18 İyun 2023 10:30
1495
CƏMİYYƏT
A- A+
Çimərlik mövsümü başlayıb

Çimərlik mövsümü başlayıb

 

Ölkəmizdə çimərlik mövsümü hər il iyun ayının 15-dən başlayır. Buna qədər çimərliklərdə dəniz suyunun monitorinqi aparılır, sahillər tullantılardan təmizlənir, təhlükəsizlik tədbirləri görülür. Çirklənmə səviyyəsinin yüksək olduğu çimərliklər barədə əhaliyə məlumat verilir.
Azərbaycanda  çimərlik mövsümü o qədər də uzun çəkmir, təxminən 2-2,5 aya qədər davam edir. Çünki şimaldan daxil olan soyuq sular Xəzərdə suyun temperaturunu aşağı salır. Eyni zamanda "küləklər şəhəri"ndə havadan asılı olaraq dənizdə çimməklə bağlı xəbərdarlıqlar da edilir. Buna görə də insanlar çimərlik mövsümünün qısamüddətli olduğunu nəzərə alaraq həmin imkandan mümkün qədər çox yararlanmaq istəyirlər. 
Təbii ki, isti havalarda sərinləmək üçün üz tutduğumuz çimərliklərin təmizliyi mühüm rol oynayır. Mövsümə hazırlıq zamanı sahil zolaqları təmizlənir. Amma dənizə üz tutanlar da ətraf mühitin təmizliyinə riayət etməli, tullantıları dənizə və ya çimərlik ərazisinə atmamalıdırlar. Yəni çimərliklərin təmizliyi özümüzdən asılıdır. 
Bundan əlavə, təhlükəsizlik qaydalarına əməl olunmalıdır ki, dəniz sahilində istirahət və əyləncə bədbəxt sonluqla nəticələnməsin. Ona görə də nəzarətsiz çimərliklərdən istifadə edilməməli, hava qaraldıqdan sonra dənizə baş vurulmamalıdır. Həmçinin Fövqəladə Hallar Nazirliyinin təhlükəsizlik məqsədilə dənizdə yerləşdirdiyi işarələrdən uzağa üzməməli, xüsusən azyaşlılara nəzarət olunmalıdır.

 

İctimai çimərliklər mövsümə hazırdır

 

Bakı Şəhər İcra Hakimiyyətindən qəzetimizə bildirilib ki, çimərlik mövsümü ilə əlaqədar paytaxtın sahilkənarı ərazilərində yaradılan ictimai çimərliklərdə mövsümə hazırlıq işləri görülüb. Qeyd olunub ki, artıq 5 ildir Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Goradil və Pirşağı qəsəbələrində, "Şıx" çimərlik ərazisində - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb. 
"Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Çimərlik ərazilərinə yeni qum qatı salınıb, buradakı inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılıb, cari təmir işləri, bir sıra yerlərin rənglənməsi aparılıb. Bu çimərliklərdə avtomobillərin parklanması üçün nəzərdə tutulan meydançalar qaydaya salınıb. Həmçinin "Şıx" və Sahil çimərliklərində əlillərin dənizdə çimməsinə kömək üçün dənizin içinə xüsusi beton zolaq çəkilib", - deyə məlumatda qeyd olunub.
BŞİH-dən o da bildirilib ki, rəsmi çimərlik olmayan ərazilər də nəzarətdən kənarda qalmayıb. Rayon icra hakimiyyətləri, kommunal xidmətlər mövsüm ərzində bu ərazilərin təmizliyini nəzarətdə saxlayacaqlar. İctimai çimərliklərdə isə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılıb.
Həmçinin Abşeron yarımadasının dənizsahili ərazilərində mövcud özəl çimərlik və istirahət mərkəzlərində də mövsümə hazırlıq işləri aparılıb, paytaxt sakinləri və şəhərimizin çoxsaylı qonaqlarının xoş istirahəti üçün lazımi şərait yaradılıb.

