25 Aprel 2026 08:20
242
CƏMİYYƏT
A- A+
Azərbaycanda uşaq hüquqları: qanunvericilik, məhkəmə təcrübəsi və müasir tendensiyalar

Azərbaycanda uşaq hüquqları: qanunvericilik, məhkəmə təcrübəsi və müasir tendensiyalar


Azərbaycan Respublikasında uşaq hüquqlarının qorunması məsələsi  dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Müstəqillik əldə etdikdən sonra respublikamız BMT-nin "Uşaq hüquqları haqqında" 1989-cu il Konvensiyasına qoşulmuş və sonrakı illərdə uşaq hüquqları sahəsində digər sənədlərə də qoşularaq yerli qanunvericiliyi davamlı şəkildə təkmilləşdirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu günlərdə imzalanmış "Uşaq hüquqları haqqında" qanun yuxarıda qeyd olunanları təsdiq edir.

Azərbaycan Respublikasında 1998-ci ildə "Uşaq hüquqları haqqında", 1999-cu ildə "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", 2002-ci ildə "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", 2003-cü ildə "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", 2005-ci ildə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", 2018-ci ildə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlar və digər normativ-hüquqi aktlar qəbul edilmiş, o cümlədən dövrün tələbinə uyğun olaraq mütəmadi olaraq yenilənmişdir. 

Məhkəmə-hüquq sistemi yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasının qarşısının alınmasında əsas rollardan birini oynayır. Bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyi beynəlxalq normalara uyğundur. Son illərdə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları uşaqların da maraqlarına və onların məhkəmədə müdafiəsinə öz müsbət təsirini göstərmişdir. Azərbaycanın müstəqillik qazanmasının ilk illərindən uşaq hüquqlarına önəm verilməsi fikrini bir daha vurğulamaq istərdik. Belə ki, Milli Məclisin 1993-cü il 28 iyul tarixli qərarı ilə ölkəmiz BMT Baş Məclisinin 1985-ci il noyabrın 29-da qəbul etdiyi "Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları"na qoşulmuşdur. Sonrakı illərdə isə milli qanunvericilik bu sənəddən irəli gələrək daha da təkmilləşdirilmişdir.

Azərbaycan qanunvericiliyi uşaqların məhkəmə vasitəsilə öz hüquqlarının müdafiəsi imkanlarını təsbit etmişdir. Belə ki, Azərbaycan Respublikasinin Ailə Məcəlləsinin  51.5-ci maddəsinə əsasən uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin maddəyə görə, uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə uşağın məhkəməyə müraciət etməyinə imkan yaranır.

Ailə Məcəlləsinin 52-ci maddəsi uşağın öz fikrini bildirmək hüququnu təsbit etmişdir. Belə ki, həmin maddəyə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Maddədə o da qeyd edilmişdir ki, uşağın maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Qanunvericiliyin bu müddəasında məntiqi vurğunun "mütləq" sözünün üzərinə düşdüyünü hiss etmək mümkündür. Bu səbəbdən də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanının yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilməsi şərti həmin maddədə açıq-aydın göstərilmişdir.

Lakin bu, heç də o demək deyil ki, 10 yaşdan aşağı uşağın fikri önəmli deyil. Həmin maddədə əks olunmuş məhkəmə, qəyyumluq və himayə orqanı qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənməsi və nəzərə ala bilməsi şərti onu göstərir ki, dinlənilmək və fikri nəzərə alınmaq 7 yaşı tamam olmuş uşağın haqqıdır.

Ümumi tendensiyanı nəzərə alaraq demək olar ki, uşaqların maraqlarına toxunan məsələlərdə onların özlərinin iştirakı bundan sonra daha da artırılacaq. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın  4.4.15-ci maddəsində uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının müxtəlif formalarda təmin edilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi həmin strategiyanın əsas prioritet istiqamətlərindən biri kimi qeyd edilmişdir.

Ən yaxşı mənafe prinsipinin tətbiqi Ali Məhkəmənin plenumunun diqqət mərkəzindədir və qərarlarda bu prinsipə istinad edildiyini görmək mümkündür. Belə ki, "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikasi Ali Məhkəməsi plenumunun  28 mart 2016-cı il tarixli qərarı da uşaqların kimin yanında qalması məsələsi həll olunarkən ən yaxşı mənafelərinə uyğun olmasını əsas götürmüşdür. Həmin qərarda nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən uşaqların digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından (müstəsna hallar istisna olmaqla) eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğun olması məhkəmələrə tövsiyə edilmişdir.

Bu prinsipin tətbiqi barədə digər qərara nəzər yetirək.  "Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 1.5-ci bəndində deyilir:  "Uşaq hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsində təsbit edilmişdir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Bu konvensiyanın 9-cu maddəsinə görə uşaq valideynlərindən ayrılmamaq hüququna malikdir, bu uşağın ən yaxşı mənafeləri naminə labüd olmasından irəli gəlir.

Azərbaycanda uşaq hüquqları sahəsində  qanunvericik aktları qəbul edilərkən müvafiq beynəlxalq sənədlərdən faydalanılmışdır. Nümunə olaraq 1959-cu il tarixli "Uşaq Hüquqları Bəyannaməsi"nə baxa bilərik. Həmin bəyannamənin 3-cü prinsipi hər bir uşağın anadan olandan ad və vətəndaşlıq hüququnun olmasını özündə əks etdirir. Analoji müddəaya 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyanın 7-ci maddəsində də rast gəlinir. Eynilə də 3 mart 2026-cı il tarixli "Uşaq hüquqları haqqında"  Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsi də uşağın vətəndaşlıq və ad almaq hüququnu özündə əks etdirmişdir.

