Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İraq ordusu Kərkükdə kürdlərə qarşı əməliyyata başladı

13 Oktyabr 2017
İraq ordusu Kərkük vilayətində kürdlərə qarşı hərbi əməliyyata başlamışdır. “Frans Press” agentliyi hərbi mənbələrə istinadən xəbər verir ki, Bağdad üç il əvvəl itirdiyi mövqeləri geri qaytarmaq niyyətindədir.

İraq kürd muxtariyyətinin hakimiyyət orqanları Kərkük şəhərinə 6 min döyüşçü göndərmişdir. İraq Kürdüstanının vitse-prezidenti Kosrat Rəsul bildirmişdir ki, İraq ordusu Kərkük ətrafında qoşun toplayıb şəhərə hücum edə bilər. Onun fikrincə, bu, İraq qoşunları üçün asan olmayacaq.

Bir müddət əvvəl kürd muxtariyyətinin rəhbərliyi silahlı birləşmələrini döyüş hazırlığı vəziyyətinə gətirmişdir. Muxtariyyətin nümayəndəsi bildirmişdir ki, kürdlər nəzarət etdiyi mövqeləri, nəyin bahasına olursa-olsun, müdafiə etmək niyyətindədir.

Qeyd edək ki, neftlə zəngin Kərkük vilayəti İraq kürd muxtariyyətinin tərkibinə daxil deyil, muxtariyyətlə mərkəzi hökumət arasında mübahisəli ərazidir. İŞİD terrorçuları qovulduqdan sonra kürd silahlı birləşmələri bu bölgənin əksər hissəsinə nəzarət edir.