30 Oktyabr 2026 08:40
174
Mədəniyyət
A- A+
Ədəbiyyatımızın silinməz imzası

Ədəbiyyatımızın silinməz imzası


Azərbaycan mədəniyyəti və ədəbi-ictimai fikri ötən əsr böyük bir təkamül yolu keçmişdir. Bu yolun ən parlaq, ən cəsarətli və unudulmaz simalarından biri görkəmli yazıçı, dramaturq, alim və böyük dövlət xadimi Mirzə İbrahimovdur. 

O, sadəcə, bədii əsərləri ilə deyil, həm də xalqının ana dilinə, milli kimliyinə və mənəvi dəyərlərinə göstərdiyi sonsuz sədaqətlə tariximizdə dərin iz qoymuşdur. Stalinizm dövrünün sərt repressiyasına, sovet rejiminin ideoloji təzyiqlərinə baxmayaraq, hər zaman millətinin maraqlarını ön planda tutmuş Mirzə İbrahimovun  həm yaradıcılıq irsi, həm də dövlət idarəçiliyindəki prinsipial mövqeyi bu gün də heyranlıq doğurur və gələcək nəsillər üçün vətənpərvərlik məktəbi olaraq qalır. 

Böyük ədibin anadan olmasından 115 il ötür. Onun həyat yolu XX əsrin mürəkkəb tarixi prosesləri ilə sıx bağlıdır. Yoxsul ailədə dünyaya gəlmiş, ağır uşaqlıq illəri keçirmiş, gərgin zəhməti və təhsili sayəsində dövrünün tanınmış ziyalılarından birinə çevrilmiş yazıçının yaşadığı dövr Azərbaycan xalqının ictimai həyatında böyük dəyişikliklərin, siyasi təlatümlərin, milli kimlik və dil məsələlərinin kəskin müzakirə olunduğu mərhələ idi. Bu tarixi şərait onun bədii yaradıcılığına, dünyagörüşünə və ictimai mövqeyinə də ciddi təsir göstərmişdir.

Ədibin əsərlərində insan taleyi, vətənə bağlılıq, mənəvi məsuliyyət, ədalət, milli şüur, cəmiyyət və şəxsiyyət münasibətləri geniş yer tutur. Bu mənada Mirzə İbrahimovun irsini öyrənmək ümumən XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf istiqamətlərini, dövrün ideoloji ziddiyyətlərini və milli dəyərlər uğrunda mübarizənin tarixi əhəmiyyətini anlamaq baxımından çox əhəmiyyətlidir.


Ədəbiyyata doğru ilk addımlar


Mirzə Əjdər oğlu İbrahimov 1911-ci ildə Cənubi Azərbaycanın Sərab mahalında  anadan olmuşdur. 1918-ci ildə ailəsi ilə birlikdə Bakıya köçən Mirzə İbrahimov çox erkən yaşlarından həyatın çətinlikləri ilə üzləşir. Atasının 1919-cu ildə vəfat etməsi ailənin maddi vəziyyətini daha da ağırlaşdırır. O, uşaqlıq, yeniyetməlik illərində Balaxanı və Zabrat ərazilərində muzdur kimi çalışaraq ailənin dolanışığını çətinliklə təmin edir.

1926-1930-cu illərdə gənc Mirzə işləyə-işləyə Balaxanı fabrik-zavod məktəbində təhsil alır. Onun ilk mətbu əsəri 1930-cu ildə "Aprel alovları" məcmuəsində çap olunmuş "Qazılan buruq" şeiridir. 1933-cü ildə o, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsini bitirir. Həmin ildən Naxçıvanda "Sürət" qəzetinin redaktoru kimi fəaliyyətə başlayır. 1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alır. Burada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, "Molla Nəsrəddin" jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında elmi tədqiqat aparır, namizədlik dissertasiyası müdafiə edir. Cəlil Məmmədquluzadə irsinə maraq Mirzə İbrahimovun milli ədəbiyyat, maarifçilik, realizm, ictimai tənqid, ana dili məsələlərinə münasibətinin inkişafında mühüm rol oynayır.