Müqayisədə deyə bilərik ki, hərbi xidmətə çağırılma baxımından isə Azərbaycan qanunvericiliyi  20 noyabr 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyadan daha humanist mövqe tutur.  Belə ki, bu konvensiyanın 38-ci maddəsinin 2-ci bəndinə əsasən iştirakçı dövlətlər 15 yaşına çatmayan hər hansı şəxsi öz silahlı qüvvələrində hərbi xidmətə çağırmaqdan imtina edirlər. İndi isə Azərbaycan qanunvericiliyinə nəzər salaq. 23 dekabr 2011-ci il tarixli "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 36.1.2-ci maddəsinə əsasən xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar hərbi xidmətlərə daxil olurlar. Göründüyü kimi, beynəlxalq konvensiya hərbi xidmətə çağırılma üçün minimal yaş limitini 15 yaş müəyyən etsə də, Azərbaycan qanunvericiliyi uşaqların qayğısına qalaraq minimal yaş limitini 17 yaş müəyyən etmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında"  28 oktyabr 2011-ci il tarixli qərarı olmuşdur.  Bu qərarın tətbiqindən sonra illərin və məhkəmələrin təcrübəsi toplanmış, plenumda bu qərarda qeyd edilən məsələlərə dövrün tələblərinə uyğun yenidən baxılması zərurəti yaranmışdır. Təsadüfi deyil ki, bu qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyəti monitorinq edilmiş və Ali Məhkəmənin plenumunun bu mövzuda yeni qərarı olmuşdur. Belə ki, Ali Məhkəmənin plenumu "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 2011-ci il 28 oktyabr tarixli qərarının tətbiqi ilə bağlı həyata keçirilmiş məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair" 19 dekabr 2022-ci il tarixli, 5 nömrəli yeni qərar qəbul etmişdir. Sonuncu qərara əsasən 2011-ci il 28 oktyabr tarixli qərara belə bir məzmunda yeni 2.6-ci bənd əlavə edilmişdir: "Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, videoəlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər". Qərara edilmiş düzəlişin mahiyyətindən göründüyü kimi, həmin dövrün əsas xüsusiyyətləri, yəni informasiya və kommunikasiya texnologiyalarının inkişafı və pandemiyanın doğurduğu şərait nəzərə alınmışdır. 

Təəssüflə qeyd edirik ki, nikahın pozulmasından sonra aliment ödəməli olan tərəfin müəyyən səbəbdən ölkə xaricinə getməsi səbəbindən alimentin tam həcmdə, vaxtlı-vaxtında  alınmasında çətinliklərə rast gəlinir. Bu isə öz növbəsində uşaqların rifah halına mənfi təsir edir. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə "Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 30 sentyabr 2022-ci il tarixli Qanunu qəbul edilmişdir. Həmin qanuna əsasən göstərilən konvensiya Azərbaycanda təsdiq edilmişdir. Həmin konvensiyanın məqsədlərinə aliment barədə qərarların tanınması və icrasının təmin edilməsi,  həmçinin aliment barədə qərarların qısa müddətdə icrası üçün səmərəli tədbirlərin tələb edilməsi daxildir. Bu isə öz növbəsində aliment ödəyən tərəfin ölkə xaricinə getməklə alimentin ödənilməsindən yayınması hallarının qarşısını almaqda mühüm rol oynayır.

Uşaqlar bizim gələcəyimizdir. "Uşaq hüquqları haqqında" qəbul olunmuş Azərbaycan Respublikasının Qanunu gələcəyimizin daha parlaq olması naminə atılmış bir addımdır. Bu qanunun həyatımıza tətbiqi isə gələcəyimizin təminatıdır!


Vüsalə MURADXANLI,

hüquq üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dnepr şəhərinə raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var

10:13
25 Aprel

ABŞ-də federal edam cəzaları bərpa olunacaq

10:12
25 Aprel

ABŞ-nin İrana qarşı əməliyyata xərclədiyi məbləğ açıqlanıb

10:11
25 Aprel

BMT: Körfəz və Hörmüz boğazında gəmilərə 29 hücum qeydə alınıb

09:57
25 Aprel

Bilmək istəyirəm

09:20
25 Aprel

Qlobal çağırışların müzakirə olunduğu dialoq mərkəzi

09:15
25 Aprel

Bakının memarlıq simfoniyası

09:10
25 Aprel

"Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika" məsələləri Bakıda müzakirə olundu

09:05
25 Aprel

ARDNF ilk rübün hesabatını açıqlayıb

09:00
25 Aprel

"Şəfəq"in ilk günəş panelləri quraşdırılıb

08:55
25 Aprel

Əqli mülkiyyət: zənginlik və inkişaf institutu

08:50
25 Aprel

Ustad nasir

08:45
25 Aprel

Sözün gücü ilə insanlığa xidmət göstərən ədib

08:40
25 Aprel

Etibarlı və əlverişli investisiya məkanı

08:35
25 Aprel

Ortaq gələcək naminə: Azərbaycanın sistemyaradıcı rolu

08:30
25 Aprel

Azərbaycanın yaratdığı reallıqlar erməni saxtakarlığını da fiaskoya uğradır

08:25
25 Aprel

Azərbaycanda uşaq hüquqları: qanunvericilik, məhkəmə təcrübəsi və müasir tendensiyalar

08:20
25 Aprel

Qlobal forumlar məkanında davamlı təhsil

08:15
25 Aprel

2026-cı ilin birinci rübünün nəticələri ilə bağlı müşavirə keçirilib

08:10
25 Aprel

Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü

08:05
25 Aprel

İlham Əliyevin uzaqgörən strategiyası

08:00
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!