15 Oktyabr 2019 01:32
1415
Elm və texnika
A- A+

Gənc alimlərin inkişafına xüsusi diqqət göstərilir


İntellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulması müasir Azərbaycan dövlətinin strateji hədəflərindən birini təşkil edir. Bu cəmiyyətin əsas işçi qüvvəsi isə innovativ təfəkkürlü perspektivli gənclik olmalıdır. Gənc nəsil hər bir cəmiyyətin aparıcı qüvvəsidir və bu qüvvəni yüksək intellekt, elm və təhsillə reallaşdırmaq lazımdır.

Ölkəmizdə gənclərlə bağlı aparılan siyasət Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti sayəsində beynəlxalq aləmdə formalaşmış Azərbaycan modeli daha da güclənir.

Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını öz üzərində xüsusi olaraq hiss edir. Prezident İlham Əliyev tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması bunun əyani təzahürüdür. Qürurverici haldır ki, bu gün Azərbaycan gəncləri öz elmi səviyyələri, bilik və bacarıqları ilə artıq beynəlxalq aləmdə tanınır və qəbul olunurlar.

Mən 1980-ci ildə Qusar rayonunun Həzrə kəndində anadan olmuşam. 1997-ci ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirərək Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuşam. Həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişəm. 2003-cü ildən AMEA Botanika İnstitutunun Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsində baş laborant vəzifəsinə işə götürülmüşəm, təhsilimi başa vurduqdan sonra kiçik elmi işçi kimi çalışmışam. Qısa zaman müddətində çalışqanlığıma və əldə etdiyim uğurlara görə elmi işçi vəzifəsinə keçirilmişəm. 2004-2014-cü illərdə Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində elmi işçi, 2014-2016-cı illərdə böyük elmi işçi kimi fəaliyyət göstərmişəm. 2016-cı ildən bu günə kimi isə yeni yaradılan AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıram. Eyni zamanda 2017-ci ildən ictimai əsaslarla institutun Təhsil şöbəsinin müdiri vəzifəsini icra edirəm.

2011-ci ildə molekulyar biologiya ixtisası üzrə "Buğda (Triticum L.) genotiplərinin quraqlığa davamlılığının molekulyar və biokimyəvi mexanizmləri” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam. 2015-ci ildə molekulyar biologiya ixtisası üzrə elmlər doktoru hazırlığı proqramı üzrə dissertanturaya daxil olmuşam. Hazırda "Buğda genotiplərinin quraqlığa davamlılığa cavabdeh genlərinin ekspressiyasının tənzimlənməsində DREB transkripsiya faktorlarının rolu” mövzusunda doktorluq dissertasiyası üzərində işləyirəm. Aldığım nəticələr nüfuzlu beynəlxalq jurnallarda, "Springer”, "Nova Publisher”, "Wiley” kimi nəşrlərdə çap olunmuş, bir sıra yerli və beynəlxalq konfranslarda (Türkiyə, ABŞ, Hindistan, Almaniya, Rusiya, Avstraliya və s.) təqdim edilmişdir. 2017-ci ildə mənə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən molekulyar biologiya ixtisası üzrə dosent elmi adı verilmişdir. 70-dən artıq elmi əsərin müəllifiyəm.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü il gənc alim və mütəxəssislər üçün keçirilən 2-ci müsabiqənin qalibi olmuş layihənin rəhbəri və bir sıra layihələrin iştirakçısı olmuşam.

2009-cu ildə Avropa Biokimyaçılar Cəmiyyətinin gənc tədqiqatçılar üçün elan etdiyi qrant müsabiqəsinin qalibi olaraq Türkiyənin Antalya şəhərində keçirilən seminarda, 2015-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən "Borlaug Global Rust Initiative” Beynəlxalq konsorsiumun seminarında elmi iş təqdim etmişəm. 2016-cı ildə ABŞ Dövlət Təhsil və Mədəniyyət işləri üzrə Büronun elan etdiyi İVLP proqramının qalibi kimi elmin inkişafı və populyarlaşdırılması ilə yaxından tanışlıq məqsədilə Nyu York, Klivlənd və Mayami şəhərlərində ezamiyyətdə olmuşam.

Bu ilin iyun-sentyabr aylarında "AMEA alimlərinin Avropada postdoktoral elmi tədqiqatlarının tamamlanması” üzrə keçirilən müsabiqənin qalibi kimi 3 ay müddətində Almaniyanın Bonn Universitetinin Bitkiçilik Elmi və Resurslarının Mühafizəsi İnstitutunda (INRES) Bitkilərin genetikası və biotexnologiyası departamentində elmi ezamiyyətdə olmuşam. Tədqiqatlar zamanı elm üçün maraqlı nəticələr əldə etmişəm.

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən elm və təhsilin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmiş AMEA-nın əməkdaşlarından biri də mən olmuşam.

Ölkə rəhbərinin elmə diqqəti və biz gənclərə olan qayğısının nəticəsidir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasında uğurlu elmi fəaliyyəti olan gənc alimlər çoxdur. Ölkədə həyata keçirilən islahatların bəhrəsidir ki, artıq gənc alimlər AMEA-nın elmi-ictimai fəaliyyətində aktiv iştirak edir, onların elmmetrik göstəriciləri yüksəlir, dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında dərc olunan məqalələrinin sayı gündən-günə artır. AMEA-da gənc alimlərin dünya elminin inkişaf tendensiyaları nəzərə alınmaqla, müasir multidissiplinar tədqiqatlar aparmaları üçün hər cür şərait yaradılır. Biz də göstərilən bu etimadları doğrultmaqdan ötrü vətənimizin gələcəyi üçün, elmimiz üçün var qüvvəmizlə çalışırıq. Akademik elmimizin gənc əsgərləri olaraq hər zaman dövlətimizin yanındayıq.

Samirə RÜSTƏMOVA,

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi,

biologiya üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video