Ötən əsrin 40-cı illərindən etibarən Mirzə İbrahimovun fəaliyyəti daha geniş miqyas alır. O, həm ədəbi və elmi yaradıcılıqla məşğul olur, həm də dövlət idarəçiliyində mühüm vəzifələr tutur. 1942-1946-cı illərdə Azərbaycan SSR-in maarif sahəsinə rəhbərlik edir, respublikanın təhsil və mədəniyyət həyatında təşkilati fəaliyyət göstərir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaradılarkən Mirzə İbrahimov onun ilk 15 həqiqi üzvündən biri seçilir. Bu etimad onun elmi fəaliyyətinin də ən yüksək səviyyədə qiymətləndirildiyini göstərir. Sonrakı illərdə Mirzə İbrahimov Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edir, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin sədri kimi yüksək dövlət vəzifələrində çalışır. Ömrünün sonrakı dövrlərində də elmi və ictimai fəaliyyətini davam etdirir, həyatının sonuna - 1993-cü il dekabrın 17-nə qədər Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatının araşdırılması ilə məşğul olur. O, Azərbaycan ədəbiyyatında ən müxtəlif janrlarda böyük mükəmməlliklə əsərlər yaratmış nadir sənətkarlardandır. 


Müqtədir romançı və real həyatı səhnəyə gətirən dramaturq


Mirzə İbrahimov Azərbaycanda roman janrını inkişaf etdirən müqtədir sənətkarlarımızdandır. Onun ən çox oxunan əsərlərindən biri "Gələcək gün" (1948) romanıdır. Əsərdə Cənubi Azərbaycanda insanların ağır sosial vəziyyəti, azadlıq arzuları və ictimai-siyasi mübarizəsi bədii şəkildə təsvir olunur. Romanın ideya mərkəzində insanın daha ədalətli gələcəyə ümid bəsləməsi dayanır. Ədib ayrı-ayrı insanların taleləri vasitəsilə azadlıq, milli ləyaqət, mənəvi möhkəmlik və mübarizə mövzularını işləyir. 

Ədibin "Böyük dayaq" (1957) romanı isə müharibədən sonrakı Azərbaycan kəndində cəmiyyət, rəhbərlik, insan münasibətləri və kollektiv əmək məsələlərindən bəhs edir. Əsərin adı da bu ideya ilə bağlıdır: həqiqi dayaq xalqın, kollektivin və insanlar arasında sağlam münasibətlərin gücüdür.

Yazıçının daha bir irihəcmli əsəri "Pərvanə" (1969-1970) romanıdır. Bu roman ədibin tarixi mövzulara müraciətinin mühüm nümunəsidir. Əsərdə Nəriman Nərimanovun yaşadığı dövrün ictimai-mədəni mühiti, maarifçilik düşüncəsi və siyasi proseslər bədii təcəssümünü tapır. Yazıçı tarixi şəxsiyyətin fəaliyyətini dövrün sosial ziddiyyətləri, ideya mübarizələri və insan taleləri fonunda təqdim edir. Roman Azərbaycan tarixi, ictimai fikir və maarifçilik ənənələrinin bədii ədəbiyyatda əks olunması baxımından diqqətəlayiqdir.

Mirzə İbrahimovun kiçikhəcmli nəsr əsərləri də onun ədəbi irsinin əhəmiyyətli hissəsini təşkil edir. "Qorxulu səs", "Zəhra", "Mələk", "Qaçaq", "Sənət aşiqləri", "Yol ayrıcında" kimi əsərlərində insan xarakterləri, cəmiyyətlə şəxsiyyət arasındakı münasibətlər və mənəvi problemlər bədii təsvir vasitəsinə çevrilir.

