Dünya bazarında neftin qiymətinə nəzər salsaq Azərbaycanda hasil olunan “Azəri Light” markalı neftin həmişə digər markalardan nisbətən baha satılmasının şahidi olarıq. Son dövrlər neftin qiymətinin dünya bazarında ucuzlaşması tendensiyası müşahidə edilir. Azərbaycan neftinin də qiyməti ucuzlaşır. Lakin digər markalara nisbətdə baha satılır. Misal üçün bu gün “Urals” markalı neftin 1 bareli 54,22 dollara, “Brent” 63,18, WTI 59,39 dollara satıldığı halda, “Azəri Lighit” 66,22 dollara satılıb.
AZƏRTAC xəbər verir ki, qiymətdə bu qədər fərqin səbəbi Azərbaycan neftinin keyfiyyətindədir.
Hələ X əsrdə Azərbaycana gələn ərəb səyyahı və alim Əbdül-Həsən əl Məsudi öz qeydlərində yazırdı ki, Azərbaycanda çıxan nefti dəvələrlə Persiya, Suriya və Hindistana aparırdılar: “Burada ağ, sarı və qara rənglərdə neft çıxır”.
Sonralar Osmanlı səyyahı Övliyyə Çələbi XVII əsrdə Qafqaza səyahət edərkən Bakıya da gəlib. O yazırdı ki, Bakı ətrafındakı quyulardan iki növ neft çıxarırlar onlardan biri ağ, digəri isə qara rəngdədir. Həmin dövrdə sənaye olmasa da neftə böyük tələbat var idi. Neftdən evlərin, karvansarayların işıqlandırılması və isidilməsi üçün istifadə edirdilər. Bunlarla yanaşı, zamanın tələblərinə uyğun olaraq hərbi məqsədlər üçün istifadə olunan neft qiymətli məhsul hesab edilirdi.
Bakı neftinin keyfiyyətli olması barədə rus geoloqu Balaxanı və Suraxanıdakı neft quyularını kəşf edən Nikolay Voskoboynikovun da qeydləri var. Geoloq Rusiyada hasil olunan neftdən fərqli olaraq Azərbaycan neftini “təmiz neft” adlandırırdı.
Bu gün müasir texnologiyaların vasitəsilə neftin tərkibini asanlıqla öyrənir, onun keyfiyyətini müəyyən edirlər. Hazırda neftin təsnifatına ГОСТ Р 51858-2002 standartı tətbiq edilir. Bu standarta uyğun olaraq neft siniflər və tiplərə bölünür. Tərkibindəki kükürdün çəkisinə görə neft - az kükürdlü (0,6 faiz), orta kükürdlü (1,8 faiz), yüksək kükürdlü (1,81 faiz) və xüsusilə yüksək kükürdlü (3,5 faiz) siniflərə bölünür. Sıxlığı və tərkibindəki parafinin çəkisinə görə isə neft 5 tipə bölünür. Bunlar xüsusi yüngül, yüngül, orta, ağır və bitumlu tipləridir.
Neftin keyfiyyəti onun tərkibindəki kükürd və parafindən başqa qatran kimi maddələrin miqdarından, rəngindən və yanma xüsusiyyətlərindən asılıdır. Keyfiyyəti qiymətləndirmək üçün laborator analizlərdən əlavə, neftin xarici əlamətləri də nəzərə alınır. Məsələn, rəng, bərkliyi və ya maye halı.
Yüksək kükürd tərkibi neftin emalı üçün çətinlik yaradır və emalı çox xərc tələb edir. Belə ki, neftin tərkibində kükürd, sulfit turşuları nə qədər çox olursa, həmin məhsul hasilatdan tutmuş emal və digər məhsulların istehsalına qədər olan zəncirin baha başa gəlməsinə səbəb olur. Məsələn, Qazaxıstanın “Kaşaqan” yatağından çıxarılan neft sulfit turşuları ilə zəngin olduğu üçün nəql borularında çox tez aşınmalara, təmir işlərinə böyük həcmdə vəsaitlərin sərf olunmasına gətirib çıxarır. Bundan əlavə, bu neft emal avadanlıqların daha tez sıradan çıxmasına səbəb olur, ondan yüksək keyfiyyətli məhsul almaq üçün əlavə texnoloji proseslərin həyata keçirilməsini tələb edir. Elə Rusiyanın “Urals” markalı nefti də keyfiyyətcə Qazaxıstan neftindən ciddi fərqlənmir. Belə neftin emal prosesi həm ətraf mühitə, həm də insan sağlamlığına mənfi təsir göstərdiyinə görə arzuolunmaz hesab edilir.
Azərbaycan nefti isə dünyada kükürd birləşmələrinin ən az olduğu neft markasıdır. Bu neftin hasilat və emal xərcləri digər markalara nisbətən daha aşağıdır, ekoloji baxımdan çox əlverişlidir. Elə bu keyfiyyətlərinə görə Avropa Birliyi ölkələri və ABŞ Azərbaycan neftinin daimi və əsas alıcılarıdır.
Qeyd edək ki, dünya bazarında Azərbaycan neftinə tələbatın artıq olması və 1 barelinin qiymətinin digər markalardan yüksək qiymətə satılmasının səbəbi onun yüksək keyfiyyətli olması ilə əlaqədardır.