Rumıniya, Yunanıstan, Bolqarıstan və Xorvatiyanın aparıcı media qurumları Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turuna, Bakı şəhər trasının xüsusiyyətlərinə və yarış həftəsonunun əsas hadisələrinə geniş yer ayırıblar.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın AGERPRES milli xəbər agentliyi Corc Rassellin “Mercedes” komandası ilə Azərbaycan Qran-Prisinin poul mövqeyini qazandığını geniş şəkildə yayıb. Agentlik britaniyalı pilotun Bakı şəhər trasında 1 dəqiqə 42,526 saniyəlik nəticə göstərərək Şarl Lekleri 0,837 saniyə qabaqladığını qeyd edib. Oskar Piastri üçüncü nəticəni göstərib.
Rumıniyanın “Antena 3 CNN” və “Gazeta Sporturilor” nəşrləri də Bakıdakı sıralama turunu diqqətdə saxlayıblar. Rumıniya mediasında çempionatın lideri Kimi Antonellinin ilk təsnifat sessiyasında birinci döngədə səddə çırpılması və nəticədə yarışa 16-cı mövqedən başlayacağı xüsusi vurğulanıb. “Gazeta Sporturilor” Antonellinin hadisədən sonra öz səhvini etiraf edən açıqlamalarını da yayıb.
Bolqarıstanın BNT dövlət televiziyası sıralama turunu “Corc Rassell Azərbaycan Qran-Prisində hamını qabaqladı” sərlövhəsi ilə təqdim edib. BNT Rassellin mövsümdə beşinci poul mövqeyini qazandığını və “Mercedes” pilotunun Bakıdakı üstün çıxışını ön plana çəkib. “24 Chasa” qəzeti isə Antonellinin Bakıdakı qəzasına və Rassellin rəqibləri üzərində böyük zaman fərqi yaratmasına ayrıca material həsr edib.
Xorvatiyanın HRT ictimai yayımçısı həm üçüncü sərbəst yürüşü, həm də sıralama turunu ayrıca işıqlandırıb. HRT üçüncü sərbəst yürüşdə Maks Ferstappenin Rasselli cəmi 0,099 saniyə qabaqladığını yazıb. Sıralama turunda isə Rassellin 1:42.526 nəticə ilə poul mövqeyini qazanması, Leklerin ikinci, Piastrinin üçüncü olması və Antonellinin qəzası əsas hadisələr kimi təqdim edilib.
Xorvatiyanın “Sportske novosti” nəşri isə yarış nəticələrindən əlavə Bakı şəhər trasına geniş material ayırıb. Nəşr trasın ən kiçik səhvi belə beton sədlə təmasla nəticələndirə bilən mürəkkəb xarakterini qeyd edib. Məqalədə bir dövrə ərzində İçərişəhərin tarixi memarlığı ilə Xəzər sahilindəki müasir Bakı panoramasının birləşməsi Azərbaycan Qran-Prisinin vizual fərqləndirici xüsusiyyətlərindən biri kimi göstərilib.
Yunanıstanın “Zougla” nəşri Corc Rassellin Bakı küçələrində poul mövqeyini qazanmasına geniş yer ayırıb. Nəşr britaniyalı pilotun son Q3 dövrəsində 1:42.526 nəticə göstərdiyini, bunun onun karyerasında 12-ci poul mövqeyi olduğunu və “Mercedes”in Bakıdakı sürətini təsdiqlədiyini yazıb.
Yunanıstanın Sport24 portalı isə üçüncü sərbəst yürüşdə Maks Ferstappenin ən yaxşı nəticə göstərməsini işıqlandırıb. Portal Bakı trasında sıralama turu ərəfəsində “Red Bull”, “Mercedes”, “Ferrari” və “McLaren” komandaları arasında mübarizənin daha da gərginləşdiyini qeyd edib.
Xarici medianın materiallarında Bakı trasının uzun düzlüklərlə İçərişəhər ətrafındakı son dərəcə dar texniki hissələri birləşdirməsi tez-tez vurğulanır. Təxminən 6 kilometr uzunluğundakı şəhər trasında 20 döngə var. Bakı trasında poul mövqeyi həmişə qələbəyə zəmanət vermədiyindən yarış strategiyası, təkərlərin vəziyyəti və mümkün təhlükəsizlik avtomobili əsas amillər sırasında göstərilir.
Bir sıra xarici nəşrlər yarış proqramının bu il ənənəvi bazar günü deyil, şənbə günü keçirilməsinə də diqqət çəkiblər. Səbəb sentyabrın 27-nin Azərbaycanda Anım Günü olmasıdır. Buna görə yarış həftəsonunun bütün proqramı bir gün əvvələ keçirilib.
Beləliklə, son 24 saatda Rumıniya, Bolqarıstan, Xorvatiya və Yunanıstan mediasında Azərbaycan Qran-Prisi təkcə idman nəticələri ilə deyil, Bakı şəhər trasının özünəməxsusluğu, paytaxtın tarixi və müasir memarlığının yarış fonunda təqdimatı geniş işıqlandırılıb.