30 Aprel 2024 08:00
10116
SİYASƏT
A- A+

Tükdən nazik siyasət

 

Siyasət həm də dövlətlərarası münasibətlərin özünəməxsus formasıdır. 
Özü bir elm olsa da, tərifi, şərhi çoxdur.
Siyasət diplomatik yollar və vasitələrlə, müxtəlif növ münasibətlərlə gerçəyə çevrilir.
* Siyasət mübahisəli məsələləri danışıqlar yolu ilə həll etməyə imkan yaradır.
* Siyasətlə toqquşmaların və qanlı müharibələrin qarşısını almaq mümkün olur.
* Siyasətlə düşmən müttəfiqə, əməkdaşa çevrilə bilir. 
Bütün hallarda siyasət iqtisadiyyata, dövləti maraqların təmininə xidmət edir.
Amma siyasət çox incə, həssas və zərif məsələdir.
Hər rəhbərin, hər liderin bacardığı iş deyil!

Səhv edə, "qaş düzəltdiyin yerdə vurub göz də çıxara" bilərsən.
Qədim türk misalında siyasətin mahiyyəti daha düzgün ehtiva olunub:
"Siyasət tükdən nazik, qılıncdan itidir!"

Yeni müstəqillik qazanan, müharibə vəziyyətində olan dövlətlər üçün bu fikir daha böyük aktuallıq kəsb edir.
***
Müstəqilliyin ilk illərində xarici siyasət sahəsində Azərbaycan çox ciddi səhvlərə yol verdi.
A.Mütəllibovun dövründə keçmiş SSRİ-nin dağılması prosesi sürətlənərkən onun saxlanılması ilə bağlı referendum keçirildi...
AXC-Müsavat iqtidarının naşılığı isə bu sahədə özünün pik nöqtəsinə çatdı.

Gah "Yakutiyaya bayraq sancdılar", gah Rusiyanın Azərbaycandakı səfirini hədələdilər, gah da sovet ordusuna məxsus hərbi hissələrin qarşısında piketlər qurdular, etiraz aksiyaları keçirdilər.
Halbuki Moskvanın qəbul etdiyi qərara görə, həmin hərbi hissələr silah-sursatlarını və bütün texnikalarını yerli hakimiyyətə təhvil verərək respublikanı tərk etməli idilər.
AXC-Müsavat iqtidarının səriştəsiz hərəkətlərinə görə hərbi hissələrdəki silah-sursat, ayaqda olan texnika gizlincə aparıldı, yerdə qalan yararsız əmlak Azərbaycana verildi.
Nəticədə sovetin 366-cı motoatıcı alayı hesabına hərbi cəhətdən daha da gücləndirilən Ermənistanın qarşısında Azərbaycan əliyalın qaldı.
Yalnız Ulu Öndər Heydər Əliyev Naxçıvana rəhbərlik edərkən oradakı hərbi hissənin canlı qüvvəsinin silah-sursatı təhvil verməklə özlərinin dinc şəkildə muxtar respublikanı tərk etmələri təmin olundu.
Bu, Naxçıvanın müdafiəsində və erməni işğalından qorunmasında mühüm rol oynadı!
Xalqın arzu və tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətin xarici siyasətinin elmi əsaslar və mövcud vəziyyətə uyğun qurulmasına da dəyərli töhfələrini verdi.
***
İlham Əliyev ixtisasca diplomatdır - MDBMİ-ni fərqlənmə diplomu ilə bitirib.
Hətta sonradan həmin ali təhsil ocağında dərs deyərək yeni diplomatların hazırlanmasına öz töhfəsini verib.
Siyasətçi kimi isə əsl dərsini əyani şəkildə Ulu Öndər Heydər Əliyevdən alıb.
Azərbaycana rəhbərliyinin 20 ili ərzində, xüsusən son 5 ildə İlham Əliyev özünü dünya səviyyəli siyasətçi, beynəlxalq miqyasda qəbul olunmuş xüsusi çəkisi, yeri və sözü olan lider kimi təsdiq etdi!
Hətta bəzən digər dövlətlərin rəhbərləri kömək üçün, məsləhət almaqdan ötrü ona müraciət edirlər.
İlham Əliyev öz siyasətini açıq aparır, düz aparır, təmiz aparır.
Sözü ilə əməli daim üst-üstə düşür.
Artıq bütün dünya siyasətçiləri də bilirlər ki, Azərbaycan Prezidenti havayı söz demir, dediyini hökmən edir!
***
Rusiya-Azərbaycan münasibətləri qədim tarixə, xüsusi çalarlara malikdir.
Azərbaycan 70 il Rusiyanın rəhbərlik etdiyi keçmiş SSRİ-nin tərkibində olub.
Həmin dövr Rusiya-Azərbaycan münasibətlərində müxtəlif "qabarma və çəkilmə"lər baş verib.
Əvvəla, Rusiya qədimdən Azərbaycanda mütərəqqi ictimai-siyasi proseslərin, qabaqcıl ictimai fikrin, maarifçi-demokrat hərəkatın inkişafına müsbət təsir göstərib.
Azərbaycanın bir sıra görkəmli simaları Rusiyada təhsil almış, müxtəlif ixtisaslara yiyələnərək respublikamızda fəaliyyətləri dövründə vətənə böyük fayda vermişlər.
Bu da danılmazdır ki, Azərbaycanda elmin, mədəniyyətin, texnikanın, müxtəlif sahələrin inkişafına Rusiyanın böyük təsiri olmuşdur.
Eyni zamanda Rusiya Azərbaycanı daim özünün "kiçik qardaşı" hesab etmiş və burada, əsasən, öz maraqlarını təmin etməyə çalışmışdır.
Bu nəhəng dövlət daim imperiyasevər siyasət yürütmüşdür.
SSRİ-nin iflası və Qarabağ münaqişəsi qızışdırılandan sonra isə üzdə özünü tərəfsiz və obyektiv göstərməyə çalışsa da, daim erməni mövqeyini müdafiə etmiş, Ermənistanı dəstəkləmişdir.
Bu gün dünyada və Cənubi Qafqazda yeni reallıqlar və yeni şərait yaranıb.
İmperiya ambisiyalarından əl çəkməli olan Rusiya bölgədəki siyasətini yeni şəraitə uyğunlaşdırmaq məcburiyyətindədir.
Ukrayna müharibəsi bataqlığına cəlb olunan, sanksiyalara məruz qalan Rusiya ABŞ, Fransa və Avropa İttifaqının birgə səyi və əlbir fəaliyyəti ilə Cənubi Qafqazdan çıxarıla biləcəyini yaxşı anlayır.
Yaxın "dostu və qardaşı" Ermənistan isə üzünü Qərbə çevirərək açıq şəkildə Rusiyadan uzaqlaşmaq yolunu tutub.
Bölgədəki real vəziyyətə və qüvvələr nisbətinə, Gürcüstan və Ermənistanla münasibətlərinə, perspektivə ayıq nəzərlərlə baxan Rusiya Cənubi Qafqazda qalmasının yeganə yolunun Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərindən keçdiyini gözəl başa düşür.
Odur ki, ən doğru və səmərəli addımı atır.

