22–24 aprel 2026-cı il tarixində Polşanın Katovitse şəhərində sayca 18-ci Avropa İqtisadi Konqresi keçirilib. Azərbaycanın Polşadakı səfirliyi konqresdə iştirak edib. İqtisadi Konqresi Mərkəzi və Şərqi Avropada biznes nümayəndələrini, siyasətçiləri, alimləri, tədqiqatçıları və yerli idarəetmə orqanlarını bir araya gətirən ən nüfuzlu platformalardan biri olmaqla, artıq 18 ildir ki, Polşa və Avropa iqtisadiyyatının inkişafına təsir göstərən ideya və təşəbbüslərin müzakirə olunduğu mühüm forum kimi çıxış edir.
AZƏRTAC xəbər verir ki, Avropa 2026-cı il buraxılışının əsas şüarı “Dialoqun gücü” olub. Konqres çərçivəsində iqtisadi təhlükəsizlik və suverenlik, yaşıl və rəqəmsal keçid, iqlim gündəliyi və dayanıqlı inkişaf, yeni investisiya modelləri, texnoloji innovasiyalar və beynəlxalq əməkdaşlıq kimi aktual məsələlər geniş müzakirə olunub.
200-dən çox panel müzakirəsi və minlərlə işgüzar görüşü əhatə edən konqres 1300-dən artıq məruzəçi və 13 min 500-dən çox iştirakçını bir araya gətirib. Tədbirdə nazirlər və yüksəksəviyyəli siyasətçilər, Avropa Parlamenti üzvləri, Polşanın aparıcı bank və enerji şirkətlərinin rəhbərləri, eləcə də tanınmış sərmayəçilər və biznes liderləri iştirak ediblər.
Konqres çərçivəsində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova aprelin 23-də keçirilmiş “İqtisadi əməkdaşlıq – bunu birlikdə gerçəkləşdirək” adlı xüsusi sessiyada çıxış edib. Panel beynəlxalq iqtisadi əməkdaşlıq, yeni təşəbbüslər, əməkdaşlıq potensialının müəyyənləşdirilməsi və institusional dəstəyin rolu kimi məsələlərə həsr olunub.
Panel müzakirəsi zamanı səfir Polşa ilə Azərbaycan arasında əməkdaşlığın perspektiv istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, iki ölkə arasında əməkdaşlıq xüsusilə ticarət, investisiya, sənaye, nəqliyyat-logistika, enerji və aqrar sahələrdə böyük potensiala malikdir.
Səfir Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji nəqliyyat qovşağı kimi rolunu, o cümlədən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində artan əhəmiyyətini vurğulayıb, Polşanın isə Avropa İttifaqında mühüm logistika mərkəzi kimi bu əməkdaşlıqda xüsusi yer tutduğunu qeyd edib. Enerji sahəsinə toxunan səfir bildirib ki, Azərbaycan Avropanın etibarlı tərəfdaşı kimi çıxış edir və hazırda 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı üzv dövlətinə təbii qaz ixrac edir. Bu, ölkənin Avropanın enerji təhlükəsizliyində artan rolunu aydın şəkildə nümayiş etdirir. Eyni zamanda, bərpaolunan enerji və yaşıl enerji dəhlizləri üzrə əməkdaşlıq imkanlarının genişləndiyi vurğulanıb.
Səfir, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələrində, sənaye zonalarında və Ələt Azad İqtisadi Zonasında Polşa şirkətləri üçün mövcud investisiya imkanlarını diqqətə çatdırıb.
Panel müzakirəsi çərçivəsində səfir ölkəmizin 2026-cı ilin may ayında Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcəyi barədə məlumat verərək qeyd edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə təşkil olunan bu nüfuzlu tədbir dayanıqlı şəhərsalma, iqlim gündəliyi və yaşıl inkişaf sahələrində qlobal dialoq üçün mühüm platforma olacaq. Bildirilib ki, forumun əsas mövzusu “Dünya üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar”dır və qlobal mənzil böhranının aktuallığını əks etdirir. Bu çərçivədə dayanıqlı şəhərsalma, iqlim dayanıqlılığı, əlçatan mənzil təminatı və inklüziv şəhərsalma kimi məsələlər əsas prioritetlər sırasında yer alır.
Qeyd olunub ki, forum çərçivəsində nazirlər, şəhər rəhbərləri, beynəlxalq təşkilatlar, akademik dairələr, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri daxil olmaqla 174 ölkədən 20 mindən artıq iştirakçının iştirakı gözlənilir. Forum müxtəlif sessiyalar, dialoqlar, dəyirmi masalar və geniş “WUF-Expo” sərgisi vasitəsilə qabaqcıl təcrübələrin, innovativ həllərin və uğurlu modellərin təqdim edilməsi üçün mühüm platforma rolunu oynayacaq.
Səfir, həmçinin qeyd edib ki, “WUF-Expo” şəhərlər, ölkələr, şirkətlər və beynəlxalq təşkilatlar üçün innovativ həllər və dayanıqlı şəhərsalma modellərini nümayiş etdirmək baxımından mühüm imkanlar yaradır. Bu çərçivədə Polşanın dövlət qurumlarının rəhbərləri, şəhər rəhbərləri, akademik dairələr, media nümayəndələri və sahə üzrə mütəxəssislər WUF13-də fəal iştiraka dəvət olunub.
Forum çərçivəsində səfir Katovitse şəhərinin meri Marçin Krupa ilə görüş keçirib. Görüş zamanı şəhərlərarası əməkdaşlıq və dayanıqlı inkişaf məsələləri müzakirə olunub, 2022-ci ildə Katovitsedə baş tutmuş WUF11-in ev sahibi kimi M.Krupa WUF13 Forumunda iştirak etməyə dəvət edilib.