Ədib Azərbaycan dramaturgiyasının inkişafında da mühüm rol oynamışdır. Onun pyeslərində dövrün ictimai problemləri, insanların mənəvi keyfiyyətləri və sosial münasibətləri səhnə hadisələri vasitəsilə təsvir edilir. "Həyat" (1935) pyesində Azərbaycan kəndində baş verən sosial dəyişikliklər, fərqli dünyagörüşlərinin qarşıdurması və dövrün ictimai münasibətləri əks olunur. "Madrid" (1937) pyesi İspaniyada vətəndaş müharibəsi hadisələrindən bəhs edir. "Məhəbbət" (1941) pyesində şəxsi münasibətlər və mənəvi dəyərlər bədii konfliktin əsasını təşkil edir. "Kəndçi qızı" (1961) komediyasında kənd mühiti, insan xarakterləri və ictimai münasibətlər yumor vasitəsilə təqdim edilir. (Yeri gəlmişkən qeyd edək ki, bu əsər Mirzə Fətəli Axundzadə adına mükafata layiq görülmüşdür). "Yaxşı adam" (1963) komediyası insanın həqiqi mənəvi keyfiyyətləri, sözlə əməl arasındakı fərq və cəmiyyətin əxlaqi meyarları barədə düşünməyə imkan yaradır. "Közərən ocaqlar" (1967) pyesində isə o, Nəriman Nərimanovun həyatı və mübarizəsi ilə bağlı tarixi-ictimai prosesləri səhnəyə gətirmişdir. Bu əsərləri ilə o, Azərbaycan teatrının repertuarını daha da zənginləşdirmişdir. 

Mirzə İbrahimov həm də Azərbaycan ədəbiyyatının tarixi və nəzəri problemlərini araşdıran alim idi. Onun ədəbiyyatşünaslıq fəaliyyətində klassik irsin öyrənilməsi, realizm, xəlqilik, milli ədəbi ənənələr və bədii yaradıcılığın ictimai əhəmiyyəti əsas yer tutur. Mirzə Cəlil haqqında yazdığı "Böyük demokrat" (1939), ədəbiyyatla ictimai həyat əlaqələrinə dair mülahizələrin əks olunduğu "Həyat və ədəbiyyat" (1947), realizm və xəlqilik problemlərinin təhlilinə həsr edilən "Xəlqilik və realizm cəbhəsindən" (1961), Mirzə Ələkbər Sabirin yaradıcılığına, satirik düşüncəsinə və ədəbiyyat tarixindəki mövqeyinə dair tədqiqat əsəri olan "Böyük şairimiz Sabir" (1962), ədəbi-estetik düşüncələr, sənət və yaradıcılıq problemləri ilə bağlı yazıların toplandığı "Sarı sim" (1968) və "Ədəbi qeydlər" (1970) kitabları ədibin bu sahədə mühüm əsərləri sırasında qeyd edilməlidir.  

Mirzə İbrahimovun həyat və fəaliyyətinin mühüm istiqamətlərindən biri onun ictimai-siyasi fəaliyyəti olmuşdur. Onun bu istiqamətdə fəaliyyətini qiymətləndirərkən iki cəhəti nəzərə almaq vacibdir. Bir tərəfdən Mirzə İbrahimov sovet dövlət və partiya sisteminin nümayəndəsi idi və həmin dövrün siyasi-ideoloji mühitində çalışıb işləyirdi. Digər tərəfdən, mövcud siyasi şərait daxilində Azərbaycan dilinin hüquqlarının genişləndirilməsi, milli ədəbiyyatın öyrənilməsi, maarifin, mədəniyyətin inkişafı istiqamətində təşəbbüslər göstərmişdir.

Mirzə İbrahimov uzun illər Azərbaycan Yazıçılar İttifaqının rəhbərliyində çalışmışdır. Bu təşkilat sovet dövründə ədəbi prosesin idarə edilməsində, əsərlərin müzakirəsində, yazıçıların fəaliyyətinin əlaqələndirilməsində və ədəbi tədbirlərin təşkilində mühüm rol oynayırdı. Onun rəhbərlik fəaliyyəti Azərbaycan ədəbi mühitinin təşkilatlanması, ədəbi irsin nəşri, ədəbiyyatşünaslıq işlərinin genişləndirilməsi və yazıçılar arasında yaradıcılıq əlaqələrinin inkişafı ilə bağlı idi. Əlbəttə, həmin dövrdə Yazıçılar İttifaqı həm də sovet ideoloji nəzarət sisteminin bir hissəsi idi. Buna görə Mirzə İbrahimovun bu təşkilatdakı fəaliyyəti dövrün siyasi məhdudiyyətlərindən ayrı qiymətləndirilə bilməz. Bununla belə, onun ədəbi və elmi nüfuzu, təşkilatçılıq təcrübəsi və klassik irsə marağı Azərbaycan ədəbiyyatının institusional inkişafında mühüm rol oynamışdır.