Azərbaycanla səmimi münasibətlərinə kölgə salan, daha çox hayların marağına xidmət etmiş sülhməramlı kontingentinin qarşılıqlı razılıq əsasında, vaxtından da qabaq çıxarılmasına qərar verib.
Bu, həm də onun xəyanət yolunu tutan Ermənistana ən böyük "hədiyyəsi" də sayıla bilər.
Rusiya bu addımı ilə ABŞ və Avropa İttifaqının Ermənistanla bağlı yeni məkrli planlarına da zərbə vurmuş olur. 

***
Son günlər Rusiya, Azərbaycan və Ermənistan münasibətlərində gözlənilən və gözlənilməyən üç mühüm hadisə baş verdi.
İlham Əliyevin uzaqgörənlik, müdriklik və inadla irəli sürdüyü siyasət öz məntiqi nəticəsini verdi!
Rusiyanın sülhməramlı kontingenti vaxtından xeyli qabaq Qarabağ ərazisini tərk etdi!

Xatırladırıq ki, Rusiyanın sülhməramlı qüvvələri 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində beş illiyinə yerləşdirilmişdi və hətta müddəti daha beş il də artırıla bilərdi.
Artırılmadı və heç beş ilin tamamı da gözlənilmədi!
Rusiya və Azərbaycan rəhbərliyinin yüksəksəviyyəli razılığına əsasən, sülhməramlılar yığışaraq Qarabağı sakitcə tərk etdilər.

Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisini tərk etdikdən sonra Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırdı.
Birgə Monitorinq Mərkəzində xidmət edənlər öz vətənlərinə yola salındılar.
Onların gedəcəyi şərtlər üçtərəfli Bəyanatla tənzimlənirdi.
Necə deyərlər, olmalıydı və oldu da!
Qərbi, ermənipərəstləri razı salmayan, Azərbaycanı isə tam qane edən bu addım niyə həm də bəzilərini təəccübləndirib?
Antiazərbaycançı şəbəkəyə xidmət edən "5-ci kolon" üzvləri daxil bir çoxu buna inanmır, "Rusiya sülhməramlı kontingenti girdiyi ərazidən xoşluqla çıxmır" - deyə onların Qarabağda əbədi qalacaqlarını söyləyir, hətta "Rusiya özünün Ermənistan ərazisindəki hərbi bazasını da Qarabağa köçürəcəkdir" - deyə münəccimlik edirdi.
Buna misal olaraq Moldovanı, Gürcüstanı göstərirdilər.
"Harasınısa kəsməyə", "nəsə deməyə" söz verən xəyanətkarların sevinc dolu "proqnozları" boşa çıxdı!
Azərbaycan-Rusiya münasibətlərini Heydər Əliyevin qoyduğu prinsiplər əsasında uğurla davam və inkişaf etdirən cənab İlham Əliyev növbəti dəfə bütün dünyanı yaxşı mənada təəccübləndirdi.
* Torpaqları işğalçılardan təmizləyən;
* Ərazi bütövlüyünün bərpasına nail olan;
* Dövlət suverenliyini və Konstitusiya əsaslarını təmin edən;
* Ən nəhayət, Qarabağı qeyri-qanuni silahlı birləşmələrdən, terrorçulardan və separatçılardan tamamilə təmizləyən Azərbaycan Prezidenti daha heç bir sülhməramlıya ehtiyac qalmadığını da sübuta yetirdi.
Bunu siyasətlə, diplomatik yolla, Rusiya-Azərbaycan münasibətlərinə və əlaqələrinə heç bir xələl gətirmədən, hətta tarixi əməkdaşlığı daha da inkişaf etdirməklə həyata keçirdi.
Beləliklə, Cənubi Qafqazı daimi münaqişə ocağı kimi görmək istəyənlərin, hətta burada müharibə tonqalını qalamağa çalışanların arzu və niyyətlərini ürəklərində qoydu!
Faydalı təşəbbüslər irəli sürməklə, iştirakçıların hər birinin maraqlarını təmin edən addımlar atmaqla, əməkdaşlığın qarşıdurma və münaqişədən daha faydalı olduğunu göstərməklə hamını buna inandırdı.
Əsl siyasət də, diplomatiya da elə budur!
***
Üçüncü gözlənilən və gözlənilməyən hadisə isə Ermənistanın Azərbaycana məxsus dörd kəndin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının danışıqlar yolu ilə Azərbaycana qaytarılmasına qərar verilməsi oldu!
* İndiyədək meydana girmiş bütün vasitəçilərin ciddi cəhdinə;
* Fransanın Ermənistanı sürətlə silahlandırmasına;
* Avropa İttifaqının casus şəbəkəsinin "xüsusi status"la Ermənistan ərazisinə yeridilməsinə və fasiləsiz olaraq durbinlə Azərbaycanı müşahidə etməsinə;
* ABŞ və Avropa İttifaqının Ermənistana təzəcə maliyyə yardımı ayırmasına və hərbi cəhətdən müdafiə edəcəklərinə söz vermələrinə baxmayaraq, müharibədən sonrakı üç ildən çox müddətdə bütün vasitə və üsullarla sülhdən yayınan Ermənistan Azərbaycana məxsus kəndləri boşaldacağını vəd etdi və həm də tezliklə delimitasiyaya başlanılacağını bildirdi.
Qarşılıqlı razılıq əsasında ilk sərhəd dirəyi də basdırıldı!
Sonda bu proseslərin sülh müqaviləsinin imzalanacağı ilə başa çatacağı gözləniləndir.
Bütün bunlar Ermənistanla Azərbaycanın vasitəçilərsiz, birbaşa danışıqları nəticəsində baş verdi.
Nəhayət, Ermənistan başa düşdü ki, qarşıdurma, sürətlə silahlanma, hərb yolu ilə heç nəyə nail ola bilməyəcəkdir!
Bunu İlham Əliyevin qabaqlayıcı addımları və qətiyyətli, heç bir təsir və təzyiq cəhdi qarşısında geri çəkilməyən mövqeyi təmin etdi!
BƏLİ: 
* Ermənistan özgəyə məxsus ərazilərdən çıxmalıdır!
* Bunu xoşluqla, üçtərəfli Bəyanatın bəndlərini yerinə yetirməklə etməlidir!
* Bu zaman nə ABŞ-yə, nə Fransaya, nə Avropa İttifaqına, nə də NATO-ya güvənməlidir!
* Güvənənlərin aqibətinin necə olduğunu unutmamalıdır!
* Dövlətinin və xalqının gələcəyini düşünməli, Azərbaycanın və Türkiyənin əməkdaşlıq təkliflərini lazımınca qiymətləndirməlidir!
Hazırda Cənubi Qafqazda İlham Əliyevin yaratdığı yeni reallıqlar həm də bunu tələb edir!
Azərbaycan Prezidentinin göstərdiyi yol, yürütdüyü siyasət bölgədəkilərin də maraqlarını təmin edir, üstəlik, xoş niyyətlə bura gələnlərin, Orta dəhlizdən yararlanmaq istəyənlərin də hər biri üçün səmərəli və arzuolunandır.
Vaxt itirmək olmaz!
İnsanlar və dövlətlər müharibə və qarşıdurmadan yox, sülh və əməkdaşlıqdan fayda və rahatlıq tapırlar.
Azərbaycan Prezidentinin təklif etdikləri də bunlardır!

