Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mövsümi xəstəliklər: onlardan necə qorunmalı?

06 Sentyabr 2017
Sentyabrın 6-da Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində (KTM) “Əhali mövsümi xəstəliklərdən özünü necə qorumalıdır?” mövzusunda brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva tədbirdə çıxış edib. O qeyd edib ki, payız mövsümündə soyuqdəymə halları çoxalır. İlin bu fəslində kəskin respirator xəstəlikləri və qrip geniş yayılır.

Onun sözlərinə görə, risk qrupuna daxil olanların əksəriyyəti 65 yaşdan yuxarı insanlar və bir yaşa qədər uşaqlardır. Risk qrupuna həmçinin, tənəffüs yollarının xəstəliklərindən və digər xroniki xəstəliklərdən əziyyət çəkənlər, habelə hamilə qadınlar da daxildir. R.Əliyeva deyib: “Həkim zökəmin, öskürəyin və digər soyuqdəymə təzahürlərinin səbəbini dəqiq bilməyəndə “kəskin respirator xəstəliyi” diaqnozu qoyur. Virus infeksiyaları və gənziyin xroniki infeksiyalarının kəskinləşməsi də bu qrupa aiddir. Əgər hərarətiniz çox yüksəkdirsə, ehtimal ki, bu, qripin əlamətidir. Soyuqdəymə nadir hallarda yüksək hərarətlə müşayiət olunur.

Mövsümi xəstəliklərə tutulmamaq üçün uzun müddət soyuq havada qalmayın. Bundan əlavə, tərkibində vitaminlər çox olan qida qəbul etmək lazımdır. Fəal həyat tərzi də zəruridir. İnsanların toplaşdığı yerlərə getmək məsləhət görülmür”.

Səhiyyə Nazirliyinin baş terapevti, professor Yaqub Qurbanov qeyd edib ki, bəzi mövsümi xəstəliklər atmosfer təzyiqinin kəskin düşməsi ilə bağlıdır. Baş terapevt daha sonra deyib: “Bu, meteohəssas insanlara daha çox aiddir. Məlum olduğu kimi, meteohəssaslıq meteoroloji amillərin (hava şəraitinin) təsirinə orqanizmin reaksiyasıdır. Geniş yayılmış bu hal əsasən insan üçün qeyri-adi sayılan iqlim şəraitində baş verir. Belə reaksiyaların fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, insanların xeyli hissəsində onlar meteoroloji şəraitin dəyişməsi ilə eyni vaxtda və ya bu hadisəni bir qədər qabaqlayaraq müşahidə olunur. Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda daha çox müşahidə olunan meteohəssaslıq ta qədim zamanlardan təbiətin bu anlaşılmaz hadisəsi qarşısında insanları heyrətləndirir, hətta onları qorxuya salırdı.

Havanın rütubəti də atmosferdə oksigen sıxlığının saxlanmasında həlledici rol oynayır, istilik mübadiləsinə və tər ifrazına təsir göstərir. Əksər hallarda nisbi rütubət yüksək olduqda ürək-damar sistemi xəstəlikləri kəskinləşir. Qeyd etmək lazımdır ki, Abşeron yarımadasında atmosfer təzyiqi gündə 7-8 dəfə dəyişir. Hipertoniyadan və aterosklerozdan əziyyət çəkən insanlar rütubətli havaya xüsusilə həssas olur.

Tədbirin sonunda jurnalistləri maraqlandıran suallara cavab verilib.