Hipertoniya arterial təzyiqin davamlı yüksəlməsi ilə xarakterizə olunan və ciddi tibbi nəzarət tələb edən xəstəlikdir. Təzyiqin nəzarətdə saxlanılması ürək-damar sisteminin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Xalq təbabətində yüksək arterial təzyiq zamanı müxtəlif bitkilərdən istifadə olunsa da, onların təsiri və təhlükəsizliyi xüsusi diqqət tələb edir.
AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayevanın “Xalq təbabətinin unudulmuş reseptləri” kitabında hipertoniyada istifadə edilən bitkilər, onların xüsusiyyətləri və hazırlanma qaydaları haqqında məlumat verilir.
Kitabda bildirilir ki, xalq təbabətində sarımsaq arterial təzyiqin aşağı salınmasına, damarların genişlənməsinə və sidik ifrazının artmasına təsiri ilə əlaqədar istifadə olunur. Xurma şirəsi də yüksək arterial təzyiq zamanı tətbiq edilən vasitələr sırasında qeyd edilir. Ağ öksəotu, çəmən ətirşahı və ləvəndyarpaq oruq kimi bitkilərdən hazırlanan qarışıqların xalq təbabətində istifadəsi, eləcə də onların dəmlənmə qaydaları təsvir olunur.
Arterial təzyiqlə bağlı xalq təbabəti üsullarında Şərq başlıqotu da xatırlanır. Bununla yanaşı, onun istifadəsi zamanı müəyyən məhdudiyyətlərin olduğu, xüsusilə şəkərli diabet və xroniki qəbizlikdən əziyyət çəkən şəxslərin ehtiyatlı davranmalı olduqları vurğulanır.
Dar yarpaqlı iydənin meyvələrindən hazırlanan həlim də xalq təbabətində istifadə olunan vasitələrdəndir. Kitabda meyvələrin qaynar suda hazırlanma üsulu göstərilir, qəbizliyə meyilli şəxslərə isə bu vasitədən istifadənin məsləhət görülmədiyi bildirilir.
Ağacvari şərəngənin başgicəllənmə ilə müşayiət olunan hipertoniya zamanı istifadəsindən də bəhs edilir. Bitkinin meyvələrindən həlim və spirtli dəmləmə hazırlanması qaydaları təqdim olunur. Yapon saforası və dərman xəşəmbülünün çiçəklərindən hazırlanan sulu dəmləmələrin arterial təzyiqə mümkün təsiri və damar divarları ilə əlaqəli xüsusiyyətləri də diqqətə çatdırılır. Qanın laxtalanma göstəriciləri yüksək olan şəxslərin bu bitkilərdən istifadə edərkən ehtiyatlı olmaları qeyd edilir.
Nəşrdə yüksək arterial təzyiq zamanı qara qovağın tumurcuqlarından və adi palıdın qabıq və yarpaqlarından istifadə ilə bağlı xalq təbabəti üsulları da yer alır. Qovaq tumurcuqlarından spirtli dəmləmənin hazırlanması və palıd yarpaqlarının qoxusundan istifadə bu üsullar sırasındadır. Bundan başqa, yapon saforası, çəmən ətirşahı, meşə poruğu və ağ xəşəmbüldən ibarət bitki qarışığının hazırlanması qaydası da təsvir edilir.
Qeyd edək ki, xalq təbabətində müəyyən bitkilərin istifadəsi onların hipertoniyanın müalicəsində effektivliyinin və təhlükəsizliyinin elmi cəhətdən təsdiqləndiyi anlamına gəlmir. Bəzi bitkilər arterial təzyiqə təsir göstərə, təyin olunmuş dərmanlarla qarşılıqlı təsirə girə və əlavə fəsadlara səbəb ola bilər. Buna görə hipertoniya xəstələri həkim məsləhəti olmadan bitki mənşəli vasitələrdən istifadə etməməli, təyin olunmuş dərmanların qəbulunu dayandırmamalıdırlar.