Ötən əsrin 90-cı illərinin əvvəli təkcə məlum səbəblərdən doğan çətinlikləri, ictimai-siyasi cəhətdən qeyri-sabitliyi, sosial-iqtisadi cəhətdən dərin böhranı ilə yadda qalmayıb. Bu dövr həm də sözün bütün mənalarında kimin kim olduğunu üzə çıxarıb. Məhz həmin illər göstərdi ki, kim əqidə sahibidir, xalqın və vətənin ləyaqətli övladıdır, kim də ətrafda baş verən hadisələrə baxıb tez-tez mövqe dəyişən və həmişə də şəxsi marağını dövlətin və xalqın mənafeyindən üstün kəs...
Haqqında söhbət açmaq istədiyim Aslan Məhəmməd oğlu Abbasov bütün ömrü boyu məhz birincilərdən olmuşdur. İnkişaf edən qüdrətli Azərbaycan və sosial güvənliyi təmin olunan Azərbaycan xalqı Aslan müəllimin həyat və fəaliyyət kredosu idi. 75 il əvvəl - 1950-ci il martın 11-də Gəncədə doğulan A.Abbasov əmək fəaliyyətinə 1973-cü ildən başlamışdır. O, hələ həmin illər gənc olmasına rəğmən, bir çox müəssisədə rəhbər vəzifədə çalışmışdır. Gəncə Alüminium Zavodunda İstehsalat şöbəsinin rəis müavini, sex rəisi olmuşdur. 1983-1989-cu illərdə Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilən A.Abbasov 1988-1992-ci illərdə Gəncə şəhəri Kəpəz Rayon Partiya Komitəsinin I katibi, sonra rayon icra hakimiyyətinin başçısı, Xalq Deputatları Sovetinin sədri, 1992-1993-cü illərdə Gəncə Yüngül Sənaye Texnikumunun direktoru vəzifələrində çalışmışdır. 1990-1994-cü illərdə Azərbaycan Ali Sovetinin xalq deputatı seçilmişdir. 1994-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Hüquq siyasəti daimi komissiyasının sədri olmuş A.Abbasov 1995-ci ildə yenidən I çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir. 2000-2004-cü illərdə Elmi-Tədqiqat Olefin İnstitutunun direktor müavini olan Aslan müəllim 2004-2006-cı illərdə Azərkimya Dövlət Şirkətinin zavod direktoru, 2006-2016-cı illərdə AMEA Gəncə Regional Elmi Mərkəzinin baş elmi işçisi, 2016-2019-cu illərdə Azərbaycan Texnologiya Universitetinin prorektoru vəzifələrində işləmişdir. 1985-ci ildən kimya elmləri namizədi olan Aslan Abbasov 7 kitab, 100-dən çox elmi məqalə, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir.
Bəli, Aslan Abbasov belə bir zəngin bioqrafiya sahibidir. Adam bəzən heyrət edir, bu qədər məsul vəzifələrdə çalışasan, üstəlik də respublikanın ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərəsən, böyük bir ailəyə başçılıq edəsən... Mən tanıyan Aslan müəllim təkcə öz ailəsinə yox, bütün qohum-əqrəbasına, gənc yaşlarında rəhmətə gedən qardaşı Əlövsət Abbasovun ailəsinə arxa, dayaq olmuşdur. Yeri gəlmişkən, biz tanış olanda adımı eşidib kövrəldi, göz yaşlarını saxlaya bilmədi. Məlum oldu ki, qardaşı adaşım Əlövsətin 40-ı təzəcə çıxıbmış.
Kəlbəcərli məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Gəncəyə gedəndə bir ortaq dostumuz Aslan müəllimlə görüşməyimi tövsiyə etmişdi, onun qaçqın və köçkünlərə hər zaman dayaq olduğunu demişdi. Vədələşdik ki, səhər saat 10-da "Avtozavod"un yataqxanasında görüşək. Mən gələndə Aslan müəllim artıq rəhbərliklə görüşüb məsələni həll etmişdi. Yanmış transformatorun dəyişdirilməsini şəhər rəhbərliyi ilə razılaşdırmışdı. Minnətdarlıq etməyə də qoymadı - özünəməxsus şuxluqla, rəğbətlə qayıtdı ki, nə təşəkkür, bu mənim insanlıq borcumdur. Kəlbəcər köçkünləri ilə birlikdə görüşdük, gördüm ki, camaatın əksəriyyəti Aslan müəllimi yaxşı tanıyır və ona böyük hörmət qoyurlar. Ağır illər idi, hər cür diqqət və qayğıya möhtac olan qaçqın-köçkünə heç də hər məmur ürəklə yanaşmırdı.
