Azərbaycan Prezidenti İlham Əliyev həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində, həm də yanvarın 5-də yerli televiziyalara verdiyi müsahibəsində müasir dünyada güc amilinin oynadığı rol ilə bağlı fikirlərini səsləndirdi. Dövlət başçısı bildirdi ki, onun sözləri indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir.
Milli Məclisin deputatı Elman Nəsirov qəzetimizə açıqlamasında xatırladıb ki, Prezident İlham Əliyev bügünkü dünyada "kim güclüdür, o haqlıdır" prinsipinin işlədiyini deyib: "Ölkə rəhbəri, xüsusilə vurğuladı ki, Azərbaycan Vətən müharibəsində güc faktoru hesabına qalib gəlib. Çünki uzun bir tarixi dövrdə beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək torpaqlarımızın işğaldan azad olunması ilə bağlı danışıqlar aparsaq da, qarşı tərəf danışıqlara yalnız vaxt uzatmaq üçün yanaşıb, onların bizim torpaqları sülh yolu ilə qaytarmaq fikri olmayıb. ATƏT-in Minsk qrupu da sadəcə bu münaqişəni dondurmaqla məşğul idi".
Deputat qeyd edib ki, Azərbaycan müntəzəm şəkildə həm iqtisadi, həm də hərbi baxımdan güclənib. Güc faktoru və siyasi yolla torpaqlarımızın azadlığını, suverenliyimizi təmin etdik. Dünyada baş verən son hadisələr də bu faktı bir daha təsdiqləyir ki, güc amili həlledicidir.
Prezident İlham Əliyevin təsdiqlədiyi 2026-cı ilin dövlət büdcəsində də eyni yanaşmanın şahidi oluruq. 2025-ci ilə Azərbaycanın hərbi və təhlükəsizlik büdcəsi 8,4 milyard manat təşkil edirdisə, 2025-ci ildə daha 318 milyon manat əlavə edilərək, bu rəqəm 8,7 milyard manata çatıb. Bu, çox yüksək göstəricidir, həm də onun təsdiqidir ki, güc həlledici amildir. "Güclüsənsə heç kimin sənin torpağında gözü ola bilməz. Bu məntiqlə də bu gün Azərbaycanın hərbi təhlükəsizlik büdcəsi formalaşdırılıb və bizim 41 milyard 700 milyonluq xərclərimizin 21 faizi məhz bu istiqamətə ayrılıb. Bu, həm də onun ifadəsidir ki, biz həmişə güclü olmalıyıq. Bu gün dünyada gedən poseslər də, ayrı-ayrı böyük dövlətlərin davranışları da göstərir ki, indiki dünya düzənində hüququn gücü deyil, gücün hüququ işləyir. Prezident İlham Əliyev bu reallığı dəfələrlə öz çıxışlarında bildirib. Ölkə rəhbərinin sözləri praktiki baxımdan da həyatda təsdiqini tapır", - deyə E.Nəsirov bildirib.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"