***
Biz növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevin "nəyi necə, nə vaxt etmək" məharətinin şahidi olduq:
* İlham Əliyev 44 günlük Zəfər müharibəsi üçün çox əlverişli məqam seçdi!
ABŞ-nin başı uğursuz prezident seçkilərindən sonra Kapitoliyə qanlı hücumun araşdırılmasına, Fransanın başı "sarı jiletli"lərin Paris küçələrindəki aramsız və dağıdıcı kütləvi aksiyalarının qarşısının alınmasına qarışmış, dünya isə COVID-19-dan qorunmaq üçün qapanaraq qınına çəkilmişdi.
* Laçın dəhlizinə nəzarət-buraxılış postu qoyulması və Azərbaycanın öz ərazi bütövlüyünün bərpası da sakit və uğurlu əməliyyatla başa çatdı.
Ekofəalların yaratdığı imkan, separatçıların faydalı qazıntı mədənlərinə baxışa mane olması və sülhməramlı qüvvələrin onlara dəstək verərək passiv, seyrçi mövqe sərgiləməsi şər və xəyanət yolunun bağlanması ilə yekunlaşdı.
* Lokal antiterror tədbirləri isə ən yüksək peşəkarlıq və ildırım sürəti ilə keçirildi.
Əməliyyatın cəmi 23 saat çəkməsi, mülki əhaliyə və obyektlərə heç bir xətər toxundurulmaması, qeyri-qanuni silahlı birləşmələrin və terrorçu qrupların dəqiq zərbələr və uğurlu əməliyyatla tərk-silah edilməsi onların silah-sursatlarını ataraq qaçmaları ilə nəticələndi.
Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərək qanunlarımız əsasında yaşamaq istəmədikləri üçün dinməz-söyləməz, könüllü şəkildə ərazini tərk etdilər.
Beləliklə, Rusiyanın sülhməramlı kontingentinin bütün günü Azərbaycan ərazisində boş-bekar gəzməsi mənasız və əhəmiyyətsiz hala çevrildi.
Ermənistanın Rusiyaya qarşı satqın mövqeyə keçməsi, İranın aşkar və gizli şəkildə Ermənistanı dəstəkləməsi və regiona kənar silahlı qüvvələrin gəlişinə susqunluq göstərməsi, ABŞ, Avropa İttifaqı, o cümlədən Fransanın Cənubi Qafqazı ikinci Ukraynaya çevirmək niyyətləri və bu yolda atdıqları konkret addımlar Rusiyanı bölgədə duruş gətirmək üçün özünə düzgün tərəfdaşlar seçməyə və ağıllı addımlar atmağa sövq etdi.
Əslində, bütün bunlar İlham Əliyevin uzaqgörən və hesablanmış addımlarının bəhrəsi, qılıncdan iti, tükdən nazik siyasətinin daha bir uğurudur!
Bəli, bu gün Rusiya ilə Azərbaycanın səmərəli əməkdaşlığı keçmiş SSRİ-nin digər dövlətlərinə də nümunə sayıla bilər.
Ağıllı, hesablanmış addımlar atmaqla, məqamında zəruri işləri görməklə, əməkdaşlıq və dostluq etdiyin dövlətlərin də mənafeyini təmin etmək mümkündür.
Dünya daim dəyişir, yenilənir və inkişaf edir.
Lakin bu dəyişmələr heç də həmişə yaxşılığa, müsbətə doğru olmur.
Bütün bunları irəlicədən görmək, nəzərə almaq və səhvsiz qərarlar qəbul etmək hər siyasi xadimin işi deyil!

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bütün bunları bacarır və əməli fəaliyyəti ilə nümunə kimi ortaya qoyur.

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video