Məhz Aslan müəllimin camaat içərisində, xüsusən kəlbəcərli məcburi köçkünlərin yanında xüsusi hörmətinə görə, 2003-cü il prezident seçkilərində seçicilərlə görüşləri zamanı onları arqumentlərlə, cənab İlham Əliyevin Ulu Öndərimizin layiqli davamçısı olduğuna, onun sayəsində torpaqlarımızın azad edilməsinə, iqtisadiyyatımızın çiçəklənməsinə nail olacağına inandırmışdı. Sonralar həmişə qürurla deyirdi ki, yadındadır, o vaxtlar mənim Kəlbəcər camaatıyla dostluğumun öz bəhrəsini verməyi?! Söz düşmüşkən, qeyd edim ki, Aslan müəllim Kəlbəcər azad olunanda sevincindən göz yaşlarını saxlaya bilmirdi. İş yerimə böyük bir tort da gətirmişdi. Sevincinin hədd-hüdudu yox idi. Qərarlaşdıq ki, yollar tam açılanda birlikdə gedib viran qalmış ata evimi ziyarət edək. Çox təəssüf ki, zalım əcəl imkan vermədi.
Ayrılanda dedim ki, Aslan müəllim, Allah köməyiniz olsun, Gəncədəki həmyerlilərimdən arxayın gedirəm, sizin kimilər çox olsaydı, nə dərdimiz?! Gülə-gülə zarafatyana dedi: "Bu camaata qayğı göstərirəm ki, Kəlbəcər azad olunandan sonra hər evdə ürəklə qonaq ola bilim". Anidən kövrəldi, qəhərlə dediyi sözləri olduğu kimi qeyd edirəm: "Əlövsət, birincisi, bu camaat belə günə düşməməliydi, isti ata-baba ocaqlarını, rahat ev-eşiklərini qoyub gəlib burada yataqxana künclərinə sığınmamalıydı. Allah düşmənə lənət eləsin. İkincisi də, sən mənim cavan getmiş qardaşımın adaşısan. Səni elə Əlövsətin yerində görürəm". İkimiz də kövrəldik. İlyarım əvvəl mənim də cavan qardaşım şəhid olmuşdu.
O gündən dostlaşdıq və ömrünün sonuna qədər dostluğumuz davam etdi. 1995-ci ildə ikimiz də I çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçildik. Hələ mandatımızı almamışdıq. Bir axşam ümumi dostumuz Səfiyar Musayev zəng vurub dedi: "Rəhbərliklə məsləhətləşmişəm, Aslan Abbasovu özümə müavin götürürəm, danışdıq ki, səni də bizim komissiyaya üzv yazaq". Təbii ki, sevindim. Səfiyar müəllim çox saf insan, səmimi dost və dövlət adamı idi. Komissiyamızın bütün işlərini Aslan müəllimə həvalə etmişdi, çünki ona inanırdı, güvənirdi.
Səfiyar Musayevin rəhbərliyi ilə 1997-ci ildə Türkiyəyə səfərə getmişdik. Bizi hava limanında Türkiyə Böyük Millət Məclisinin bir neçə deputatı və Ankarada məsul vəzifədə çalışan, Aslan müəllimin yaxın dostu Vaqif Qasımov qarşıladı. Səfiyar müəllimlə Aslan müəllimin sayəsində parlamentdə və digər dövlət qurumlarında çox səviyyəli və məhsuldar görüşlərimiz oldu. Hər görüşdə Qarabağ probleminin həllində Türkiyənin tam dəstək verməsini xahiş edirdik. Parlament sədrinin ovaxtkı müavini Nəsrəddin Xətiboğlu ilə görüşərkən Səfiyar müəllim dəmir məntiqi ilə münaqişənin kökündə ermənilərin türklərə qarşı düşmənçiliyinin durduğunu deyəndə Xətiboğlu tərəddüdlə bizə baxdı və Aslan müəllim məni göstərərək "Əlövsət o bölgədəndir, Kəlbəcər rayonunun deputatıdır" - dedi. Sonra da qaçqın və məcburi köçkünlərimizin qarşılaşdığı ağır durumu ətraflı izah etdi.
