Bununla stansiyanın tikintisi növbəti mərhələyə qədəm qoyub
Cəbrayıl rayonunda inşa edilən "Şəfəq" Çünəş Elektrik Stansiyasında günəş panellərinin quraşdırılmasına başlanmaqla layihə növbəti mərhələyə qədəm qoyub. Bu barədə layihənin investorları olan BP, SOCAR Green, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və MVM məlumat verib.
İlk günəş paneli cari ayın əvvəlində quraşdırılıb və bu da göstərir ki, layihə üzrə tikinti işləri plana uyğun irəliləyir. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti Nadir İmanov bununla bağlı deyib: "Layihə üzrə aparılan tikinti işlərində bu mühüm mərhələnin başlanmasından çox məmnunuq. Tərəfdaşlarımızla birlikdə əsas diqqətimizi layihənin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə yönəltməklə tikinti işlərini əminliklə irəli aparırıq. İnanırıq ki, bu mühüm layihə bərpaolunan elektrik enerjisinin istehsalı sahəsini və regiondakı əməliyyatlarımızın karbonsuzlaşdırılmasını dəstəkləməklə Azərbaycanın enerji keçidi səylərinə töhfə verəcək".
Xatırladaq ki, keçən ilin iyun ayında təsdiqlənmiş 200 milyon dollar dəyərində "Şəfəq" layihəsi çərçivəsində işğaldan azad olunmuş Cəbrayıl rayonunda yeni 240 MVt gücündə günəş-elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Stansiyanın təməli 2024-cü ilin noyabrında COP29-un davam etdiyi günlərdə qoyulub. Layihə 2021-ci ilin iyununda Energetika Nazirliyi ilə BP arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir.
"Şəfəq" layihəsi Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı "AzərEnerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən 220/110 kV-luq elektrik yarımstansiyası inşa edilir.
Gözlənilir ki, "Şəfəq" və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların yarıya qədər azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə söküləcək və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
STEL layihəsi də irəliləyir. 2028-ci ilin sonunadək terminalın tam elektrikləşdirilməsini təmin etmək üçün indiyədək layihə üzrə bir neçə əsas müqavilə imzalanıb.
Bunlardan biri Mühəndis-layihələndirmə, təchizat və tikinti (EPC) müqaviləsidir. Təxminən 43 milyon dollar dəyərində olan bu müqavilə "AzərEnerji"yə verilib. Müqavilənin iş həcminə üç əsas fəaliyyət istiqaməti daxildir: yeni yarımstansiyanın tikintisi, yeraltı kabellərin quraşdırılması və hava elektrik ötürücü xətlərinin çəkilməsi və quraşdırılması. Tikinti və quraşdırma müqaviləsinin dəyəri isə 19 milyon dollardır. Bu müqavilə "Azfen" MMC-yə verilib. Müqavilə üzrə iş həcmi transformatorların, sinxron kompensatorların, cərəyan məhdudlaşdırıcı reaktorların və yeni 110 kV-luq açıq paylayıcı qurğunun quraşdırılması da daxil olmaqla, Səngəçal terminalında əsas elektrik infrastruktur işlərini əhatə edir. Müqavilə çərçivəsində terminalda tikinti işləri keçən ilin avqust ayında başlanıb və əsas avadanlıqların quraşdırılması üçün bünövrə işləri daxil olmaqla bir neçə istiqamət üzrə irəliləməkdədir.
7 milyon funt sterlinq dəyərində olan Mühəndis-layihələndirmə və təchizat müqaviləsi SOCAR KBR-ə verilib. Bu şirkət müqavilə üzrə müfəssəl layihələndirmə, avadanlıqların tədarükü və təchizat prosesinin idarə edilməsi xidmətləri göstərir. İş həcminə həmçinin tikinti, istismar sınaqları və əməliyyatlara hazırlıq fəaliyyətlərinin planlaşdırılması üzrə dəstək də daxildir.
"Şəfəq"in tikinti işləri ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib. Fotovoltaik modullar, payalar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb. Payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə də ciddi irəliləyiş əldə olunub və bu avadanlıqların təxminən 30 faizi artıq quraşdırılıb.
Qeyd edək ki, "Şəfəq" layihəsi üzrə SÆSL - Shafag (Æebrayil) Solar Limited birgə müəssisəsi yaradılıb. SÆSL şirkətindəki iştirak payları belədir: BP 40,01faiz, SOCAR Green 39,99 faiz, ABİF 10 faiz və MVM 10 faiz.
Layihə üzrə aparılan tikinti işlərində yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir. Burada işlərin pik dövründə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir. Hazırda layihəyə təxminən 350 nəfər yerli işçi cəlb olunub ki, bunlardan 123-ü işğaldan azad edilmiş ərazilərdə məskunlaşan sakinlərdir.
Bəs stansiya nə vaxt hazır olacaq? Tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Stansiyanın ildə təxminən 500 QVt/saat bərpaolunan enerji istehsal edəcəyi gözlənilir.
Flora SADIQLI,
"Azərbaycan"