 

Hansı çimərliklərdə dəniz suyunun çirklənmə səviyyəsi yüksəkdir

 

Dəniz suyunun təmizliyi, fiziki-kimyəvi, bakterioloji göstəricilərinin hansı səviyyədə olduğu, əhalinin istifadəsi üçün yararlılığı ilə bağlı hər il müayinələr keçirilir, hansı çimərliklərdən istifadənin qadağan olunduğu, hansılarının istifadəyə yararlı olduğu açıqlanır.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin yay mövsümünə hazırlıqla əlaqədar olaraq, nazirliyin Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərləri,  Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsulları tətbiq etməklə monitorinqləri keçirilib. Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.
Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonu Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər keçirilib. Aparılmış monitorinqlər zamanı həmin ərazilərdən götürülmüş dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dənizin tullantı suları ilə intensiv çirklənməsinin hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.
Çimərlik mövsümündə dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığı nəzərə alınaraq, "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanuna əsasən, bu çimərliklərdən istifadə müvəqqəti olaraq tövsiyə edilmir.
Hazırda çimərliklərdə dəniz suyunun laboratoriya müayinə üsullarının tətbiqi ilə nəzarət tədbirləri davam edir. Monitorinqin nəticələri ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

 

Çimərliklərdə təhlükəsizlik tədbirləri vacibdir

 

Təbii ki, ətraf təmiz, dəniz suyu sanitar normalara cavab verirsə, çimərliklərə üz tutanların ərazini təmiz saxlamaları, təhlükəsizlik qaydalarına əməl etmələrindən savayı heç nə qalmır. Yay mövsümündə çimərlik ərazisində dincələnlərin, dənizdə üzənlərin təhlükəsizliyinə isə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti nəzarət edir.
Xidmətin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili qəzetimizə açıqlamasında bildirib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar zəruri təhlükəsizlik tədbirləri görülüb. Onun sözlərinə görə, aprel ayından etibarən Abşeron yarımadasında mövcud sahilboyu ərazilərdə aidiyyəti yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib: "Monitorinqlər ölkənin digər şəhər və rayonlarının sahilboyu ərazilərində də aparılıb. Monitorinqlər zamanı çimərlik operatorlarına sularda təhlükəsizlik qaydalarını özündə ehtiva edən bildirişlər paylanılır. Daha sonra icra hakimiyyətlərində aidiyyəti qurumların iştirakı ilə işçi müşavirələr keçirilərək monitorinq zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların həlli üçün müvafiq tapşırıqlar verilir".
Şöbə rəisi bildirib ki, bununla yanaşı, xidmətin nəzarət etdiyi çimərliklərdə, o cümlədən Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış 6 ictimai çimərlikdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb və sahil zolağı mövcud yad cisimlər - daş, qaya parçaları və s.-dən təmizlənib. "Xidmətin balansında olan xilasetmə texnika və vasitələri, həmçinin dalğıc-axtarış əməliyyatlarında istifadə olunacaq avadanlıqlar işlək vəziyyətə gətirilib. İyun ayının 10-dan xidmətin nəzarət etdiyi çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanların və ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarıfləndirilməsi üçün xüsusi lövhələr yerləşdirilib. Bu günədək isə xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərir".
Daxili xidmət polkovnik-leytenantı təhlükəsizlik qaydaları ilə bağlı tövsiyələrini də verib: "Hava qaraldıqdan sonra suya daxil olmaq, dənizdə nişanlar qoyulan ərazini keçmək olmaz. Vətəndaşların nəzarətsiz çimərliklərdən istifadə etməsi tövsiyə edilmir. Spirtli içkidən istifadə edib suya baş vurmaq, həmçinin küləkli havada dənizə girmək təhlükəlidir. Küləyin sürəti saniyədə 10 metrdən artıqdırsa, dənizdə çimmək qadağandır. Ərazidə quraşdırılmış maarrifləndirici lövhələrin üzərində yazılan tələblərə, xilasedicilərin göstərişinə əməl etmək vacibdir. Hər hansı təhlükə baş verdikdə isə "112" qaynar xəttinə zəng vurmaq lazımdır".

Əsmər QARDAŞXANOVA, 
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!