Çox sevdiyi vəfalı həyat yoldaşı haqq dünyasına qovuşanda özünə yer tapmırdı. Daim fikirli, qayğılı, nisgilli idi. Vaxtsız ölümlə heç cür barışa bilmirdi. Təbii ki, mən də təskinlik verir, toxtaq olmağı tövsiyə edirdim. Növbəti görüşlərimizin birində dedi ki, istəyirəm Lütviyyə barədə xatirələrimi, duyğu və düşüncələrimi yazıb bir kitab çap etdirim. Dərhal tərəddüdsüz dedim ki, mən hazır. Qısa müddətdən sonra bir qalın qovluqla yanıma gələndə gözlərimə inanmadım - xatirələr hazır idi. Sən demə, gündəlik yazırmış, onlara şəkillər, qohum- əqrəbalarının xatirələrini, övladlarının ürək sözlərini əlavə edib mükəmməl bir kitab yazmışdı. Bir ayın içində dostumun mətbəəsində çap etdik və deyərdim ki, sanki bir ailə ensiklopediyası ərsəyə gəldi.
Həmin kitabı oxuyanda mən öz aləmimdə yaxşı tanıdığım Aslan müəllimi yenidən kəşf etdim. Naşir kimi etiraf etmək istəyirəm ki, o, xatirə-memuar janrında oxuduğum ən məzmunlu, təsirli və duyğusal kitabdır. Gənc ailələrə, valideyn-övlad münasibətlərinə, dostluğa, dövlətə və dövlətçiliyə nümunə, örnək olası ciddi ədəbiyyat, bəzi hallarda bədii ədəbiyyat sayılacaq bir nəşrdir. Bir daha əmin oldum ki, Aslan müəllim ictimai-siyasi həyatda, pedaqoji və alimlik fəaliyyətində necə həssas, diqqətcil, dürüst, obyektivlik hissini hər zaman qoruyub saxlayan, eyni zamanda tələbkar insanmış.
Milli Məclisdəki fəaliyyətinin 5 ili gözümün qarşısında olduğundan Aslan müəllimi daha yaxından tanıdım, ağır illərdən başlayan dostluğumuz daha da möhkəmləndi. Onu da deyim ki, Aslan müəllim dostcanlı və etibarlı köhnə Azərbaycan kişisiydi. Tanışlarımın içərisindən Aslan müəllimdən çox dostu olan yox idi. Ailəsinə nə qədər bağlı idisə, dostlarına da o cür sadiq idi. Zeynəb Xanlarova, Teymur Bünyadov, Səfiyar Musayev, Asya Manafova, Şəfiqə Məmmədova, Yaşar Əliyev, Məzdək Hüseynov, Əli Əlirzayev, Zakir Zeynalov, Minayə Əliyeva, Nizami Ələkbərov Milli Məclisdəki ən yaxın dostları idi. Yadımdan çıxmaz, ikimizin də yaxın dostları olan Səfiyar müəllimlə Məzdək müəllim bizim deputatlığımız dövründə ağır xəstəliyə düçar olmuşdular. Aslan müəllim özünə yer tapa bilmir, həkim axtarır, məsləhət verir, tapılmayan dərmanları əldə edirdi. Hətta o vaxt ABŞ-də təhsil alan oğluna zəng edib Azərbaycanda olmayan dərman da gətizdirmişdi.
Aslan müəllimin hüquqi təhsili yox idi, amma mənəm-mənəm deyən hüquqşünaslarla eyni səviyyədə mübahisə edər, yüksək erudisiya sahibi olmağı, intellekti ilə seçilərdi. Təsadüfi deyildi ki, o, Ulu Öndərin təklifi ilə müstəqil Konstitusiyamızın hazırlanması üçün yaradılmış Konstitusiya Komissiyasının üzvü seçilmişdir. Aslan müəllim müzakirələr zamanı çıxışlarını, təklif və tövsiyələrini, Heydər Əliyev ilə yazışmalarını ayrıca bir qovluqda saxlayırdı. Ulu Öndərin öz xəttilə göndərdiyi təklifləri, əlavə və düzəlişləri də qiymətli mənbə kimi qoruyurdu. Həmişə fəxrlə deyərdi ki, Heydər Əliyevin öz xəttilə yazdığı qeydlər arxivimin əsas sənədləridir. Hətta onları toplayıb kitab da çap etdirmək istəyirdi.
Əfsus ki, qəfil və zalım əcəl imkan vermədi. İmkan versəydi, bu gün 75 yaşı olacaqdı. Amma 4 ilə yaxındır ki, itkilərilə heç zaman barışa bilmədiyi ata-anasının, qardaşı Əlövsətin, vəfalı və sevdiyi həyat yoldaşı Lütviyyə xanımın yanındadır. Özü ordadır, ruhu isə azadlığını sevinclə yaşadığı Şərqi Zəngəzurda, Qarabağda - Şuşada, Kəlbəcərdədir, canından artıq sevdiyi övladları, nəvələri, qədirbilən dostları ilədir. Ruhun şad olsun, qardaş!
Əlövsət AĞALAROV,
Əməkdar jurnalist