Çin Azərbaycan, Bolqarıstan, Xorvatiya və Monteneqro ilə enerji, nəqliyyat infrastrukturu, yaşıl iqtisadiyyat və süni intellekt sahələrində əməkdaşlığı genişləndirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstana səfərlərinin yekunlarını şərh edərkən bildirib.
Çin diplomatiyasının rəhbəri dörd ölkə ilə həyata keçirilən birgə layihələrin nəticələrini yüksək qiymətləndirərək, xüsusilə enerji və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına diqqət çəkib.
Rumıniyanın “Financial Intelligence” nəşrinin məlumatına görə, Van Yi Azərbaycanın Qobustan ərazisində yerləşən Günəş elektrik stansiyasını ölkənin ilk irimiqyaslı yeni enerji layihəsi kimi xarakterizə edib. Nazir bu layihəni Çinlə tərəfdaşlığın yaşıl enerji sahəsində konkret nəticələrindən biri kimi təqdim edib. O, həmçinin Çinlə əməkdaşlığın Bolqarıstanın elektrik enerjisinin saxlanılması üzrə quraşdırılmış güclər baxımından Avropanın qabaqcıl ölkələri sırasına yüksəlməsinə kömək etdiyini bildirib.
Nazirin sözlərinə görə, Pekin region ölkələri ilə yalnız ənənəvi ticarət, investisiya və infrastruktur sahələrində deyil, həm də bərpaolunan enerji, yaşıl keçid və süni intellekt kimi yeni istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Çin tərəfi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində həyata keçirilən layihələrin Orta Dəhlizlə əlaqələndirilməsinə də xüsusi əhəmiyyət verir. Asiya ilə Avropa arasında nəqliyyat bağlantısını təmin edən Orta Dəhliz Azərbaycanın beynəlxalq tranzit və logistika imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayır.
Van Yi bildirib ki, Çin səfər etdiyi dörd ölkə ilə mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadə etməyə və birgə layihələrin iqtisadi nəticələrini artırmağa çalışacaq.
Qeyd edək ki, Bolqarıstan rəsmiləri də Çinlə yeni enerji texnologiyaları, o cümlədən enerji saxlama sistemləri sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.