Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin yeni tikilmiş “Bilgəh” sularda xilasetmə məntəqəsinin açılışı və xidmət üçün yeni alınan texnikaların təqdimatı mərasimi keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak edib.
Məlumat verilib ki, yeni tikilən modul tipli sularda xilasetmə məntəqəsi hər cür vasitələrlə təmin olunub, dalğıc-xilasedicilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bundan əlavə, dalğıc-xilasedicilərin gündəlik fəaliyyətinin daha səmərəli qurulması məqsədilə hazırda 8-i Bakı şəhərində və Abşeron rayonunda, 12-si isə digər bölgələrdə olmaqla ümumilikdə 20 modul tipli sularda xilasetmə məntəqəsinin tikintisi həyata keçirilir.
Həmçinin yeni alınan texnika və hissələrə 10 ədəd 4 metrlik altı plastik rezin qayıq, 10 ədəd “Yamaha” markalı hidrosikl və bunlar üçün 10 ədəd “Mercury 25” markalı asma mühərrik daxildir. Çevikliyi, istismar cəhətdən sadəliyi və texniki xidmət baxımından rahatlığı ilə seçilən bu texnikalar vətəndaşların sularda təhlükəsizliyinin təmin edilməsi işinə mühüm töhfə olacaq.
Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində FHN-in maddi-texniki bazasının daim yeniləndiyini, xilasetmə, yanğınsöndürmə və digər təyinatlı ən müasir texnika və avadanlıqların ölkəmizə gətirilərək uğurla tətbiq olunduğunu, şəxsi heyətin gündəlik fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını xatırladan Kəmaləddin Heydərov insanların sularda təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinin FHN-in əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb, bu sahədə işin daha səmərəli təşkili məqsədilə müvafiq tapşırıqlar verib.