Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Daşkəsəndə vətəndaşları qəbul edib

16 Aprel 2018
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova aprelin 16-da Daşkəsən şəhərində vətəndaşları qəbul edib. Rayon Mədəniyyət Evində keçirilən qəbulda Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Qəbulda komitə sədri vətəndaşların fikir və təkliflərini dinləyib. Vətəndaşlar əsasən qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq, boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı ilə əlaqədar müraciətlər ünvanlayıblar.

Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb. Müraciətlərin bir çoxu elə yerindəcə həll edilib, bəzi məsələlər isə ətraflı araşdırılmaq üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbula gələn vətəndaşlar yaradılan şəraitdən razılıq edib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.