Ana dili uğrunda mübarizə


Mirzə İbrahimovun fəaliyyətində xüsusi qeyd olunmalı sahə Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və dövlət idarəçiliyində mövqeyinin möhkəmləndirilməsi uğrunda gördüyü işlərdir. O, ana dilinin cəmiyyətin bütün sahələrində, ilk növbədə dövlət idarələrində işlədilməsini vacib hesab etmiş və bu istiqamətdə konkret siyasi təşəbbüslər göstərmişdir. 

Sovet hakimiyyəti illərində Azərbaycan dilinin təhsil, ədəbiyyat, mətbuat və mədəniyyət sahələrində müəyyən istifadə imkanları mövcud idi. Lakin ittifaq miqyasında rus dilinin üstün mövqeyi dövlət idarəçiliyində və bir sıra rəsmi sahələrdə Azərbaycan dilinin tətbiqini məhdudlaşdırırdı. Bu vəziyyət dilin hüquqi statusu ilə onun faktiki işlənmə imkanları arasında fərqlər yaradırdı. Odur ki, Azərbaycan dilinin dövlət idarələrində daha geniş istifadə edilməsi, rəsmi yazışmalarda tətbiqi, milli kadrların ana dilində fəaliyyət göstərə bilməsi kimi məsələlər təkcə dilçilik baxımından deyil, həm də milli-mədəni inkişaf baxımından mühüm əhəmiyyət daşıyırdı. Mirzə İbrahimov bu problemləri ictimai və siyasi gündəmə gətirən əsas şəxsiyyətlərdən biri olmuşdur.

20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Soveti Azərbaycan dilinin dövlət dili statusu ilə bağlı Konstitusiyaya maddə əlavə edilməsini nəzərdə tutan qanun qəbul etmişdir. Qanunun 21 avqust tarixli mətni "Kommunist" qəzetinin 25 avqust tarixli sayında dərc edilmişdir. Mirzə İbrahimov həmin dövrdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri idi. Bu qanunun qəbul edilməsi onun ictimai-siyasi fəaliyyətinin ən mühüm nəticələrindən biri sayılır. Qanunla Azərbaycan SSR Konstitusiyasına 151-ci maddə əlavə edilmişdi. Həmin maddədə Azərbaycan dili respublikanın dövlət dili kimi müəyyən olunurdu. Eyni zamanda respublika ərazisində yaşayan milli azlıqların öz ana dillərindən istifadə hüquqları nəzərdə tutulurdu.

Mirzə İbrahimovun dil məsələlərinə dair mühüm publisistik yazılarından biri "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsidir. 1956-cı ildə "Kommunist" qəzetində dərc edilmiş bu yazıda Azərbaycan dilinin dövlət idarəçiliyində tətbiqi ilə bağlı problemlər müzakirə olunurdu. Milli dil məsələsindəki prinsipial mövqeyi hətta ona qarşı siyasi təzyiqlərlə müşayiət olunmuşdur. Təsadüfi deyil ki, Mirzə İbrahimovun 1958-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən kənarlaşdırılması da onun dilimizin müdafiəsi ilə bağlı fəaliyyəti ilə əlaqələndirilir. Söz düşmüşkən onu da qeyd edək ki, onun "Azərbaycan dili" adlı elmi-publisistik kitabında dilimizin tarixi, özünəməxsus xüsusiyyətləri və müasir dövrdəki rolu ilə bağlı düşüncələri əks olunmuşdur. 

