Ramilin ürəyində iki böyük sevgi yaşayırdı - biri Vətən, digəri yenicə qurduğu ailəsi. O, döyüş meydanında torpaqlarımızın azadlığı uğrunda vuruşarkən onu gözləyən həyat yoldaşı ilə gələcək günlərin xəyallarını qururdu. Qarabağın azad olunacağına, bir gün Aydanla birlikdə həmin torpaqları gəzəcəyinə, qurduqları evdə xoşbəxt yaşayacağına inanırdı.
Ancaq 2020-ci ilin oktyabrında Cəbrayıl istiqamətində gedən ağır döyüşlər bu arzuların qarşısına amansız bir sədd çəkdi. Ramil Vətən uğrunda canından keçdi, arxasında isə onun yolunu gözləyən bir qadın, dünyaya gələndə atasını heç vaxt görməyəcək bir oğul və heç vaxt tamamlanmayacaq xatirələr qoydu.
Ramil Aydın oğlu Musayev 1991-ci ildə İsmayıllının Aşağıbaş kəndində dünyaya göz açıb. O, həyatını hərb sənətinə bağlayaraq Azərbaycan Ordusunda xidmət edib, xüsusi təyinatlı qüvvələrin sıralarında peşəkar hərbçi kimi formalaşıb. Hərbi peşəyə böyük sevgi ilə yanaşan Ramil üçün bu xidmət məsuliyyət, iradə və vətənə sədaqət məsələsi idi. Həyat yoldaşı Aydan xanımın xatirələrində də bu bağlılıq aydın görünür. O, Ramili xatırlayarkən hərbi təlimlərdən, xidmətdə olduğu yerlərdən həvəslə danışdığını, xüsusi təyinatlı olmağı ilə fəxr etdiyini bildirir. Türkiyədə təlim keçib qayıtdıqdan sonra xidməti vəzifəsinin Ramilin gözündə daha da böyüdüyünü, özünü Qarabağ torpaqlarının xilaskarı kimi gördüyünü bildirirdi. Həmin xatirələrdən də bəlli olurdu ki, Ramil öz peşəsini sevən, qarşısına qoyduğu məqsədlərə inamla addımlayan, ailəsinə, vətəninə məsuliyyətlə yanaşan bir insan idi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın taleyində yeni bir səhifə açdı. Ordumuzun əsgər və zabitləri illərlə işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşə atıldılar. Xüsusi təyinatlı qüvvələrin üzərinə düşən tapşırıqlar isə fərqli hazırlıq, dözüm, cəsarət və qətiyyət tələb edirdi.
Ramil Musayev də müharibənin ilk günlərindən Füzuli və Cəbrayıl istiqamətlərində döyüşlərdə iştirak etmişdi. Oktyabrın ilk günləri cəbhədə gərginliyin davam etdiyi, düşmənin müqavimətinin güclü olduğu, hər qarış torpağın böyük iradə və fədakarlıq bahasına azad edildiyi bir dövr idi. Ramil Musayev oktyabrın 3-də Cəbrayılın azadlığı uğrunda gedən ağır döyüşlərdə şəhid oldu. Onun həyatı 29 yaşında yarımçıq qaldı.
Ramilin qəhrəmanlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Qarabağ" ordeni ilə təltif olunub. Bundan başqa, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülüb. Bu təltiflər Ramilin vətənin ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi xidmətlərin və igidliyinin dövlət səviyyəsində təsdiqidir.
Şəhidlərin həyatından danışarkən onların ailələrinin qəlbində qalan ağrını, yarımçıq arzuları və səssiz həsrəti də unutmaq olmaz. Bu baxımdan Aydan xanımın xatirələri daha təsirlidir. Onların ailə həyatı cəmi altı ay davam edib və bu müddətin də təxminən iki ayını birlikdə yaşaya biliblər. Qalan zaman Ramil hərbi xidmətdə və cəbhədəki döyüşlərdə olub: "Səninlə bir ömür xoşbəxt yaşamaqdan başqa heç nə yox idi xəyalımda". Aydan xanımın sözlərində bir gənc qadının sevdiyi insanla qurmaq istədiyi həyatın arzuları, gözləntiləri və sonradan qəlbində qalan böyük boşluq əks olunur.
Onun xatirələrində ən ağrılı məqamlardan biri Ramilin son gedişidir. O, həyat yoldaşını yola salarkən bu dəfə ona daha diqqətlə baxdığını, içində izah edə bilmədiyi qəribə hisslər yarandığını deyir. Sentyabrın 30-da və oktyabrın 1-də telefonla danışıblar. Ramil ailəsinə hər şeyin yaxşı olduğunu söyləyib, özlərini qorumağı tapşırıb. Sonra əlaqə kəsilib...
Ramilin ailəsinin taleyində bir kövrək məqam da var. O, şəhid olanda həyat yoldaşı övlad gözləyirdi. 2021-ci il martın 3-də onların oğlu dünyaya gəldi və atasının adı ona verildi. Balaca Ramil dünyaya göz açanda atasını görməmişdi, səsini eşitməmişdi, qucağında böyümək xoşbəxtliyini yaşamamışdı. Lakin o, atasının adını, qəhrəmanlıq tarixini və xalqın yaddaşında yaşayan xatirəsini miras aldı. Aydan xanım deyir ki, Ramil onun üçün sadəcə keçmişdə qalmış həyat yoldaşı deyil, həm də xatirələrdə yaşayan, yuxularda görünən, hər gün düşüncələrində yer alan bir insandır: "O, hər gün bizimlədir. Ramilin fiziki yoxluğu bizim üçün boşluq yaratsa da, onun adı, arzuları və vətən uğrunda göstərdiyi fədakarlıq bu boşluğu mənəvi bir varlığa çevirir".
Ramil Musayevin həyatı bizə bir daha xatırladır ki, qəhrəmanlıq yalnız döyüş meydanında göstərilən cəsarətdən ibarət deyil, eyni zamanda məsuliyyətli yaşamaq, ailəni sevmək, üzərinə düşən borcu şərəflə yerinə yetirmək, ən çətin anda belə vətənin gələcəyini şəxsi taleyindən üstün tutmaqdır. Ramil bu dəyərləri öz ömrü ilə təsdiqlədi. Onun yarımçıq qalan arzuları ailəsinin xatirələrində, adı isə azad Qarabağın tarixində yaşayır.
Elşən QƏNİYEV,
"Azərbaycan"