Vətənə məhəbbət onun qəlbində hələ uşaqlıq illərindən boy atmışdı. İllər keçdikcə daha da möhkəmlənərək Aqil Salyayevin həyat yolunu müəyyənləşdirmişdi. Bu sevgi onu məsuliyyətli qərarlar verməyə, çətinliklərdən çəkinməməyə, seçdiyi yola sədaqətlə bağlı qalmağa sövq etmişdi. Hərbi peşəni seçən gənclərin əksəriyyəti kimi, o da Vətənə xidməti yalnız peşə borcu deyil, eyni zamanda böyük etimad və mənəvi məsuliyyət saymışdı.
Aqil Salyayev 1996-cı il oktyabrın 23-də Ağstafanın Qarayazı qəsəbəsində dünyaya göz açıb. Uşaqlıq illərində qurduğu xəyallarda özünü hərbi geyimdə təsəvvür edir, gələcəkdə bu şərəfli peşənin sahibi olmağı arzulayıb. Zaman keçdikcə uşaqlıq xəyalları onun həyat məqsədinə, arzuları isə gerçəkləşdirmək istədiyi böyük bir amala çevrilib.
2003-2014-cü illərdə Sumqayıt şəhərindəki F.Piriyev adına 18 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb illərindən idmana maraq göstərən Aqil fiziki hazırlığına, iradəsinə və dözümlülüyünə xüsusi diqqət yetirib. Bu xüsusiyyətlər onun xarakterinin formalaşmasında, qarşıya qoyduğu məqsədlərə inamla addımlamasında mühüm rol oynayıb.
Aqilin arzusu, sadəcə, hərbi forma geyinmək deyildi. O, bu peşənin tələb etdiyi intizamı, məsuliyyəti və çətinliklərə hazırlığı da məqsədə çevirmişdi...
2014-cü ildə hərbi xidmətə yollanan Aqil Salyayev iki il Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə xidmətini başa vurduqdan sonra hərbçi olmaq qərarından dönməyib və 2018-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Lələtəpədə post komandiri kimi xidmət göstərən Aqil üçün hərbçi olmaq məsuliyyət daşımaq, verilən tapşırıqları qüsursuz yerinə yetirmək və ona göstərilən etimadı doğrultmaq demək idi. Mərdliyi, cəsarəti, vətənpərvərliyi və möhkəm iradəsi onun peşəkar hərbçi kimi yetişməsində mühüm rol oynayıb.
Vətən müharibəsi başlayanda Aqil də cəbhədə ön sırada dayanıb, Füzuli, Xocavənd və Qubadlı istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Vətən torpaqlarının azadlığına inamı, döyüş yoldaşlarına bağlılığı ona çətin anlarda güc verib, yaralansa da, döyüş meydanından çəkilməyib.
Aqil ailəcanlı idi. Şiddətli döyüşlərin davam etdiyi günlərdə də doğmalarının onun üçün narahat olduqlarını, həyəcan keçirdiklərini bildiyindən çalışıb ki, onları xəbərsiz qoymasın, imkan tapdıqca telefon əlaqəsi saxlayıb.
Aqil 2020-ci il oktyabrın 26-da şəhid olub. Üç gün öncə 24 yaşı tamam olmuşdu. Ağstafanın Köçvəlili kəndində dəfn olunan Aqil Anar oğlu Salyayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Aqil Salyayevin ömür yolu uzun olmadı, amma onun seçdiyi yol və vətən uğrunda göstərdiyi şücaət yaddaşlara yazıldı.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"