Mirzə İbrahimovun uzunmüddətli və zəngin ədəbi, elmi və ictimai fəaliyyəti müxtəlif dövlət və beynəlxalq mükafatlarla qiymətləndirilmişdir. O, Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına layiq görülmüş, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü - akademik seçilmiş, SSRİ Dövlət mükafatı, Azərbaycanın Dövlət mükafatı, Cəvahirləl Nehru adına beynəlxalq mükafat almışdır. Bundan əlavə, Mirzə İbrahimov üç dəfə dövrünün nüfuzlu təltiflərindən olan "Lenin" ordeni, həmçinin "Oktyabr İnqilabı" ordeni və digər mükafatlara layiq görülmüşdür.


Ziyalı irsi


Mirzə İbrahimovun irsi bu gün əhəmiyyətini, aktuallığını qoruyur. İlk növbədə onun əsərləri XX əsr Azərbaycan cəmiyyətinin tarixi və sosial həyatını öyrənmək üçün mühüm bədii mənbədir. Yazıçı yaşadığı dövrün hadisələrini, insanların münasibətlərini, cəmiyyətdəki dəyişiklikləri və mənəvi problemləri müxtəlif janrlarda əks etdirib. 

İkinci mühüm istiqamət onun Cənubi Azərbaycan mövzusuna verdiyi əhəmiyyətdir. Üçüncü istiqamət onun klassik ədəbi irsin öyrənilməsinə verdiyi töhfələrdir. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və digər sənətkarlar haqqında araşdırmaları Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm yer tutur. Dördüncü istiqamət Azərbaycan dilinin inkişafı ilə bağlı fəaliyyətidir. Mirzə İbrahimovun 1956-cı ildə Azərbaycan dilinin dövlət dili kimi tanınması uğrunda göstərdiyi səylər milli dil tariximizin mühüm hadisələrindən biri kimi hər zaman qürur doğurur. 

Mirzə İbrahimovun irsi mühüm bir həqiqəti göstərir ki, yazıçı yalnız bədii əsərlər yaradan şəxs olmaqla yanaşı, həm də yaşadığı cəmiyyətin mənəvi, mədəni və ictimai problemlərinə münasibət bildirən ziyalı olmuşdur. O, öz yaradıcılığı və ictimai fəaliyyəti ilə bu ziyalı məsuliyyətini dövrün ən təlatümlü anlarında nümayiş etdirmişdir. O, bədii yaradıcılığı ilə ictimai şüuru oyatmış, publisistikası ilə cəmiyyətin yaralarına toxunmuş və ən əsası, ana dilimizin dövlət səviyyəsində qorunması üçün öz vəzifəsini, hətta azadlığını təhlükəyə atmaqdan çəkinməmişdir. Xalq yazıçısı, akademik və dövlət xadimi kimi zirvələrə ucalan Mirzə İbrahimov nurlu şəxsiyyəti ilə daim yaddaşlarda qalacaqdır.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Google" kibertəhlükəsizlik üçün "Gemini 4 Carbon" süni intellekt modelini təqdim edib

09:00
30 Oktyabr

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

08:55
30 Oktyabr

"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib

08:50
30 Oktyabr

Başıbəlalı sözlər

08:45
30 Oktyabr

Ədəbiyyatımızın silinməz imzası

08:40
30 Oktyabr

İcbari Sığorta Bürosu "We Invest in People - Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

08:37
30 Oktyabr

BTQ: Orta dəhlizin ən cəlbedici polad keçidi

08:35
30 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
30 Oktyabr

Ermənistan öhdəliklərini icra etməlidir

08:25
30 Oktyabr

Arzusu Qarabağın işğaldan azad olması idi

08:20
30 Oktyabr

Bütövləşən Vətən, yarımçıq qalan ömür

08:15
30 Oktyabr

Azərbaycanın güc mənbəyi

08:10
30 Oktyabr

Milli mənafelərə söykənən müstəqil siyasət

08:05
30 Oktyabr

Biz unutmamışıq və heç zaman da unutmayacağıq!  

08:00
30 Oktyabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

00:47
30 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

23:49
29 Oktyabr

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır  

23:06
29 Oktyabr

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

21:39
29 Oktyabr

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb  

21:07
29 Oktyabr

Xalq artisti Zaur Rzayev vəfat edib

19:44
29 Oktyabr

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb  

19:41
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!