ABŞ təhlükəli oyunlar qurmaqdan çəkinmir
"Bu gün Amerika Birləşmiş Ştatlarının aşkar anti-Azərbaycan mövqeyi sərgiləməsinin başlıca səbəbi Ermənistanı özünün məkrli geosiyasi ambisiyalarının həyata keçirilməsi istiqamətində alət rolunda görməsidir. Ermənistan da məmnuniyyətlə özünü belə bir alət roluna təqdim edir. Bunun müqabilində isə o, ABŞ və ona bənzər ölkələrin Ermənistanın törətmiş olduğu cinayətlərə göz yummasını istəyir. Bu da təbii ki, Cənubi Qafqaz regionu üçün olduqca təhlükəlidir".
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, ABŞ bu və ya digər coğrafiyalarda həmin xalqların taleyini nəzərə almadan təhlükəli oyunlar qurmaqdan çəkinmir. ABŞ müxtəlif regionlarda çox sayda dinc insanların həyatını itirməsi ilə nəticələnən təhlükəli proseslərin əsas müəlliflərindən biridir. Bir müddət öncə ABŞ Prezidenti Co Bayden çəkinmədən açıq şəkildə bildirdi ki, Birləşmiş Ştatlarının Yaxın Şərqdə baş verən proseslərə müdaxilə etməsi, daha doğrusu, ora birbaşa yardım göstərməsi, eyni zamanda Ukraynaya dəstək olması bu ölkənin gələcəyi üçün yaxşı sərmayədir. Yəni bu dövlət ayrı-ayrı ölkələrdə qanlı münaqişələrin baş verməsini və daha da alovlandırılmasını ABŞ-nin gələcəyi üçün sərmayə hesab edir və bu cür təhlükəli yanaşma təkcə dünyanın ayrı-ayrı coğrafiyaları üçün deyil, bütövlükdə qlobal təhlükəsizlik üçün çox böyük təhdid yaradır.
E.Mirbəşiroğlu hesab edir ki, Cənubi Qafqaz dövlətləri ABŞ-nin bu regionla bağlı ermənilərdən istifadə edərək məkrli planlarının həyata keçirilməsinin qarşısını almalıdır: "Bunun üçün səylər birləşdirilməlidir. ABŞ Ermənistanın Azərbaycana qarşı törətmiş olduğu bütün qanlı cinayətlərə göz yummaq müqabilində onu regionda həyata keçirmək istədiyi və yaxud hazırda həyata keçirdiyi geosiyasi mübarizənin alətinə çevirmək istəyir. Bu da region üçün çox təhlükəlidir. Yəni Ermənistanın Azərbaycana qarşı aşkar ərazi iddiaları mövcuddur. Biz öz torpaqlarımızı işğaldan azad etsək də, Ermənistan rəsmi olaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkdiyini bildirməyib. Belə olan halda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarında da Ağ Ev onu dəstəkləyə biləcəyini nümayiş etdirməkdədir".
Deputat qeyd edib ki, başlıca motiv Ermənistan üzərindən Rusiyaya qarşı yeni bir plasdarm qurulması və bu zaman Ermənistanın xəstə, təhlükəli istəklərinin ABŞ tərəfindən dəstəklənməsidir. 1992-ci ildə ABŞ Azərbaycan ərazilərini ardıcıl işğal edən və xalqımıza qarşı qanlı soyqırım cinayətləri törədən Ermənistana qarşı deyil, bu cinayətlərin obyekti olan Azərbaycan əleyhinə ədalətsiz 907-ci əlavəni qəbul etdi. Bununla ABŞ təcavüzkar Ermənistana aşkar və çox ciddi mənəvi siyasi dəstək nümayiş etdirərək onu növbəti cinayətlərə də həvəsləndirmiş oldu. Həmin bədnam 907-ci düzəlişin hüquqi qüvvəsinin təmin olunması ABŞ-nin nə dərəcədə təhlükəli mövqeyə və baxışlara sahib olduğunu növbəti dəfə nümayiş etdirir.
Deputat vurğulayıb ki, ABŞ qlobal sülhün təmin olunmamasına görə deyil, əslində, beynəlxalq sülhün əldə edilməsi imkanlarının yaranmasına görə hər zaman narahat olur. ABŞ-nin başlıca strategiyası ondan ibarətdir ki, dünyanın ayrı-ayrı regionlarında daim qanlı silahlı qarşıdurmalar olsun, o da bu münaqişələr üzərindən bu və ya digər regionlara nəzarət etmək imkanları qazansın, silah satsın, varlansın və siyasi ambisiyalarını həyata keçirsin.
2001-ci ildə ABŞ-nin beynəlxalq terrorizmə qarşı mübarizə adı altında Əfqanıstana hərbi müdaxilə etdiyini xatırladan deputat bildirib ki, o əraziləri işğal etdikdən sonra hərbi müdaxiləsi dövründə Əfqanıstan, Pakistan sərhədlərində yaşayan mülki əhali də daxil olmaqla 240 mindən yuxarı insan həyatını itirib. "Bundan başqa, ABŞ-nin 2003-cü ildə İraqa hərbi müdaxiləsi nəticəsində 128 min dinc insan, 2003-cü ilin yaz aylarında Bağdadın bombalanması nəticəsində 40 mindən yuxarı şəhər sakini həyatını itirdi. Belə olan halda ABŞ-nin guya beynəlxalq sülh carçısı, yaxud bəşəri dəyərlərin dəstəkləyicisi olduğunu nümayiş etdirməsi ironiya doğurmaqdadır. Bugünkü proseslər, demək olar ki, Ağ Evi çox narahat edir. Yəni bu gün dünya ABŞ-nin rəhbərliyi altında təkqütblü dünya sistemindən birdəfəlik imtina etmək iradəsini nümayiş etdirməkdədir. Dünyanın yeni güc mərkəzləri var və onlar qlobal proseslərə real təsir etmək imkanları yaratmaqdadır. Bu mənada Rusiyanı, Çini, Hindistanı, Türkiyəni və başqa ölkələri qeyd etmək olar", - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, ayrı-ayrı güc mərkəzlərinin təsir imkanlarının olduğu çoxqütblü dünya sisteminin formalaşması qlobal təhlükəsizliyin real qarantı rolunda çıxış edəcək. Bu, ABŞ-ni çox narahat edir və ona görə də sürətlə itirməkdə olduğu mövqelərini bərpa etmək və ya qorumaq üçün ən qatı cinayətlərdən belə çəkinmir. Yəni Ermənistan kimi təcavüzkar, işğalçı bir dövlətə dəstəyin olması o cinayətlərə elə şərik olmaq deməkdir.
Deputat hesab edir ki, ABŞ-nin Cənubi Qafqaz regionu ilə bağlı baxışları bu regionda Rusiyaya qarşı yeni bir cəbhə açılmasıdır: "ABŞ, həmçinin Ermənistandan alət kimi istifadə etmək perspektivlərini görməkdə və bundan istifadə etməkdədir. Bunun müqabilində isə regionda hər zaman gərginlik və münaqişələr yaradan Ermənistanın xəstə istəklərinə dəstək verməyi planlaşdırır. Bu da olduqca təhlükəlidir. Hesab edirəm ki, region ölkələri buna qarşı birgə mübarizə aparmalıdırlar".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"