Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xocalı faciəsi azərbaycanlılara qarşı törədilən soyqırımlarının ən qanlı səhifəsidir

24 Fevral 2018
 

Əli HƏSƏNOV,

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor

 

Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur.

 

XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti

 

Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişdir. XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətlərini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar.
1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdundan qaçqın və məcburi köçkün düşmüşdür. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə Çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə aparmışlar.
Bu siyasətin davamı olaraq, erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvəllərindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur. 1918-ci il martın 31-də və aprelin ilk günlərində erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşlər. Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud deyil.
Ümumilikdə 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.
Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-ə daxil etməyə nail oldular. Bununla da Naxçıvanın Azərbaycandan ayrı salınması və quru əlaqələrin kəsilməsi baş verdi. Sonrakı dövrlərdə isə ermənilər Ermənistana verilmiş Zəngəzurda və digər ərazilərdə də tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər. Bu siyasətin davamı olaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi. Bu qərar Sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi. Halbuki keçmiş SSRİ məkanındakı digər respublikalarda Qarabağda yaşayan ermənilərdən daha çox erməni yaşayırdı. Bundan başqa, Ermənistanda tarixən yaşayan azərbaycanlıların sayının Qarabağ ermənilərindən dəfələrlə çox olmasına baxmayaraq, Azərbaycan onlar üçün Ermənistandan milli dövlət qurumu yaradılmasını heç vaxt tələb etməmişdi.
Nəticədə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə bölünmüş və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Eyni zamanda, bu muxtariyyət statusu Dağlıq Qarabağda tarixən yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan və onların hüquqları kobudcasına pozularaq həyata keçirilmişdi.
Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə olmuş və elə o vaxtdan da Dağlıq Qarabağ termini meydana çıxmışdır. Muxtariyyətin yaradılması haqqında qəbul edilən dekretdə vilayət mərkəzinin Xankəndi olması göstərilsə də, az sonra - 1923-cü il sentyabrın 18-də Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilib S.Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.
Sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir. Lakin bunun əvəzində 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür.

 

XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü

 

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Hər dəfə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır.
1988-ci il hadisələri başlananda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda davamlı tətillər keçirilir, müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi. Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların Mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olduğunu göstərdi.
Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı.
Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında konstitusiyaya zidd qərar qəbul etdi. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı.
Bu illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. Təəssüf ki, hadisələrin başlanğıcında erməni separatçılarının qarşısının alınmaması vəziyyəti get-gedə kəskinləşdirirdi. Nəticədə Ermənistandan göndərilən silahlı dəstələr hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törətdilər ki, bu da münaqişənin böyüyüb irimiqyaslı müharibəyə çevrilməsinə səbəb oldu.
1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Həmin ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.
1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, 33 nəfər ermənilər tərəfindən güllələnmiş, həmçinin öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsir götürülənlərdən 68 nəfəri amansızlıqla öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilmişdir. Azad olunanların 18 nəfəri aldıqları sağalmaz yaralardan sonra vəfat etmişdir. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxarılması, ac-susuz saxlanılması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi. Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdı. Ümumilikdə əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdi.

 

Xocalı soyqırımı - XX əsrin sonunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən ağır cinayətdir

 

