Mərkəzi Asiya ölkələrinin Azərbaycan və Türkiyə ilə hərbi əməkdaşlığı artıq uzun müddətdir ki, təcrübə mübadiləsi, hərbi texnologiyalar sahəsində qarşılıqlı öyrənmə, o cümlədən zabit heyətinin hazırlanması istiqamətində davam etdirilir.
Bunu AZƏRTAC-a açıqlamasında qırğızıstanlı siyasi analitik Almaz Tajıbay bildirib.
Ekspert bu əməkdaşlığın orduların döyüş qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, xüsusi təyinatlı bölmələr arasında terrorizmə qarşı koordinasiyanın gücləndirilməsi, orduların rəqəmsal modernləşdirilməsi və döyüş dronlarından istifadənin genişləndirilməsi müasir təhlükəsizlik çağırışlarına adekvat cavab vermək baxımından zəruridir.
Almaz Tajıbay bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin hərbi-siyasi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs həm qlobal, həm də regional miqyasda artan çağırışlar fonunda praqmatik və vaxtında atılmış addımdır. Bu yanaşma region ölkələrinin təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə xidmət edir.
Analitikin fikrincə, Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında iqtisadiyyat, mədəniyyət, təhsil, turizm və təhlükəsizlik sahələrində əməkdaşlıq ortaq mədəni dəyərlər zəminində Türk Dövlətləri Təşkilatı və TÜRKSOY çərçivəsində ardıcıl şəkildə inkişaf edir.
O qeyd edib ki, ötən il Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərətçi görüşlərinə qoşulması siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması, eləcə də mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm mərhələdir. Bu addım regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət edir.
“Bu proses Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq coğrafiyasının Cənubi Qafqaza doğru genişləndirdiyini göstərir. Azərbaycan Xəzərin hər iki sahilini birləşdirən strateji körpü rolunu oynayaraq, bu əməkdaşlığı Türkiyəyə və daha geniş geosiyasi məkana bağlayan mühüm aktor kimi çıxış edir”, - deyə qırğızıstanlı analitik vurğulayıb.