Fransada davam edən şiddətli meşə yanğınları səbəbindən Prezident Emmanuel Makron Avropa İttifaqından təcili kömək istəyib. “Deutsche Welle” telekanalının yaydığı məlumata görə, həddindən artıq isti hava və quraqlıq səbəbindən yanğınlar sürətlə yayılır və Aİ-nin yardım sisteminin imkanları getdikcə tükənir.
Qeyd edək ki, Fransada 42 min hektardan çox ərazi yanıb. Xüsusilə Bordo bölgəsindəki böyük yanğın geniş sahəni əhatə edib. Yanğınlar və güclü külək səbəbindən 220 mindən çox insan evlərini və istirahət yerlərini tərk etməli olub. Vəziyyətin ciddiliyini nəzərə alaraq Fransa hökuməti ilk dəfə 20 ton su tutumu olan böyük “A400M” hərbi nəqliyyat təyyarəsini yanğınsöndürmə işlərinə cəlb edib.
Fransanın müraciətindən sonra Aİ-nin Brüsseldəki Koordinasiya Mərkəzi işə düşüb. Portuqaliya, Xorvatiya, Çexiya, Almaniya, Türkiyə, İsveç və Slovakiyadan yanğınsöndürən təyyarə və helikopterlər bölgəyə göndərilib. Eyni zamanda Aİ İspaniyadakı yanğınlara da təyyarələr ayırıb.
İqlim dəyişikliyi səbəbindən bir neçə Avropa ölkəsində (məsələn, Fransa, İspaniya, İtaliya) yanğınların baş verməsi yardımları çətinləşdirir. Ölkələr öz ərazilərindəki yanğınları söndürməli olduqları üçün digər ölkələrə təyyarə və yanğınsöndürən göndərməkdə ehtiyatlı davranırlar.
Aİ gələcəkdə belə böhranların qarşısını almaq üçün tamamilə öz büdcəsindən maliyyələşən 12 yeni yanğınsöndürən təyyarə almağı planlaşdırır. Aİ Komissiyasının bildirdiyinə görə, yanğınsöndürən təyyarələrlə yanaşı, meşələrdə öncədən təhlükəsizlik zolaqlarının salınması və yanğının erkən aşkar edilməsi də vacibdir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”