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adları çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndidən 12 km şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi.
Bununla yanaşı, xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı (ərazisi: 926 kv.km) ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi.
Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən soyqırımının ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini dağıtmışlar.
Hələ faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalı, faktiki olaraq, mühasirəyə alınmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi də kəsilmişdi. Beləliklə, artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Yəni 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca Yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və digər strateji əhəmiyyətə malik azərbaycanlılar yaşayan kəndlər ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyada döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla hücum edərək Xocalı şəhərini yerlə yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər eybəcər və qorxunc şəklə salınanlar çoxluq təşkil edirdi.
Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi.
Bunların içərisində
- 8 ailə tamamilə məhv
edilmişdir;
- 56 insan işgəncə ilə
öldürülmüşdür;
- 27 ailənin yalnız 1 üzvü
qalmışdır;
- 25 uşaq hər iki valideynini itirmişdir;
- 130 uşaq valideynlərindən birini itirmişdir;
- 230 ailə öz başçısını
itirmişdir;
- 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-büluğa çatmamışlardır);
- 1275 insan girov
götürülmüşdür;
- 1165 insan girovluqdan azad edilmişdir;
- 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.
Qüvvələr nisbəti qeyri-bərabər olan döyüşlərdən sonra Xocalıda olan özünümüdafiə qüvvələri son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Bunun özü də o dövrdə şəhəri müdafiə edən insanların göstərdiyi ən böyük qəhrəmanlıq nümunəsi idi. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin, demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyindən xilas ola bilmədi.
İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevgeni Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və giziri iştirak etmişdir.
Bununla yanaşı, erməni-rus birləşmiş silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığı hadisədən az sonra dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində də öz əksini tapmışdır. Erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunan “Valer aktuel” jurnalı 14 mart 1992-ci il sayında ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında məlumat verərək yazırdı: “Bu “muxtar region”da erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə birlikdə ən müasir hərbi texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğın törətmişlər”.
Bundan əlavə, Fransanın “Le Mond” qəzetinin 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqında deyilirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”.
Ermənilərin törətdikləri vəhşilikləri sağ qalmış xocalılıların dili ilə İngiltərənin “The Sunday Times” qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: “Erməni əsgərləri yüzlərlə ailəni qırdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə, əri, qaynı və kürəkəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”. Bundan başqa, Ermənistan hərbi qüvvələrinin müasir hərbi texnika ilə Xocalıya genişmiqyaslı hücumu, eləcə də yüzlərlə ailəni məhv etməsi haqqında 1992-ci il fevralın 28-də “Washington Post” (ABŞ), martın 8-də “The Sunday Times” (London) qəzetlərinin və martın 25-də “Krua l`Eveneman” (Paris) jurnalının və bir sıra dövri nəşrlərin səhifələrində də əsaslı faktlar vardır.
Hətta Rusiya mətbuatında da erməni qəddarlığını sübut edən məqalələr yer almışdır. Belə ki, “İzvestiya” qəzetinin 1992-ci il 13 mart tarixli sayında rus hərbçisinin dili ilə aşağıdakı məlumat öz əksini tapmışdı: “Mayor Leonid Kravets: “Mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü”. Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən Rusiyanın “Memorial” Hüquq Müdafiə Mərkəzinin məlumatında hətta dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyitinin gətirildiyi, onlarca meyitin təhqirə məruz qalması faktının aşkar edildiyi göstərilmişdi. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdi ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Bundan əlavə, İngiltərənin “Financial Times” qəzeti 1992-ci il 14 mart tarixli sayında rus ordusunun tərkibində ermənilərin olması haqqında yazırdı: “General Polyakov bildirdi ki, 366-cı alaydan olan 103 erməni hərbi qulluqçusu Dağlıq Qarabağda qalmışdır”.
Bununla yanaşı, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının Xankəndidən çıxarılması zamanı 25 tank, 87 zirehli döyüş maşını, 28 piyada döyüş maşını, 45 artilleriya top sistemi ermənilərə qanunsuz verilmişdi. Belə ki, Xocalıya hücum zamanı 366-cı motoatıcı alayın 3-cü batalyonunda onlarca erməni zabiti və gizirinin iştirak etməsi istintaqla da sübuta yetirilmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürülmüş, martın 10-da isə həmin alay ləğv edilərək, şəxsi heyəti və hərbi texnikası başqa hərbi hissələrə paylanmışdı.
Həmin silahlı birləşmələr Xocalı sakinlərinə qarşı soyqırımı törədərkən 111 nəfəri Xocalıda mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş Xocalı sakinlərini təqib edərək 16 nəfəri Kətik meşəsində, 130 nəfəri Naxçıvanik yolunda, 23 nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz kəndi yaxınlığında, 8 nəfəri Şelli istiqamətində, 6 nəfəri Əsgəran asfalt yolunun 86-cı kilometrində və s. yerlərdə, əsir götürülənlərdən 18 nəfərini isə Əsgəran Rayon Daxili İşlər Şöbəsində işgəncə verərək xüsusi amansızlıqla qətlə yetirmişlər. Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir.
Bu təcavüz zamanı Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilərək, onların bir qismi öldürülmüş və şikəst edilmişdir. 1988-ci ildən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistan ərazisində saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməklə bir qisminin öldürülməsi və şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar prokurorluq və digər hüquq mühafizə orqanları tərəfindən cinayət işləri başlanmış, istintaq aparılmışdır.
İstintaqla müəyyən edilmişdir ki, Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin Xankəndidə dislokasiya olunmuş 366-cı alayının hərbçiləri ilə birlikdə törətdikləri bu əməldə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 1948-ci il 9 dekabr tarixli Konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi vardır.
Həmçinin cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı birləşmələr və keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən beynəlxalq hüquq normalarına da riayət edilməmişdir. Xüsusilə 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, təhqiramiz və alçaldıcı tərzdə rəftar edilməsi kimi hərəkətlərin qadağan olunması barədə tələblər kobud surətdə pozulmuşdur.
Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş 38 nəfər - 366-cı alayın hərbi qulluqçuları və digər şəxslərin Azərbaycan Respublikası CM-in soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan CM-in 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılmış, barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilmiş və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilmişdir.
İstintaq zamanı Xocalı soyqırımı ilə bağlı 2213 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş, 800-dən artıq ekspertiza keçirilmişdir. 366-cı alayın həlak olmuş və yaralanmış hərbi qulluqçularının siyahısının təqdim edilməsi, hərbi texnikasının ermənilər tərəfindən ələ keçirilməsi və ya onlara verilməsi, habelə azərbaycanlıların yaşayış məntəqələrinin 366-cı alaya məxsus hərbi texnika ilə atəşə tutulması ilə əlaqədar məlumatların alınması və digər məsələlərlə bağlı Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstan respublikaları baş prokurorluqlarına hüquqi yardım göstərilməsi barədə təqdimatlar göndərilmişdir.
Xocalı soyqırımının törədilməsində iştirak etmiş 366-cı alayın 2-ci batalyonunun komandiri olmuş mayor Seyran Ohanyanın (2016-cı ilin oktyabrına qədər Ermənistan Respublikasının müdafiə naziri vəzifəsində işləmiş), 366-cı alayın 3-cü batalyonunun komandiri olmuş Yevgeni Nabokixinin və qeyrilərinin iştiraklarını sübuta yetirən materialların toplanması və Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxslər kimi cəlb olunmaları, eləcə də əsir və girovlarla amansız rəftar edərək onlara işgəncələr verməklə qəddarlıqla qətlə yetirmiş, habelə Meşəlidə, Qaradağlıda, Bağanıs-Ayrımda və digər yaşayış məntəqələrində soyqırımı, həmçinin Azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi surətdə didərgin salınaraq deportasiya etməklə xüsusilə ağır cinayətlər törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması

 

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.
Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Eləcə də Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, həmçinin bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir.
2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün həmin il fevralın 19-26-da Türkiyənin İstanbul və daha 25 vilayətində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirilmişdir. Bundan başqa, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin 20-ci ildönümü 2012-ci ildə dünyanın 100-dən artıq nöqtəsində qeyd olunmuşdur. Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Əməkdaşlıq Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu (İƏT GF) çərçivəsində uğurla davam edir.

 

(Ardı var)