismində iştirak edən Neftçala Rayon İcra Hakimyyətinin başçısı Mirhəsən Seyidov, "Regional İnkişaf" İctimai Birliyinin şöbə müdiri Gülbağda Leysanova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi Qəzənfər Paşayev, Xəzər Universitetinin rektoru Raziyə İsayeva, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə çıxış edərək konfransın əhəmiyyətindən danışmışlar ki, qloballaşan dünyamızda doğma dilimizin qorunub saxlanması qarşımızda dayanan ən vacib vəzifələrdən biridir. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi Azərbaycan dili siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.
Sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya elmləri doktoru Qüdsiyyə Qəmbərova "AZLİNG 2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" adlı elmi konfransın materialları əsasında nəşr edilmiş linqvistik toplunun təqdimatını edərək kitabı Azərbaycan dilçiliyinə dəyərli töhfə kimi dəyərləndirmişdir.
Tədbir Heydər Əliyev Fondunun Çin üzrə nümayəndəsi, Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin moderatorluğu ilə davam etmişdir. Aqşin Əliyev AZLİNG konfranslarının beşillik hesabatını təqdim etdikdən sonra konfransın "Gənc dilçilər" forumu başlamışdır. "Gənc dilçilər" forumunda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva, Bakı Dövlət Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov, Bakı Dövlət Universitetinin doktorantı Simnar Əlizadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dil siyasətinin müasir Azərbaycan dilinə təsiri, Azərbaycan dilçiliyinin son nailiyyətləri, dilimizin saflığının qorunması yönündə həyata keçirilən islahatlar haqqında fikirlərini bölüşmüşlər. Müzakirələrdən sonra konfrans bölmə iclasları ilə işini davam etdirmişdir. Azərbaycanın müxtəlif ali təhsil və elm ocaqlarını, eləcə də dünyanın müxtəlif universitetlərini təmsil edən 100-ə yaxın alim və gənc tədqiqatçı aktual dilçilik mövzuları ilə bağlı ən son tədqiqatlarından danışmışlar.
Sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Seyran CAVADOV,
"Azərbaycan"